Свобода людям, независимость нациям!

193 ərazi bütövlüyü prinsipi

1753 04.12.2022 22:53 Колумнисты A A

Fransa prezidenti Emmanuel Makron ABŞ səfərinin yekunlarıyla bağlı TF1 telekanalına intervüsündə deyib: “Hazırda Ukraynada BMT nizamnaməsinin prinsipləri, yəni, ərazi bütövlüyü və milli suverenitet təhlükə altındadır. Yaxın həftələrdə biz Ukraynanı, onun elektrik şəbəkələrini qorumalıyıq”. Və sairə və ilaxır.

Maraqlıdır, görəsən BMT-nin neçə nizamnaməsi var? Fransa üçün bir, Ukrayna üçün ayrı, Rusiya, Ermənistan, Azərbaycan üçün də fərqli nizamnamələr qayırılmışdırmı?

Hazırda BMT-nin 193 üzvü var. Güman edirəm nizamnamələrin sayı da 193-dür. Başqa cür mümkün deyil. Çünki reallıq belə göstərir.

Məsələn, hazırda Fransa Azərbaycana qarşı açıq düşmənçilik mövqeyinə keçib. Həm qanunverici, həm icraedici orqanlardan Azərbaycanın ərazi bütövlüyünə təhdidlərin biri bir sentdir. Şəxsən mən bir Fransa, fransız mədəniyyəti aşiqi olaraq bu durumdan xəcalət çəkirəm. Fransa prezidenti aşkar şəkildə Azərbaycanın ərazisində oyuncaq, ikinci erməni dövlətinin yaradılmasına dəstək olmaqdadır. Yəni, o hərəkəti ki, Rusiya Ukraynaya qarşı törədir, Fransa da Azərbaycana qarşı törətməkdədir. Bəxtimiz gətirib, Türkiyə kimi müttəfiqimiz, əsas dövlətimiz var, yoxsa fransızlar ruslarla bərabər indi Xankəndində oturub bizə kefləri istəyən şərti diqtə eləyərdilər.

Rusiyanı təndiq edərkən Makron güzgüdə özünə baxsa Putinə nə qədər oxşadığını görərdi. Axı niyə o fağır ərazi bütövlüyü prinsipi Azərbaycana çatanda fransızların yadından çıxır? Yəqin yuxarıda yazdığım kimidir: ərazi bütövlüyünün çoxlu növləri var. 193 dənə ərazi bütövlüyü. 193 cür milli suverenlik üsulu. 193 tipdə siyasi xəritələr. 193 şəkildə insan haqları prinsipləri. Allah Oruellə rəhmət eləsin: “Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər!” Ya da bir köhnə, saqqallı lətifədəki vəziyyətdir: “Timsahlar uçmur, ancaq müdir deyirsə yəqin uçurlar, sadəcə, bir az alçaqdan uçurlar”.

Bəlkə BMT nizamnaməsinə “Dörd ayaq yaxşıdır, iki ayaq pisdir” yazmağın zamanı çoxdan çatmışdır? (Bunun özü də maraqlı paraleldir ki, Fransa prezidenti, Oruellin başqa populyar əsərindəki Emmanuel Qoldşteyn obrazının adaşıdır).

Əlbəttə, mənə bu dəqiqə bəyənmədiyim hökumətə qoşulub Fransanı tənqid eləmək xoş deyil, ancaq nə edək, fikirlərimiz bu məqamda üst-üstə düşür. Ona görə demokratik hərəkatda, insan hüquqlarında, beynəlxalq normalarda ikili standartlara yol vermək olmaz. Bunun axırı yaxşı qurtarmır. İkili standartlar, prinsipsizlik sonucda yüz minlərlə insanın qaçqına dönməsinə, on minlərin ölümünə gətirir. Bu gün rusların Ukraynanı qana bələməsində elə həmin Qərbin uzun illər Putinin nazıyla oynaması böyük rol oynamayıbmı? Camaatın ərazisini işğal edirdilər, guya tanınma nişanı olmayan əsgərləri yeridirdilər, sanki bunlar Marsdan gəlmişdilər – almanlar, fransızlar, amerikalılar isə susurdular, hətta yazıq ukraynalılar üçün axmaq bir Minsk razılaşması, faktiki təslimçilik aktı qayırmışdılar. Necə ki, hələ 1990-cı illərdə bizim ərzi bütövlüyümüz cırıq-cırıq ediləndə onlar Minsk qrupu adlı oyuncaq idarə düzəldib 27 il başımızı piylədilər.

Ziyanın harasından qayıtsan, xeyirdir. Bu mənada, Qərbin indi Ukraynaya dəstək verməsi alqışa layiqdir. Ancaq hiss olunur yenə orda saman altdan su yeridən qruplar var. Rusiya Ukraynanı raketlərlə açıq terror edir, “dediyimlə razılaş, danışıqlara gəl, yoxsa ərazində bir salamat transformator, bir dik işıq dirəyi də qalmayacaq” şantajını işə salıb. Və Ukraynanın istədiyi hərbi yardımların, hərbi sursatın günlərlə, qəsdən gecikdirilməsi söhbətləri yaranıb. Qərbdə bəzilərinə Rusiyanın uduzması sərfəli deyilmiş. Çünki bundan sonranı proqnozlaşdıra, planlaşdıra bilmirlərmiş!

Təsəvvür edin. İnsanlar bu gün, bu anda ev-eşikdən məhrumdur, donub ölürlər, rus bombaları altında qırılırlar. Bunlar isə sabah nə olacaq, onu planlaşdırmaq fikrindədir. Hələ gülməli arqument tapıblar: “Demokratiyada qərarlar bir anda verilmir, uzun müzakirələr lazımdır”.

Məsələn, 27 il...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости