Свобода людям, независимость нациям!

150 illik mübarizənin baş kəndi - Azərbaycan mətbuatında Şuşa izi

1443 22.07.2022 18:05 Колумнисты A A

("Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun Şuşadakı Beynəlxalq Media Konfransında çıxışının tezisləri)

-Azərbaycan mətbuatında Şuşa izi axtarsanız, görəcəksiniz ki, hələ 1875-ci ildə ‘’Əkinçi’’ qəzeti nəşrə başlayandan bu izlər şriftlər şəklində mətbu tariximizə həkk olunub.

- ‘’Əkinçi’’də və onun ardınca (iki il sonra) nəşrə başlayan ‘’Ziya’’ qəzetində Şuşa haqqında yazılar sıx deyil, son 30 ildəki və xüsusən də günümüzdəki kimi, Şuşa mərkəzi mövzu deyil. Əsasən Şuşa camaatının problemlərindən, dərdlərindən, sıxıntılarından, onları düşündürən bir sıra məsələlərdən bəhs olunur. Yəni əsasən məişət xarakterli yazılardır, lakin 1800-lərin Şuşası, xalqın məişəti və problemləri haqqında yaxşı təsəvvür yaradır.

***

- İrəliləyən zamanda mənzərə dəyişir. Daha sonra nəşrə başlayan “Həyat” və “İrşad” kimi indi hər bir qəzetçinin tarixini bildiyi qəzetlər, eləcə də “Molla Nəsrəddin” və “Füyuzat” kimi jurnallar Şuşa mövzusuna daha geniş ver verirdi. Artıq zaman 1905-1906-cı illlərdir! Mətbuat səhnəsinə Əhməd bəy Agayev, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə kimi nəhəng mütəfəkkirlər çıxıblar və adları çəkilən media quruluşları onların rəhbərliyi ilə dərc olunur. Və Şuşa haqqında yazılardan artıq barıt, qan, fəlakət qoxusu gəlməkdədir.

294950710_5453621227994327_8793434433546635218_n.jpg (74 KB)

 ***

- Azərbaycan mətbuatında Şuşa izi axtarışları ortaya qəribə oxşarlığı da çıxardır. Bu da erməni təxribatlarının ssenari oxşarlığıdır. 1905-06-cı illərdə Şuşada həyata keçirilən "əməliyyat"tla 1988-ci ildə Sumqayıtda yaşanan hadisələrin heyrətamiz identikliyi müşahidə olunur. Ötən əsrin əvvəllərində - 1905-ci ildən Qarabağda başlayan və müəyyən fasilələrlə, 20-ci illərə qədər davam edən erməni təxribatları, soyumuza qarşı həyata keçirilən qətliamlar Sumqayıt hadisələrində olduğu kimi, eyni sxem üzrə start götürüb. Ermənilər özlərindən birini öldürüb, bunu Şuşanın türk əhalisinin üzərinə ataraq, münaqişə başlatmış, bununla da ‘’Böyük Ermənistan’’ adlı xəyali və fəlakətli layihənin səhnəyə çıxmasına imkan açmışlar.

Eyni ssenari-sxem Sumqayıt hadisələrində də təkrarlandı. Özləri bu prosesi başlatdılar, təxribat və qətl törətdilər, havadarlarını arxalarına alıb, Azərbaycana qarşı savaş açdılar.

***

-Mətbuat tariximizə dair məlumatlara əsasən, 1920-ci ilə qədər Azərbaycanda ümumilikdə 400-dən artıq müxtəlif tipli dövri mətbuat orqanları fəaliyyət göstərib. Həm bu qəzetlərdə, həm də xüsusilə 1918-ci ildə yaradılan “Azərbaycan” qəzetində Şuşa mövzusu davamlı özünə yer alıb. Xüsusiilə 1918—1920-ci illərdə Qarabağda və Şuşanın özündə baş verən qanlı olaylar, müharibə və erməni xəyanətləri əsrin əvvəllərindəki qəzetlərdə öz əksini və izini çox geniş buraxıb.

294872434_5453621157994334_7261114384359452701_n.jpg (83 KB)

 ***

-‘’Azərbaycan’’ qəzeti Qafqaz İslam Ordusunun bölüklərinin Şuşada olduğu dönəmlərdə (1918-19), Qaladan hazırladığı reportaj və xəbərlər tarix, nümunə və məlumatlılıq baxımından fövqəladə əhəmiyyət kəsb edir. Bu qəzetin rus dilli versiyasına bir zaman sonra rəhbərlik edəcək şuşalı Xəlil İbrahimin fəaliyyəti və yazıları olduqca diqqətə və hörmətə layiqdir.

***

-1987-ci ildə təkrar partlaq verən erməni iddiaları Xankəndini, Şuşanı və bütövlükdə Qarabağı yenidən Azərbaycan ictimaiyyətinin, TV və mətbuatının mərkəz məntəqəsinə gətirdi. 1988-1991-ci illərdə sovet hakimiyyətinə və kommunizm ideologiyasına qarşı fəaliyyətə başlayan ‘’samizdat’’ mətbuatımız da Qarabağ, erməni təxribatları, SSRİ-nin rəhbərlərinin ermənipərəst mövqeyi, xalq hərəkatı, müstəqillik ideyası və başqa mövzuları əsas kontent etməkdə idilər. Əsrin əvvəllərində olduğu kimi, indi də rus-erməni dualizmi Qarabağı təhdid edir, işğal altına alır, əhalimizi terrora və vəhşi hücumlara məruz qoyurdu. Bütün bunlara qarşı xalqı məlumatlandırmaq, yönləndirmək və hazırlamaq iki platformanın üzərinə düşürdü – Meydan mitinqlərinin və yeni yaranan samizdat medianın. "Yeni Müsavat" qəzeti də belə bir zərurətdən - kommunist təbliğatından, qəzet və informasiya sistemindən kənar, alternativ informasiya qaynağı yaratmaq zərurətindən doğdu.

294545786_5453621277994322_6434954609056919900_n.jpg (82 KB)

 ***

-1988-91-ci illərdə və ondan sonra yaranan media quruluşlarında Şuşaya dair xəbər və reportajlar çox təəssüf olsun ki, elə əsrin əvvəllərindəki kimi, qara xəbərlər, məğlubiyyət reportajları və yazıları olmuşdur. Azərbaycan mediasının üzərinə çökən qara sis, ağı janrı, məğlubiyyət tarixlərinin (Qarabağ rayonlarının işğal altına düşmə tarixləri) az qala milli yaddaş - ideologiya kimi təbliğatı düz 27 sentyabr 2020-ci ilə qədər davam edib. Biz Qarabağdan - Şuşadan, Zəngilandan, Laçından, Ağdamdan, Qubadlıdan, Düzulidən, Cəbrayıldan reportajlar hazırlamaq üçün ... Şəhidlər Xiyabanına gedirdik. Bu bölgələrin işğal tarixlərində Xiyabana yığışan qaçqın əhalidən, QAT üzvlərindən müsahibələr alır, onlarla Qarabağın yerini doldururduq. Ya da qaçqın düşərgələrindən, yataqxanalarından... reportajıar hazırlayırdıq... İndi isə Qarabağın ən yüksək zirvəsində - Şuşanın özündəyik.

***

-Bu gün burada – Şuşada Milli Mətbuatımızın 147-ci ildönümünü qeyd edirik. Qürurlu və xoşbəxtik. Bunun üçün Şəhidlərimizə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki müzəffər ordumuza, həm də və əsasən xalqımıza borcluyuq. Məhz Xalq-Ordu– Cəmiyyət-Media -Komandan amilərinin uğurlu kombinasiyası nəticəsində artıq 21 aydır üzümüz gülür, qürurla zəfərimizdən, Ordumuzdan, uğurlarımızdan yazırıq.

***

- 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, xalqının olduğu kimi, mətbuatının da həyatında həlledici və möhtəşəm amil oldu. 30 ildir məğlub durumda olan Azərbaycan yeni bir dönəmə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda zəfər çalmamız, xüsusi ilə Şuşanı Azərbaycana qaytarmamız Azərbaycan mediasını da bütün anlamlarda canlandırdı, yenilədi, böyütdü. Azərbaycan mediası 27 sentyabrdan başlayaraq, yeni bir mediadır, zəfər xəbərləri, azad olunan torpaqlardan reportajlar, filmlər hazırlayan, 30 illik məğlubiyyət dönəmindən sonra qalibiyyəti həyat iksiri kimi yaşayan, informasiya müharibəsində dövlətinin və prezidentinin yanında olan əsl 4-cü hakimiyyətdir.

