Свобода людям, независимость нациям!

33-dən 23-ü: Qarabağ arzusu çin oldu, yolumuz Təbrizədir! FOTO

3498 10.11.2022 16:07 Колумнисты A A

Bir qərinəlik ömür...Kimlərsə düşünə bilər ki, 33 il nədir ki?.. Amma və lakin bu 33 ilə sığan hadisələrə baxın: Azadlıq və müstəqillik uğrunda meydan hərəkatı, qanlı 20 Yanvar, Qarabağ uğrunda başlanan proseslər, Xocalı soyqırımı, dövlət müstəqilliyimizin bərpası, torpaqlarımızın işğalı, Azərbaycanı tikə-parça etmək üçün çeşidli ssenarilər quranlarla gənc ölkənin mübarizəsi və ən nəhayət...

Bəli, ən nəhayət: Zəfər qazanmış Azərbaycan! Bütün bu hadisələr bir ölkənin həyatı, taleyi üçün çox ağır bir mərhələdir, şərəfli, şanlı olduğu qədər. Bütün proseslərin şahidi, iştirakçısı olmaq, tarixə şahidlik etmək, paralel olaraq tarixin bir parçasına çevrilmək, tarixi yazmaq missiyasını daşıyıb 33 yaşlı “Yeni Müsavat”. Qəzetin qurucusu Rauf Arifoğlu gənc yaşında bu qəzetin əsasını qoyanda, sovetlərin təhdidi altında, repressiya dalğasında onu meydanlarda əl-əl yayanda, Azərbaycanın işıqlı sabahlarının ilk müjdəçilərindən biri olaraq nə qədər böyük bir işə başladığının sözsüz ki, fərqindəydi. Bu yolda ölüm də ola bilərdi, məhbəs də, mühacirət də...Sonrakı dönəmlərdə ölüm təhdidləri ilə də üzləşdi, məhbəs həyatı da yaşadı. Amma mühacirəti heç zaman qəbul etmədi, çünki Vətən naminə, məmləkət uğrunda mücadilə aparmağa and içənlərdən idi. Məhbəs ömrü yaşayanda da yadellilərin məsələn, “Lefortovo”sında deyil, azad məmləkətin Bayılında cəza çəkməsinə görə daxilində şükranlığı vardı bəlkə də...

Mətbuata yeni gəldiyimdə “Yeni Müsavat”ı əlçatmaz hesab edirdim. Odur ki, əməkdaşlıq etdiyim qəzetlərin birində daxili “senzura”dan keçməyən yazımı bu qəzetə gətirəndə bir az da tərəddüddəydim. Yazını redaktora təqdim edib, getdim. 1999-cu ilin elə noyabr günlərində. Bir neçə gün sonra yazımın xəbərini öyrənmək üçün gələndə, “qardaş, sən hardasan, gəl, çıx da”- reaksiyası ilə qarşılaşdım. O gələn, gəldim. Düz 23 ildir! 33 İLİN 23-ü! Bir igidin ömrü də demək olar. “Yeni Müsavat”a gələndə 25 yaşım vardı, indi 49-a doğru gedirəm. Az qala ömrün yarısı...

“Yeni Müsavat”ın 1000-ci sayına həsr olunmuş tədbiri xatırlayıram: kimlər var idi...Bu gün QƏRİNƏ QƏZET-in 8101-ci (!) sayını hazırlayırıq!!! Azərbaycanın çağdaş tarixinin əksi olan, tarixin bir parçasına çevrilən, tarix yazan qəzetin ən azı 7 mindən artıq sayında imzası olmaq böyük şərəfdir!

Düzdür, vaxtilə qəzetimizin tirajı on minlərlə sayılırdı. Bugünki rəqəm ürəkaçıcı deyil. Ümumən qəzetlərimizin durumu yüksək fikirlər söyləməyə imkan vermir. Bəziləri düşünür ki, qəzet dövrü keçdi. Amma yox! Qəzet tarixdir, salnamədir, əbədiyyətdir! Drezden kitabxanasında saxlanılan Dədə Qorqud nümunələri internet resurslarında  yazılsa, bunca müddət qalardımı? Qəzetin varlığı üçün dövlətimizin davamlı dəstəyini də təqdir edirik, demək yazılı mətbuatın mövcudluğunun zərurəti ən yüksək səviyyədə qəbul olunur. Amma arzulayırıq ki, reklam bazarı qəzetlərin iqtisadi müstəqilliyinə imkan verəcək həddədək çiçəklənsin...

“Yeni Müsavat” qəzetinin tirajı mövcud reallıqlar səbəbindən azalsa da, vaxtilə inqilab vərəqələri şəklində yayılan bu qəzet indi “Yeni Müsavat” Media Qrupu olaraq şaxələnib, pardaxlanıb, geniş auditoriya qazanıb, tərkibində yeni saytlar yaranıb, internet televiziyası davamlı şəkildə tamaşaçıların görüşünə gəlir. Yenə də birincilər sırasında, yenə də inamla irəliyə doğru yol gedir “Yeni Müsavat!”

Bir qərinənin uğurlarından bəhs edərkən sözsüz ki, hər birimizin ürəyindən keçən budur: biz Zəfər xəbərlərini, QƏLƏBƏ sorağını qəzetimizin manşetlərinə daşıdığımız üçün xoşbəxtik! “Yeni Müsavat”ın sadiq oxucuları təsdiqləyər, Qarabağ mövzusu hər zaman önəmli yer tutub qəzetimizin gündəlik saylarında. Bir gün belə, diqqətdən kənarda qalmayıb. Gündəlik, həftəlik planlaşmalarda Qarabağ öndə gəlib! Sonda Şuşa Zəfəri, Laçın, Kəlbəcər, Hadrut, Zəngilan, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam...İşğal tarixlərindən yazmaqdan usanan jurnalistlər üçün 300-dən artıq yurd yerlərimizin 44 gün ərzində azad edilməsi xəbərlərindən yazmaq xoşbəxtliyi! Hələ Şuşadan reportaj yazmaq, Natəvan bulağından su içərək...33 illik həyatımızın BAŞ YAZISINI Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və şanlı Ordumuz yazdı! Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyilə hələ də yol gedirik, bitmiş saymırıq işimizi! Qarabağ arzumuz çin oldu, Göyçə, Zəngəzur, Təbriz, Bütöv Azərbaycan arzumuz var: manşetlərə daşıyacağımız növbəti möhtəşəm zəfər xəbərlərinin intizarındayıq! “Yeni Müsavat”ın əsas istiqamətlərindən biridir Təbriz, Güney Azərbaycan! İnşallah, Təbriz büromuz açılar...

Bizlər gəldi-gedərik, bir gün olmayacağıq, amma tarixə şahidlik edək, tarix yazan “Yeni Müsavat” yaşayacaq, gənc yazarların, sadiq oxucuların, dövlətimizin sayəsində...

İkinci qərinəyə doğru ZƏFƏR MANŞETlərimiz bol, yollarımız açıq olsun! Zəngəzur dəhlizi, Turan qapısı ilə birlikdə!

Elşad Paşasoy,
Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости