Свобода людям, независимость нациям!

Yolun oğurlanması

“Sizdən adam olmayıb, olmayacaq da”

(“Yol əhvalatı” filmindən, 1980, rejissor Teymur Bəkirzadə)

Keçən ayın sonunda polisə məlumat daxil olmuşdur: Bakı-Şamaxı yolunun filan kilometrliyində 59 ədəd yol nişanı oğurlanmışdır. Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkarlar yaxalanmışdır. Bunlar Ermənistandan sərhədi gizli keçərək dövlətçiliyimizi sarsıtmaq istəyən, bizi yolumuzdan azdırmaq qəsdində duran təxribatçı şpion qrupu olmuşdur... Zarafat edirəm, qorxmayın. Ermənilər heç vaxt Şamaxı yoluna qədər gələ bilməzlər. Yol nişanlarını oğurlayanlar isə elə o yol nişanlarını quraşdırmalı olan idarənin əməkdaşları imiş. “Yol Nişan” MMC adlı idarənin şefi 3 nəfər dostu ilə əlbir olub nişanları oğurlamış, “Azəravtoyol” idarəsinə filan qədər (deyəsən, 7 min manata yaxın bir məbləğ idi) ziyan vurmuşlar.

Çox maraqlı hadisədir, fikrimcə, simvolik bir cinayətdir. Hansı yolda olduğumuzu göstərir. Əgər bir millətin yol göstərənləri oğru çıxsa, o millət heç vaxt yaxşı yerə gedib çatmaz. Necə deyərlər, ağıllınız kimdir, qabaqda gedən zəncirli. Hərçənd informasiyanı çox xəsisliklə yazmışdılar və şəxsən mənə məlum olmadı nişan idarəsinin müdiri o nişanları qabaqca yolun qırağına basdırıb sonra çırpışdırıbdır, yoxsa elə anbarda ikən başını əkibdir. Bunlar isə bizim yolçuluq üçün vacibdir. Detalları bilməliyik, şeytan, deyilənə görə, detallarda gizlənməyi sevir. Örnək üçün, əgər müdir nişanları anbardan əkişdiribsə, belə çıxır, özü-özündən oğurlayıbdır. Yox, basdırıb çıxarıbsa, bu, dövlət əmlakının talanmasıdır. Biz hüquqi dövlətdə yaşayırıq, hər bir cinayət işinin xırdalıqları xalqa məlum olmalıdır. Ancaq xəbərdən daha bir sitatı oxuyanda beynimiz lap qarışır: “Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb”. Belə çıxır, bunlar yol nişanlarını heç kəsə sata bilməyibdir. Elə bunu tutsalar yaxşıdır. Sən nə günümüzün yol nişanı idarəsi müdirisən ki, 59 yol nişanını 10 günə satmağa adam tapmırsan? Bunun yaxasına heç vaxt nişan asmaq, o cümlədən, oğul-uşağına nişan aparmaq olmaz. Xalqa yad ünsürdür. 

Eyni zamanda yol nişanlarını çıxarandan sonra xalqa hansı ziyan dəyib, bunu da bilməliyik. Çünki nə qədər insan orada yolunu azmışdır. Kürdəmirə getməliymiş, Krasnodara gedib. Şamaxı əvəzinə Samuxa çatıb və sairə. Hətta ola bilər, neçə adam Şuşaya gedib. Nə biləsən. Özü də bu saat bizim yollarda neçə yerdə “Şuşa- filan qədər, Füzuli - neçə kilometr...” tipində yol göstəriciləri vurulubdur. Min, get, mane olan yoxdur.

Hadisə həmçinin bizdə müvəqqəti yol nişanlarının hazırlanmasının vacibliyini ortaya çıxardır. Axı cinayətin üstü açılana qədər, azı 10 gün o yolda nişan qalmamışdır! Bəs biz belə hallarda nə etməliyik? Misal üçün, 30 ildir SSRİ dağılıb, biz hələ keçid dövründə yaşayırıq. Görürsən hər yerdə yazıb vurublar: “Müvəqqəti çətinliyə görə üzr istəyirik”. Bəs bu müvəqqəti çətinlik nə qədər olacaqdır, heç kim bilmir. Bilmirik üzümüz Avropaya doğrudur, yoxsa Rusiyaya. İrana qoşulub molla olmaq istəyirik, yoxsa türkmənbaşıya qoşulub oğuz elinin çöllərində at çapacağıq. Bir millət üçün yolunu-izini bilmək vacib məsələdir. Odur, bədnam qonşularımız ermənilər yollarını azdılar, nəticədə İrəvan boşaldı, indi AzTV-də göstərilən o tarixi RAF mikroavtobusa mindirməyə də sərnişin tapmırlar. Hamısı qaçıb Zəngilana gəlir.

Hər halda, ümid edək, metronun keçmiş müdiri Tağı müəllim MTN-in keçmiş generallarından öz 3 milyon dollarını, nəhayət, ala biləcəkdir. Bunu yazdım ki, Tağı müəllim narahat olmasın, bütün mətbuat aləminin onun 40 il maaşını toplayıb yığdığı 3 milyon dolları fikirləşdiyini bilsin.

Новости автора