***

-Bu xoşbəxt günlərə gəlməmiz üçün düz 34 ildir bir xalq olaraq mübarizə, müharibə apardıq. Çoxlu şəhid verdik, göz yaşı tökdük, torpaqlarımız yağmalandı, şəhərlərimiz bombalandı, dağıdıldı, kəndlərimiz viran qoyuldu. Ermənilər tərəfindən türksoylu olaraq, daha bir soyqırıma məruz qaldıq. 100 minlərlə vətəndaşımız öz yurdundan-yuvasından, elindən-obasından didərgin düşdü. Minlərlə soydaşımız Qarabağa həsrət şəkildə, qaçqınçılıqda dünyasını dəyişdi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı, onun dövləti, liderləri məğlubiyyət və işğalla barışmadılar, təslimiyyət əhvalına girmədilər. Mübarizə aparıldı, müharibə aparıldı, nəhəng bir milli proses aparıldı! Bu müharibə və mübarizənin içərisində isə Milli Mətbuatımız hər zaman oldu. Hansı siyasi düşərgəyə dəstək verməsindən asılı olmayaraq, Azərbaycanın yeni dövr mediası da sələfləri kimi, Qarabağ, Şuşa və torpaqların bütövlüyü məsələsində hər zaman öz dövlətinin yanında, ümumi düşmənin qarşısında oldu.

***

-Son iki ildə Azərbaycan mətbuatında Şuşa izi son 150 ildəkindən ciddi şəkildə fərqlənir. Azərbaycan 150 illik ‘’Böyük Ermənistan’’ aqressiyasını dayandıra, ikinci erməni dövləti yaratma cəhdlərinin qarşısını ala, bu xəstə iddiaları əhəmiyyətli şəkildə sarsıda bilib.

294876992_5453621141327669_4325716290206930369_n (1).jpg (76 KB)

 ***

Biz indi Şuşada ‘’Xarı bülbül’’ festivalından, beynəlxalq tədbirlərdən, parlamentin Şuşada keçirilən iclaslarından, xarici qonaqların ziyarətlərindən, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsindən yazır, yaradır, xəbərlər yayırıq. Azərbycan mətbuatının hazırkı nəsli bu baxımdan son 150 ilin ən xoşbəxt nəslidir. Bu yazı və reportajların, filmlərin hazırlanmasında iştirak etməmiz də bizlər üçün Allahın lütfüdür.

***

-Şuşa demək, Topxana meşəsi deməkdir, Xankəndinin üstü, Qarabağın zirvəsi, Azərbaycanın mənəvi paytaxtı deməkdir. Şuşa demək – Qarabağ uğrunda mücadilənin başlanğıc nöqtəsi deməkdir. Biz indi burada - hər şeyin başladığı və eyni zamnda da, Vətən müharibəsi timsalında, çox şeyin bitdiyi yerdəyik. Müharibənin gedişində Prezident, Ali Baş Komandan İlham Əliyev necə deyirdi? Gəlin xatırlayaq – o qısa, lakin dərin və strateji postulatı: “Şuşasız olmaz, Şuşasız bizim işimiz yarımçıq qalacaq …” Çoxları üçün bu hədəf həmin zamanlarda mümkünsüz, hərbi nöqteyi-nəzərdən isə tamamilə imkansız görünürdü!

***

-Lakin o möcüzə oldu - Azərbaycan ordusunun Ali Baş Komandanı və xüsusi təyinatlıları, digər qoşun növlərinin təmsilçiləri hərb tarixində nadir nümunə olan Şuşa fəthini gerçəkləşdiridilər və az sonra İlham Əliyev Azərbaycana duyurdu, Türk dünyasına səsləndi! ‘’Əziz Şuşa, sən azadsan’’!

***

-Azərbaycanın Şuşa zəfəri, Şuşanın erməni işğalçılarından azad edilməsi türksoylular və Azərbaycan xalqları üçün dünyanın ən üstün möcüzəsidir.

***

-Azad Şuşamızdan dünyaya və mediamızın işıqlı gələcəyinə salam olsun.

22 iyul, 2022-ci il, Şuşa şəhəri

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости