Свобода людям, независимость нациям!

Zəncir hadisəsi

“Qonşunun dərdi evin damına düşən yağış kimidir”

(Avar ata sözü)

Deyir, azərbaycanlılar zəncirvari şəkildə bir-birinin əlindən tutaraq dənizdə batan adamı xilas ediblər. Fantastik hadisədir. İlin hadisəsi sayılmalıdır. Dərsliklərə salınmalıdır. Hətta lazım gəlsə bulvarda bunun heykəlini düzəltmək üçün Ömər müəllimə dövlət sifarişi verilməlidir.

Açığı, mən qabaqca o qədər də inanmadım, fikirləşdim yenə cüvəllağı müxbirlər hansısa başqa məzmunlu xəbəri bizə sırıyırlar. Son dövrlər milli mediamızda bu, geniş tətbiq edilən üsuldur. Görürsən başlıq qoyub: “Gəlin əmisi oğlunun bacanağı ilə...” Böyük maraqla, həvəslə linki tıklayırsan, ya da tıkkıldadırsan (baxır klaviaturanın mərifətinə), oxuyursan. Məlum olur gəlin həmin tiplə AMEA-da hansısa elmi kəşfə imza atıbdır. Belə çox adi, ölkəmiz üçün maraqsız söhbət... Yaxud baxırsan yazıblar: “İyirmi nəfər qarpız yeyib öldü”. Lənət şeytana. Adamın lap əsəbləri ilə oynayırlar, çünki sən özün bu dəqiqə qoltuğunda qarpız evə girmisən, burnufırtıqlı uşaqların da hərəsi bir yanda dilimləri gəmirtləyir. Qorxa-qorxa xəbəri açıb oxuyursan, sən demə, Amazonka meşəsinin dərinliyində yaşayan mumba-camba qəbiləsinin gəmi ilə üzüb Tristan-de-Kunya adasına gedib çıxmış, ordan da Burundi səfirinə qoşulub Madaqaskara sezona getmiş, yolda fırtınaya düşüb üzə-üzə Şpitsbergenə çatmış üzvlərindən iyirmi nəfəri hansısa cəhənnəmin dibində qarpız yeyib ölüblər.

Ancaq Azərbaycan xalqının zəncirvari nüvə reaksiyası şəklində əl-ələ tutub batan adamı xilas eləməyi çox inandırıcı, aktual, yerli, lokal (savadlı adam ayrı şeydir) əhvalat idi, çünki xəbərin içində hadisənin videosu da vardı! O cümlədən cahanşümul, əsrlərə, qərinələrə (qərinə 33 ilə bərabər mənasız ölçü vahididir, yazdım ki, biləsiniz, birdən qəbulda-zadda biletə düşər, girinc qalarsınız) sığmayan olayın məkanı da dəqiq şəkildə Bilgəh olaraq göstərilmişdi. Yəqin Bilgəh idi, çünki bizdən dənizin qırağı hər yerdə hasarsızdır, ondan bildim. Məsələn, Braziliyada bütün plyajlar, o cümlədən uzunluğu 20 kilometrə çatan Kopakabana plyajı başdan-ayağa hasar içindədir, yazıq camaat çimmək üçün çox əziyyət çəkir, elə hasarları aşa-aşa ayaq əzələlərini inkişaf elətdirib axırda hamısı futbolçu olur.

Əlbəttə, bütün bu təfərrüatları yazmaqda məqsədim odur ki, uca millətimizdə yaranan yenilikdən nə qədər sevindiyimi büruzə verim. Axı biz adətən bir-birimizin başından basan, ayağından çəkən, badalaq vuran camaat kimi tanınırıq. Həmişə düşünürük bizdən pis millət yoxdur, bizim millət düzələn deyil, ay nə bilim, birlik yoxdur, vətən darvazaya qədərdir, qarın qardaşdan irəlidir, el üçün ağlayan göz kor olar və sairə. Buyurun. Bəs o dənizdə əl-ələ tutub adam çıxardanlar kimdir? Deməli, lazım gəlsə biz birləşməyi, yumruq kimi olmağı, zəncir düzəltməyi də bacarırıq. Təki zənciri qolumuza vurmayaq. Sözgəlişi, belə birləşməyin xilasedici funksiyası haqda internetdə məzəli bir animasiya da var. Qarışqalar əllərində buğda-filan, yorğun-arğın yuvaya dönürlər (məsələn, 3-cü mikrorayon körpüsünün altından), bu zaman yuxarıdan bir hansısa qarışqayeyən tip peyda olur, xortumunu uzadıb cərgənin axırındakı qarışqanı sümürüb udmaq istəyir. Yazıq qarışqa ot-əncərdən yapışıq müqavimət göstərir, ancaq gücü tükənmək üzrədir. Bu zaman o biri qarışqalar əhvalatı görüb yüklərini dərhal yerə atır, qayıdıb hamısı qurban getməkdə olan qarışqadan yapışır. Bir böyük topa qarışqa yaranır və qarışqayeyənin xortumu bu kürəni uda bilmir, hətta nəfəsi kəsilib yerə yıxılır.

Bəli, həqiqətən güc birlikdədir. Misal üçün, sən beş manatla heç zad edə bilməzsən, ancaq üst-üstə yığılmış bir taya beş manatla Bilgəhdə villa almaq olar.

Новости автора