Свобода людям, независимость нациям!

Yüz ilin bazarlığı

“Vicdanı təmiz olan adam çənəsi yorulana qədər yeyə bilər”

(Markes, həmin əsərindən)

Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanına film çəkiləcək. Son günlər bu xəbəri alan hər birimiz - romanı sevənləri nəzərdə tuturam - dərin təəssüf hissi keçirdik. (Doğrusu, burada bəlkə də hamının əvəzindən təəssüflənmək yersiz idi. Fanatizm sayın, yola verin. Çünki mən bu romanı 90-cı illərdə oxuyanda duyduğum heyrəti unutmamışam). Çünki hər hansı əsərin filmi çəkiləndə oxucuların beynində formalaşmış təsəvvürlərə, romanın ürəklərdə tutduğu yerə sanki bir şey olur. Zəlzələ, tufan kimi. Baxırsan, qəhrəman sənin fikirləşdiyin adama oxşamır, təbiət daha sönükdür, hətta musiqi də yerinə düşmür. Dünyada bədii əsərlər əsasında çəkilib uğur qazanmış filmlər bu mənada çox azdır. (Məsələn, mən bu dəqiqə Miloş Formanın çəkdiyi “Qu quşu yuvası üzərindən uçarkən” filmindən başqasını yada sala bilmədim. Hərçənd şəxsi fikrimdir ki, amerikalı yazıçı Ken Kizinin eyni adlı romanı da bu filmdən qat-qata dərin və güclü romandır).

Eyni zamanda, hansısa xarici informasiya resursunda bir yazarın təəccübləndiyini oxudum, yazmışdı ki, Markesin bu əsərinə indiyə qədər film çəkilməməsi əcaib hadisədir. Doğrudan da, roman ilk dəfə 1967-ci ildə çap olunub, o vaxtdan milyonlarla tirajla, dünyanın az qala bütün dillərinə çevrilib. Bəlkə axtarsan uydurma klinqon dilində də taparsan. Dünya kino industriyası, xüsusən Hollivud belə şeylərdən ötrü ölür, indiyədək “batırmadıqları” bədii əsər az tapılar. Bəs “Yüz ilin tənhalığı” niyə film olmayıb? Bunun səbəbi sadədir: yazıçı icazə vermirdi. Dəfələrlə Markesə yüksək məbləğlərdə müəllif haqqı təklif edib romanın kinosunu çəkmək istəmişdilər, ancaq yazıçı bütün bunları rədd etmişdi. Məhz elə mənim yuxarıda yazdığıma bənzər səbəblə. İstəmirdi oxucuların roman haqda təsəvvürləri pozulsun.

2014-cü ildə Markes 88 yaşında öləndən sonra güman etmək olardı ki, artıq rejissorlar üçün yaşıl işıq yandı. Ancaq müəllif haqqı onun iki oğluna keçmişdi və bu oğullar da insafən ləyaqətlə davranıb 5 ilə yaxın müddətdə kino sənayesinin basqılarına davam gətirdilər. Nəhayət, bazar iqtisadiyyatı, Nəsimi filmindən sitat gətirsək, “istibdad onları da sındırdı” və indi Markesin oğulları “Yüz ilin tənhalığı”nın serial formasında filmə çəkilməsi üçün “Netflix” şirkəti ilə razılaşıblar, prodüser də özləri olmaq şərtilə. Pul şirin şey imiş. Atanın 50 il müqavimət göstərdiyi tamaha oğullar 5 ildə təslim oldular. Yenə bizim folklordan iqtibas eləsək, “yaxşı oğul neylər ata romanını, pis oğul neylər ata romanını” kimi yeni məsəl qayırmaq olar.

Əlbəttə, “Netflix” bizim cındırından cin ürkən “Azərbaycanfilm” studiyamız deyil, çox yüksək keyfiyyətli, baxımlı serial və filmləri ilə tanınır, o cümlədən Markesin romanına da az-çox layiq hansısa iş ortaya qoyacaqları şübhəsizdir. Ancaq ən azından yazıçının istəyinə hörmətlə yanaşmaq lazım idi.

Əsərlərinə film çəkilməsinə qısqanclıqla yanaşan, çox vaxt təklifləri rədd edən yazıçılardan biri də Salman Rüşdidir. Onun “Gecəyarısı uşaqları” romanı 1980-ci illərin əvvəlində çapdan çıxıb, indiyə qədər Rüşdi də bu romanın film olmasına razılaşmırdı. Təzəlikcə xəbər aldıq, artıq Rüşdi də razılaşıb.

Böyük pulların qarşısında diz çökmək, sənəti, dəyərləri, prinsipləri unutmaq, deyəsən, artıq tək bizim trend deyildir, bütün dünyada yayılmışdır. Hara baxsan “meşə talasında ev” arzulayan yazıçılar, bunun üçün istənilən varlı instansiya (biznesmen, dövlət, şirkət - nə fərq edər ki?) qarşısında rəqqaslığa hazır sənətkarlar görürsən. Elə dünya idmanı böyük pullardan hansı vəziyyətə gəlib? Beynəlxalq futbol federasiyası dünya çempionatını Qatar adlı karikatur ərəb dövlətinə - qaz balonu üstündə oturmuş dövlət də gördük - 1 milyard dollara yaxın pula satıbmış. Səhrada futbol olarmı? Gülməli şeydir. Elə bil Alyaskada dəvə yarışı keçirirsən. Bir ara bizim iki dənə konkisürənimiz vardı, yadınıza gəlirsə. Həmişə axırıncı olurdular, deyəsən, buz yarıldı axırda, batdılar.

Новости автора