Свобода людям, независимость нациям!

2-ci Atatürkə qarşı 3 uğursuz həmlə - 4-cü necə olacaq?

4824 01.05.2023 09:48 Колумнисты A A

Hələ 11-12 il öncə redaksiyamızda Türkiyənin daxilində gedən prosesləri yaxından, öz ölkəmizin məsələsi imiş kimi izləyir, saatlarla müzakirə edirdik. Bir məsələdə fikirlərimiz həmişə toqquşurdu.

Bəzi dostlar baş nazir Rəcəb Tayyib Ərdoğanın yeritdiyi siyasəti ikiəlli dəstəkləyir, bəziləri isə ölkənin hərbi eltasının önəmli simalarının həbs edilməsini yanlış sayırdı.

İkincilərə görə, bu demokratiyaya zidd idi və Türkiyədə teokratik rejim qurmaq istəyən qüvvələrin, ABŞ-ın Pensilvaniya ştatında krallar kimi yaşayan və öz ölkəsinə eynilə 1979-cu ildə İrana dönən ayətullah Ruhulla Xomeyni kimi qayıtmağı düşünən Fətullah Gülənin layihəsiydi.

Birincilər isə iddia edirdilər ki, nəhayət, Türkiyədə hərbçilərin qeyri-rəsmi hakimiyyətinə son qoyulmalıdır, onlar hər istəyəndə hərbi çevriliş həyata keçirə bilməməlidir, mülki siyasilərin ultimatumla (mühtira) istefaya vadar edilməsi ənənəsi bitirilməlidir.

Qəribə olan o idi ki, NATO üzvü olan dövlətin ordusunun rəhbərlərini, o cümlədən ordunun baş qərargah rəisi İlkər Başbuğun həbsə alınması məhz ABŞ-dan verilən göstərişlə baş tutmuşdu. Bu, necə iş idi ki, prinsipcə, həm də NATO-nun kadrı olan bir nüfuzlu generalı NATO-da əsas söz sahibi olan dövlətdən gələn əmrlə qandallayırdılar?

Tutulanlar təkcə hərbçilər deyildi, Türkiyənin fikir babaları – Mehmet Haberal kimi görkəmli alim və universitet rektoru, Türkan Saylan kimi tanınmış insan haqları müdafiəçisi, məşhur yazıçı-jurnalistlər, vəkillər və vətənpərvərliyinə heç bir şübhə olmayan şəxslər də həbsə alınmışdı.

gezi-parki-56_16_9_1559291501.jpg (98 KB)

Bir gün gözlənilmədən və demək olar ki, heç nədən Türkiyədə ortalıq qarışdı. İstanbulun Bəyoğlu rayonunda yerləşən “Gəzi parkı” adlanan istirahət parkının bir tərəfində aparılacaq inşaat işləri əvvəlcə həmin həndəvərdəki insanların etirazına səbəb oldu, sonra rayonun, daha sonra bütün İstanbulun əhalisi ayağa qalxdı, ardınca Türkiyənin hər yerindən, hətta xarici ölkələrdən də gəlib bu hərəkata qoşulanlar oldu. Bir neçə günün içində adi bir tikinti işi böyük bir anti-Ərdoğan koalisiyasının qurulmasına “səbəb oldu”. Əslində isə bu, leqal müxalifətlə gizli müxalifətin işbirliyi idi və müqavimət hərəkatına Avropa ölkələri də dəstək verirdi. Böyük gərginlikdən, lokal toqquşmalardan, iqtidarın əl atdığı sərt tədbirlərdən sonra “Gəzi üsyanı” yatırıldı və cənab Ərdoğan bunu kimlərin təşkil etdiyini barmaq tuşlayaraq, ittiham edərək göstərdi.

