Свобода людям, независимость нациям!

2023-cü İLİN dövləti - AZƏRBAYCAN!

2874 03.11.2023 16:18 Колумнисты A A

1988-ci ilin elə bu ayında imperiyaya qarşı dirəniş göstərən, azadlıq və istiqlalını tələb edən Azərbaycan xalqı “İlin xalqı” adını qazanmışdı. ABŞ-da nəşr olunan “Newsweek” xəbər jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında Bakının şəklinin fonunda “People of the Year” (İlin xalqı) yazılmışdı. Bu gün Amerika jurnalı daxil, azad söz carçılarından, tərəqqipərvər bəşəriyyətdən, ədalət carçısı olduqlarını iddia edən təsisatlardan Bakı-Şuşa- Xankəndinin fotolarının fonunda “İlin dövləti” sərlövhəsi və təqdimatını gözləyirik haqlı olaraq...

Bəli, birinci qərinəsinə, 33-cü yaşına adlayan Azərbaycan Respublikası İLİN DÖVLƏTİ adını almağa haqq edir! Nədən? Çünki bu, gənc dövlət Müstəqilliyini bərpa etdikdən bəri, hətta ondan əvvəl də əraziləri uğrunda ölüm-qalım savaşındaydı, ən ağır dönəmlərdə belə, usanmadı, təslim olmadı, geri çəkilmədi, təbii ki, cırtdan, oyuncaq bir ölkənin qarşısında deyil, ondan maşa kimi istifadə edən güc mərkəzlərinin qarşısından. Dəfələrlə liderlər səviyyəsində bəyan olundu ki, Azərbaycanı təslimçi sülhə vadar etmək, ondan daha bir neçə rayonu qopartmaq üçün çeşidli təkliflər olub, təzyiqlər işə salınıb, “reallıqla barışması” məsləhət görülüb. İstəyirdilər ki, ötən əsrdə, o biri əsrdə olduğu kimi, bu dəfə də Azərbaycanın Xankəndi başda olmaqla, dağ Qarabağını, Kəlbəcərini, Laçınını da əbədi yağmalasınlar, xalqımızın ürəyinə 21-ci əsrin dağını çəksinlər, bu nəslin də qan yaddaşına məğlubiyyət damğası vursunlar, gözükölgəli eləsinlər, daha 50-100 il dünya içinə çıxmağa üzümüz, danışmağa sözümüz olmasın və öz içimizdə də bir-birimiz qınayaq, ittiham edək, didək, parçalayaq, beləcə kiçilə-kiçilə məhvə doğru gedək...İstək təkcə Qarabağın böyük bir parçasının qoparılması deyildi ki, bu planın arxasında sadaladığımız daha dəhşətli ssenari dayanırdı...

67d1bbd8229b8eb430e0e45f6b66f653.jpg (414 KB)

Amma çox şükürlər olsun, bacara bilmədilər, budəfəki məkrli, xain planları darmadağın edildi, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuz tariximizin şanlı səhifələrini yazdı, iki əsrdən sonra qəddimiz dikəldi, bir-birinin ardınca zəfərlər qazandıq! Bunu Azərbaycan dövləti bacardı! Özü də bir ilk oldu!

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması, bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub və bu hədəfə xalqımızı, dövlətimizi Prezident İlham Əliyev çatdırıb. Bu, bir sərkərdəlik, liderlik xüsusiyyətidir. Baxın, postsovet məkanında, dünyanın digər nöqtələrində ərazisinə qəsd edilmiş nə qədər məmləkətlər var, nə qədər ölkələr separatizmdən, terrordan əziyyətlər çəkir. Ö ölkələrdən neçəsi özünün ərazi bütövlüyünü təmin edib və TƏKBAŞINA?! Yalnız Azərbaycan! Gürcüstan, Moldova, Ukrayna kimi keçmiş müttəfiq respublikalar da çox istəyirlər Azərbaycanın keçdiyi yolu qət eləsinlər, bitsin bu dəhşətlər, amma hələ ki, alınmır.

Azərbaycan isə bacardı, özü də BMT Təhlükəsizlik Şurasının bacara bilmədiyini, Avropa Şurası Parlamenti Assambleyasının (Sərsəng qətnaməsi) bacara bilmədiyini, Avropa Parlamentinin (Ermənistana “Qarabağa əsgər göndərmə” xitablı qətnamə qəbul etmişdi) bacara bilmədiyini Azərbaycan dövləti, xalqı və ordusu bacardı! Təbii ki, asan olmadı, uzun yol keçildi...Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Qardaş Türkiyənin hərb sənayesinin mükəmməl nümunələri bu haqq savaşında harayımıza yetdi, qardaş ölkənin Ermənistanın himayədarlarına “Azərbaycan tək deyil” məzmunlu xəbərdarlığı da öz yerində...Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. 

Heç şübhəsiz ki, Azərbaycan diplomatiyası da bu prosesdə öz sözünü dedi. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, üzləşdiyi bu, ədalətsiz münaqişənin həlli üçün hüquqi bazanı hazırlamağa nail oldu. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul etdi bu illərdə. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi, təbii ki, dövlətimizin başçısının qətiyyətli mövqeyi, “ÖNCƏ QARABAĞ” şərti nəticəsində! Bu gün bir sıra paytaxtlar, beynəlxalq təşkilatlar pərt durumdadırlar, belə görünür ki, Azərbaycanın qısa müddətdə Laçın yolunun başlanğıc nöqtəsində sərhəd qapısı qoyacağını, ərazi bütövlüyünü təmin edəcəyini, Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə bayrağını ucaldacağını, bu ərazilərə böyük qayıdış istiqamətində prosesin başlanacağını güman eləmirmişlər. Bəlkə də bunun baş verəcəyini bilsəydilər, qələbələrimizi əngəlləməkdən ötrü daha çox sədlər qurardılar qarşımızda. Beynəlxalq səviyyədə ikiüzlülüyü, ikili standartları gördük və görməkdəyik hələ də. Xunta rejiminin nümayəndələri qolubağlı Bakıya gətiriləndə də heyrətləndilər həmin mərkəzlər, hətta canilərin himayəsinə qalxacaq qədər əclaflıq nümayiş etdirdilər, “əsirlərin dərhal azad edilməsi” kimi absurd, beynəlxalq hüquqa zidd tələblər, çağırışlar səsləndirdilər. Amma Azərbaycan qətiyyəti öz sözünü deyir. 30 ildən artıq müddətdə Xocalıya ədalət çağırışımıza kar olanlar, amma Qarabağ ermənilərinin guya blokada və genosidə məruz qaldığı haqda şou yaradanların qulaqlarını, gözlərini açacaq qədər dəhşət dolu həqiqətlər tirajlanır: budur, Xocalı, Meşəli soyqırımlarının iştirakçısı olmuş erməni canilər danışır, etiraf edir, üzr istəyirlər. İlahi ədalət öz yerini tapır və tapacaq, Beynəlxalq məhkəmə hələ özündə təpər tapa bilməsə də...

5f9a5fced86bdedc9a74a58006dbfdba.jpg (69 KB)

Dövlətimiz inkişafdadır, gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik məqsədilə xərclərdə artımlar olacaq, çünki revanşçı qüvvələr hələ də “bitdi” demək istəmirlər, baş qaldırmağa çalışırlar, İrəvanda təlimatlar alaraq. Odur ki, daha güclü olmalıyıq, bu günümüz və sabahımızın əmin əllərdə olması, bir daha Azərbaycanın adının torpaq itirən dövlətlər sırasında çəkilməməsi üçün! Arxayınçılıq bizə yaddır, dövlətimizin başçısı da dəfələrlə bununla bağlı mövqeyini ifadə edib. Hərbi sənayemiz də özünün inkişaf dövrünə qədəm qoyub. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu gün Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Hərbi Qənimətlər Parkında 44 günlük müharibə nəticəsində zərərsizləşdirilmiş düşmən texnikalarının sıralarına yeniləri əlavə edildi 19-20 sentyabr əməliyyatından sonra...Azərbaycan dövləti Fransa kimi qətlə yetirilən günahsız insanların kəlllərindən ibarət muzey yaratmır, düşmənə və düşmənçiliyi, işğalı təbliğ edənlərə dərs olsun deyə, qənimət texnikaları sərgiləyir!

2020-ci ilin 8 noyabrından sonra dünyanın bir çox hərbi mərkəzləri Azərbaycan ordusunun Şuşa qalasını işğaldan azad etməsinin sirrini öyrənməyə baş vurmuşdular. İstisna deyil ki, bir az sonra 30 ildən artıq müddətdə Xankəndidə kök salmış erməni xunta rejiminin kökünün qazılmasının, cəmi 24 saat da çəkməyən antiterror tədbirlərinin, nöqtəli zərbələrin sirrini öyrənmək istəyənlər də olacaq. Bu gün Qəzza ilə Xankəndinin fotolarını yanaşı görürük. Hər ikisi atəş altındaydı, amma Xankəndiyə baxın, elə bil savaşdan çıxmayıb, sağ-salamatdır. Həmçinin Şuşanın azad edilməsi əməliyyatında da ermənilərin işğal dönəmində dağıtdıqları istisna, ordumuz bir tikiliyə xətər yetirmədi.

16951295775382426327_1200x630.jpg (172 KB)

Bu, savaşın, antiterror əməliyyatının, Vətən torpağını azad etməyin Azərbaycan modelidir! Belə bir dövlətə qarşı çıxmaq, onu sanksiyalarla təhdid etmək, zəfərini görməzdən gəlmək yox, mülki insanları öldürmədən, hətta onları xuntanın, terrorçu dəstələrin, işğalçı ordunun əsarətindən xilas etməsinin yolunu öyrənmək, 21-ci əsr müharibəsi aparan Azərbaycan dövlətinin təcrübəsini tədris etmək, nümunə olaraq tribunalardan səsləndirmək lazımdır. Düzdür, dost-qardaş ölkələr, elə bu gün Astanada keçirilən Zirvədə Türk Dövlətləri Təşkilatı liderləri səviyyəsində alqış edənlərimiz də az deyil, amma ədalət anlayışını qəbul edənlər, vicdanlı yanaşanlar fərqli mövqedə olmamalıdır – Azərbaycan dövləti torpaqlarını azad edib, ərazi bütövlüyünü, suverenliyini bərpa eləyən İLİN DÖVLƏTİDİR, Ali Baş Komandan, Prezident İlham Əliyevsə hətta bunca düşmənçiliklərinə rəğmən, bəşəri prinsipləri, humanizmi, beynəlxalq və insani dəyərləri əsas götürərək mülki ermənilərin Azərbaycan vətəndaşı olaraq yaşaması üçün təminat verən ali şəxsiyyət, dövlət başçısıdır! Bu həqiqəti görməmək (nan)korluqdur, karlıqdır! Zəfər ayında 2023-cü İLİN DÖVLƏTİ təbriklərə açıqdır, kimlər haqqımızı, qələbəmizi tanıyacaqsa, xeyir tapacaq; kimlər ki, işğalın, terrorun, uşaq qatillərinin, Gəncə, Tərtər, Bərdə, Naftalanın dinc sakinlərini qana boyayanların, ölkəmizin beşdə birini mina ilə çirkləndirənlərin yanında səf tutacaqsa, Azərbaycan da onu görməzdən gələcək! Daha bu Azərbaycan o Azərbaycan deyil! Heç o birisi də! Bu, 21-ci əsrin, 2023-cü ilin ZƏFƏR DÖVLƏTİDİR!

P.S. Şuşaya getmək istəməyən səfirlər, Xankəndidəki ZƏFƏR PARADINI izləməyə nə deyirsiniz?!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости