Свобода людям, независимость нациям!

Yusifin oğlu İlyasın problemləri

2021 hökumətimiz tərəfindən “Nizami Gəncəvi ili” elan edilmişdir. Şairin anadan olmasından 880 il keçir, yəqin bu münasibətlədir.

Doğrusu, mən başqa bir şüar gözləyirdim. Örnək üçün, Qarabağın azad edilməsi münasibətilə “Qarabağ ili”, “Bərpa ili”, lap elə “Azadlıq ili” elan etmək olardı. Hamıya azadlıq verərdik, gedib öz başlarına çarə qılardılar. Yoxsa haçana qədər məsuliyyətsiz cəmiyyət yetişdirəcəyik? Azadlıq çox gözəl nemətdir. Hərçənd, Azərbaycanın dünyaya azadlıq mesajları it-bata düşmür. Keçən il bizim cəbhəçilər parlamenti dağıtdılar, onlardan ruhlanıb daha sonra erməni cəbhəçilər öz deputatxanasını alt-üst elədi və hətta spikeri donuz balası kimi ayaqladı. Və indi ABŞ cəbhəçiləri Konqresin içində dombalaq aşırlar. Bütün bu demokratik inqilabların kökündə bizim tərpənişimiz durur, biləsiniz. Yenə “İlin xalqı” olmuşuq.

Ümumiyyətlə, bu ilə ad verilməsi nəticəsində nə olur, düzü mən bunu o qədər dəqiq bilmirəm. Məsələn, Çin təqvimi deyilən bir şey var, orada illəri 12 canlının adına qoyublar, hamı da bilir ki, Öküz ilində doğulanı qəzəbləndirmək məsləhət deyil, Əjdaha alov püskürür, Siçan ilində qıtlıq-xəstəlik-pandemiya aləmi bürüyür və sairə. Ancaq bizim hökumət hansısa ili “Kənd təsərrüfatı ili” adlandırar, o il baxarsan Kür qurudu, rus pomidoru tapdaladı, pambığı qurd yedi, nə bilim, kartofu danadişi, qoyunları sel apardı, inəklər dağdan uçdu. Yaxud, “İdman ili” eləyirik, boksçumuz rinqdən çıxır qaçır, ağırlıq qaldıranda dopinq tapırlar, üzgüçümüz vannada batır və sairə. Yəni, bu ilin adıyla məzmunu arasında adətən üzvi əlaqə tapmaq çətin olur. Nizami Gəncəvi hansı günahın yiyəsidir, bunu da güman edirəm uzağı iyulacan görəcəyik.

Ağlıma bir versiya gəlir ki, 41-45 davası vaxtı alman faşistləri Leninqradı mühasirəyə alanda sovet hökuməti orada Nizaminin yubileyini keçirmişdi. Bununla dünyaya mesaj vermişdilər ki, bax, biz faşizmə qarşı savaşsaq da mədəniyyətimizi unutmuruq. İndi mümkündür hökumət həmin yolu gedir. Dünyaya savaşı bacardığımız kimi, mədəni xalq olduğumuzu da göstəririk. Çox yaxşı, çox gözəl. Hətta farsca yazsaq, xub. Ancaq Nizamiyə münasibətimizi təkcə onun adına metro stansiyası qoymaqla göstərə bilmərik axı.

Uca millətimizə məlum olduğu kimi, Nizami əsərlərini fars dilində yazmışdır. Müəyyən araşdırma və iddialara baxmayaraq şairin türkcə şeirlərini hələ tapmamışıq. Lakin o farsca yazılanlar dilimizə necə çevrilib? Məncə çox biabırçı tərcümələrdir. Xüsusilə Məmməd Rahimin (“Yeddi gözəl” poeması) və Mikayıl Rzaquluzadənin (“İsgəndərnamə”) çevirmələri. Bir az babatı Səməd Vurğunun çevirməsidir (“Leyli və Məcnun”), ancaq şübhə var ki, orada da məzmundan uzaqlaşmalar, mətnə özündən əlavələr çoxdur. Əslində bu tərcümə cəhdlərini öz dövrünə görə yüksək qiymətləndirib üstündən keçmək olardı, əgər növbəti illərdə daha yeni, fərqli tərcümələr ortaya qoyulsaydı. Təəssüf ki, nə Azərbaycan SSR, nə sonrakı müstəqil Azərbaycan Respublikası Nizami poemalarının yeni tərcümələrini hazırlamağı kimsəyə həvalə etməyib. Azı 50-60 ildir biz Nizamini o əski tərcümələrdə oxumağa məhkumuq, oradan isə Nizami, pis çıxmasın, Namiq Qaraçuxurlu səviyyəsində şair kimi görünür. Axı əruzda yazılan şeiri heca vəznində çevirmək onun gözəlliyinə, ritminə balta çalmaqdır. “Deyirsən” və “sən”, “gedir və bir” kimi gülünc qafiyələrlə tərcümə etmək Nizamini ələ salmaqdır.

Nizaminin ensiklopedik, tam elmi-tənqidi, latın qrafikası ilə farsca orijinal nəşrləri də hazırlanmayıb. AYB-yə, şairlərə hər kvartalda ev verməyə ayrılan dövlət vəsaitləri ilə bu işlər görülə bilərdi.

Elə Nizamiyə münasibəti Azərbaycanda hazırda kitaba, ədəbiyyata münasibət dəqiq göstərir. Kitab nəşri ƏDV-dən azad edilmədi, nəşriyyatlar bir-iki fanatik şəxsin çırpınması hesabına yaşamaqdadır. Yazıçılar həyat reallıqlarını öz əsərlərinə gətirmək, Azərbaycan insanının dərd-sərini yazmaq yerinə hərəsi bir əcaib problem uydurub içində girlənir. Biri guya hansısa qədim əlyazma tapır, başqası qoç döyüşdürür, üçüncüsü erməni yuxusu görür və sairə. Nəticədə yüz il sonra indiki dövrümüzün ədəbiyyatını tapıb qurdalayan olsa çaş-baş qalacaq: “Bu xalq axı nə yeyib-içirmiş o zaman?”

P.S. Şairə hörmətimiz onun Bakıdakı əsas heykəlinin yanında qaraj açmağımızda da özünü biruzə verir.

Новости автора