1725-2.jpg (80 KB)

Həmin ilin dekabrında isə, sonradan adı FETÖ qoyulan gizli təşkilatla, “dövlət içində dövlət” qurmuş şəbəkə ilə baş nazir Ərdoğana sadiq komandanın arası dəydi. Onlar az qala Ərdoğanı devirəcəkdilər. 17-25 dekabr (2013) arasında Türkiyədə baş verən hadisələr müasir Türkiyə tarixinin daha bir dönüş nöqtəsi oldu. Fətullah Gülənin komandası ilə Ərdoğanın komandasının yolları ayrıldı. Birincinin səfində ölkə prezidenti, baş nazirin müavini, nazirlər, çoxsaylı, prokurorlar, hakimlər, iş adamları, böyük məmur ordusu vardı. İkincinin əlində isə hakimiyyət komandası və bütün inzibati resurslar cəmləşmişdi. Bir neçə nazirini qurban verən Ərdoğan bu "ütü"dən salamat sovuşdu və qalib gəldi.

Bundan sonra həbsə alınan generallar, ziyalılar, keçmiş prokurorlar, vəkillər azadlığa buraxıldılar. Həbsdən azad olunanların bəzilərinin Ərdoğanla görüşü və onların mövcud hakimiyyətə qarşı müxalifətdə olmaması ondan xəbər verirdi ki, azad edilənlər onları əslində kimin və nə üçün qandallatdığını bilirlər.

trtworld-nid-281358-fid-317666-mr.jpg (51 KB)

Bu qüvvələr arasında növbəti toqquşma 2016-cı ilin 15 iyulunda baş verdi. Türkiyə növbəti NATO çevrilişinin, prezidentə sui-qəsdin astanasından döndü və ondan sonra artıq “kim kimi” savaşı daha açıq müstəviyə çıxdı.

Türkiyədə neo-islamçı rejim qurmaq istəyənlərin planı alınmadı. Türkiyə rəhbərliyi dövlət mevriıişi çəhdini ABŞ-dan gördü, bu ölkədən Fətullah Güləni tələb etdi, Ağ Ev təriqət şeyxini verməyincə, öz kartını açmış oldu. Ondan sonra Ərdoğan hər fürsətdə ABŞ-ı tənqid etdi, onun regiondakı avantüralarına dəstək vermədi. Ağ Ev administrasiyası da AKP komandasına düşmən kəsildi. Bəzən bu iki hərbi və strateji müttəfiqin münasibətləri o qədər kəskinləşirdi ki, kənardan bir-birinə düşmən olan iki ölkənin münasibəti kimi görünürdü.

1678964105_1678963208_thumbs_b_c_2382b5deadfce423e9f88cba2a4dec91-1.jpg (263 KB)

Məhz 2016-cı ildən sonra Ərdoğanın rəhbərliyi etdiyi Türkiyə üzünü illərlə qapısında qaldığı və qəbul edilmədiyi Avropadan döndərdi, ABŞ-dan asılılığı sıfıra endirdi. Bu, NATO-ya daxil olduqdan sonra Türkiyənin ABŞ və Avropaya qarşı etdiyi ilk “dikbaşlıq” idi. Türkiyə məcburiyyət qarşısında qalaraq Rusiya və postsovet ölkələri ilə münasibətləri ilıqlaşdırmağa başladı və buna xeyli dərəcədə nail oldu.

Daxili siyasətdə MHP ilə yaxınlaşan AKP anons edib afişa vurmasa da, onun ideyalarına, xüsusilə də türk dövlətləri ilə yaxınlaşma, çulğaşma kursuna dəstək verdi. MHP qeyri-rəsmi olsa da, hakimiyyət partiyasına çevrildi.

Türkiyə 15 may seçkilərinə bu mühitdə gedir. Bir tərəfdə Türkiyənin yenidən qazanmaq, daha dəqiqi, onu yenidən ram edərək, öz qapısının ağzında əmrə müntəzir halda qoymaq istəyən ABŞ və Avropa, eləcə də onların dəstəklədiyi koalisiya, digər tərəfdə heç bir dövlətdən asılı olmaq istəməyən, türk dövlətlərinin birləşməsi yolunda ciddi səylər göstərən qüvvələr var.

1428786536.jpg (14 KB)

Prezident Rəcəb Tayyib Ərdoğan son 110 ildə Mustafa Kamal Atatürkdən sonra Türkiyənin yetişdirdiyi ən böyük siyasi xadim, ən iradəli və uzaqgörən siyasi liderdir. Türkiyənin yadellilərin asılılığından ikincə dəfə məhz o, azad edib.

İndi bu işin davamlı olması lazımdır. Bu gün Türkiyədə gedən davanın adı demokratiya və avtoritarizm savaşı deyil, neoimperialistlərin regionda möhkəmlənməsi uğrunda apardıqları mübarizədir. Türkiyədə hakimiyyət dəyişikliyi istəyənlərin qarınağrı heç də Türkiyədə Qərb demokratiyası bərqərar etmək deyil. Dünyanınqüdrətli paytaxtlarının baş ofislərində oturub “Ah, necə edək ki, türk xalqı xoşbəxt olsun, firavanlıq içində yaşasın” deyə düşünmürlər, düşünürlər ki, necə etsinlər, Türkiyədə hakimiyyətə sözəbaxan adamlar gəlsin. Dərd demokratiya dərdi olsaydı, onlar 2016-cı ildə Türkiyədə İran və Səudiyyə Ərəbistanındakı kimi teokratik rejim qurmaq istəyənlərə dəstək verməzdilər. Məhz həmin qüvvələrin iradəsi ilə yüzlərlə görkəmli şəxs heç bir günahları olmadığı halda həbsə atılmışdı və onların hüquqları kobudcasına pozulmuşdu.

Biz Türkiyədəki seçkiyə ona görə bunca həssas yanaşırıq ki, Qərb dövlətlərinə “könül verən”lərin, onların dəstəyinə ümid bəsləyib umsuq olanların aqibətini görmüşük. Bilirik ki, qərblilər dəstəklədikləri qüvvələri lazım gələndə öz maraqları naminə qurban verə bilirlər – təki öz maraqları təmin olunsun.

860327.jpg (88 KB)

Üstəlik, Türkiyədəki hakimiyyət dəyişikliyinin bizə necə baha başa gələcəyini ölkəmizdəki politoloqlar da, xaricdə yaşayan ekspertlər də, hətta erməni siyasətşünaslar da çox dəqiqliklə hesablayıblar. Hər kəs bilir ki, Ərdoğanın rəqibləri hakimiyyətə gəlsə, Türkiyə Qarabağ məsələsində Azərbaycanı əvvəlki kimi dəstəkləməyəcək, 2010-cu ilə qədərki siyasi xəttinə qayıdacaq, bitərəf qalmağa çalışacaq. Nəticədə Azərbaycan ABŞ-Fransa-Hollandiya-Almaniya-Rusiya koalisiyasının dəstəyini alan Ermənistanın qarşısında təklənəcək.

Bəs Türkiyə xalqının istiqbalı necə olsun? Belə bir fikir var ki, Türkiyənin irəli getməsi üçün hakimiyət dəyişikliyi olmalıdır, yoxsa Türkiyə bədbəxt olacaq.

Hakimiyyət dəyişikliyi olsa, Türkiyə dərhal xoşbəxt olmayacaq, amma Azərbaycan bədbəxtliyə düçar olacaq. Ərdoğan yenidən prezident seçilsə, Türkiyə bədbəxt olmayacaq, amma Azərbaycan xoşbəxt olacaq. Hər iki ölkənin xoşbəxt olması isə bir-biri ilə kürək-kürəyə verərək imperialist qüvvələrə, Türkiyəni və Azərbaycanı parçalamaq istəyənlərə dirəniş göstərməkdən keçir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости