Свобода людям, независимость нациям!

19 il əvvəl “müxalifətçisiniz” deyə baş yaranların dəyişməsi

2277 15.10.2022 18:30 Колумнисты A A

Bir siyasət söhbəti var, amma məcburam ona futbol xəbərindən girəm. Çünki çox uyğun gəlir.

Xəbər belədir ki, İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldo İspaniyanın "Barselona"sına keçə bilər. "The Sun" qəzetinin iddiasına görə, portuqaliyalı hücumçunun agenti (yəni prodüseri, yoxsa ruscadakı dişi it nəzərdə tutulmur) Jorje Mendeş Mançesterdəki restoranların birində Kataloniya klubunun nümayəndələri ilə görüşüb, yeyib-içib.

Mendeş elə adamdır ki, hər kəslə oturub yeyib-içməz, demək, mütləq bu işin altında 10-15 milyonluq alış-veriş var.

Xüləs, söhbəti çox yaymayaq, bilənlər bilir, bilməyənlər də bilsin ki, vaxtilə Madridin “Real” klubunda oynamış birinin “Barselona” klubuna keçməsi (eləcə də əksinə) dünyanın ən yekə, ən qatı xainlik sayılır. Hesab edin ki, “Qarabağ”ın Zubiri sabah İrəvanın “Ararat”ına keçir. O vaxt Fiqu “Barsa”dan “Real”a keçmişdi, Barselonada oynamağa gələndə bütün stadion yazığı ala şalvar edir, eyzən fitə basırdılar. Günü bu gün də Fiqu çıxıb Barselonada cangüdənsiz gəzsə tutub döyərlər, ya da küçədə hamı onun üzünə “xain, satqın” qışqırar.

Ronaldo “Barselona”ya keçsə aqibəti elə olacaq. Heç kəs deməyəcək ki, bu futboldur, adam da peşəkardır, kim çox pul verirsə, xətrini əziz tutursa, orada oynamalıdır.

Əslində, dünyanın hər yerində belə məsələlərə pis baxırlar. Sanki dini sektaya girmisən, oradan ancaq meyidin çıxa bilər, sona qədər sadiq qalmalısan.

Hələ idmanda bir təhəri var, siyasətdə daha betərdir.

Bu gün bir simsar adam qəzetimizin əsas yazısını nəzərdə tutaraq deyir ki, ey gidi dünya, 19 il əvvəl oktyabrın 15-də nə yazırdınız, indi nə yazırsınız...

Baxırsan ki, adam düz deyir, 19 il əvvəl 15 oktyabrda yazdığımızla indi yazdığımız daban-dabana ziddir. Amma belə bir məşhur kəlam da var, deyirlər, bir ölülər, bir də dəlilər fikirlərini dəyişmirlər.

Bu 19 ildə nəinki körpünün altından çox sular axıb, ümumiyyətlə, paytaxtda 15-dən artıq körpü, tunel, yolötürücüsü tikilib, hamısının altından da çox su axıb.

Yəni çox şey dəyişib. O vaxt Şuşaya gedə bilmirdik, indi gedə bilirik və bu, çox böyük nailiyyətdir.
Həm də bu 19 ildə sektasını, komandasını, liderini, fikrini, qənaətini, mövqeyini, ölkəsini, villalarını, ciplərini, məşuqələrini dəyişənlər çox olub.

Məsələn, 19 il öncə Səfər Əbiyev adlı bir müdafiə naziri vardı, əslində hansısa hərbi hissədə təsərrüfat işləri üzrə müavin olmalı adamıydı, orduya ayrılan pulları sümürürdü, indi ölkəsini dəyişib, xaricdə kef edir.

Ölkəni faktiki olaraq idarə edən Ramiz Mehdiyev keçirilən seçkiləri necə lazımdır, düzüb-qoşurdu, komandası qalib gəlirdi, indi sinninə baxmayaraq, baş müxalifətçidir.

Səhiyyə naziri Əli İnsanov vardı, deyirdi, YAP-ın hakimiyyəti əbədidir, sarsılmazdır, amma 13 il türmədə yatandan sonra fikrini dəyişdi, gedib bir vaxtlar “faşist” dediyi siyasilərlə üzbəüz oturub müzakirə apardı.

YAP-ın ikinci adamı Əli Nağıyev vardı, nazir idi, deyirdi, YAP-a rəqib görmürəm, indi ta elə demir, oturub guşənişinlik edir.

Deputat Rza İbadov vardı, az qala hər həftə “Nəzər nöqtəsi” tok-şousuna çıxıb Çin filosoflarından sitat gətirə-gətirə müxalifəti asıb-kəsirdi, sonra xaricə qaçdı, müxalifətçi oldu.

İş adamı Hüseyn Abdullayev vardı, deputat olmuşdu, müxalifət liderlərini və fəallarını mitinqdə döydürürdü, hədələyirdi, sonra başına torba salıb döyə-döyə içəri saldılar, buraxdılar, qatı müxalifətçi oldu, yenidən tutdular, indi yenə içəridədir.

Nəqliyyat naziri Ziya Məmmədov vardı, ölkənin yarısının yiyəsiydi, “qoçuları” hər gün yollarda taksi sürücülərini döyürdü, baş nazir olmaq istəyirdi, indi öz rayonunda ferma açıb, siyasətə də qarışmır, özünə qarşı münasibətdən narazıdır.

Deputat Gültəkin Hacıbəyli vardı, mitinqlərdə öz gənc liderini və hakim partiyanı tərifləyib göyə qaldırırdı, indi ölkənin ən barışmaz müxalifətçilərindəndir.

Səfirlər vardı, MTN, DİN, gömrük, ədliyyə generalları, İH başçıları vardı, mövcud iqtidara görə öz qanlarını qaşığa qoyurdular, rəqiblərinin qanını Lökbatanda partlayan su borusunun seli kimi axıtmağa hazır idilər, indi orda-burda “məyusuq, peşmanıq” deyirlər.

19 il əvvəl qələbə münasibətilə şampan partladanların bir xeylisi bu gün kədərindən viski içir. Yüzlərlə belə adam sayaram. Əsl dəyişmə budur. 

Bir yuxarılarda deyil, aşağılarda da fikri və mövqeyi dəyişənlər çoxdur. “Qutuları elə doldurduq, protokolu belə yazdıq” deyə bu sətirlərin müəllifinə acıq verənlər vardı, hazırda xeyirdə-şərdə rastlaşanda öz əliylə seçdiyi hökuməti pisləyir, hələ bizi də qımayır ki, niyə o vaxtkı kimi yazmırsız, mövqeyinizi dəyişmisiz.

Deyirəm, sən də mövqeyini dəyişmisən axı, o vaxt qatı iqtidarçı idin, indi hər axşam Qurban Məmmədova baxırsan və ümid edirsən ki, payızda hakimiyyət dəyişəcək.

Yəni bu işlər belədir – hamı və hər şey dəyişir. Əbədi qalan Everestdir, ona da etibar yoxdur, bir də görəcəyik, vulkan püskürdü, zəlzələ oldu, zirvəsindən bir qaya uçub çayın qabağını kəsdi, yeni bir göy göl əmələ gəldi.

P.S. Ola bilər ki, Ronaldo “Barsa”ya keçsə, “Real” da acığa gedib PSJ-dən Messini alacaq ki, Barselona və Madriddə söyüşmə davamlı və qarşılıqlı olsun.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости