Свобода людям, независимость нациям!

Yaşamaq yanmaq deyil

“Ehtirasdan böyük alov yoxdur; nifrətdən böyük dərd yoxdur; bədəndən böyük bədbəxtlik yoxdur; sakitlikdən böyük xoşbəxtlik yoxdur”

(Budda)

Bu Novruz bayramı yağışlı-çiskinli, küləkli keçdi, zor da elədi. Yoxsa uca millətimiz hər yanda tonqal qalayıb məmləkəti külə döndərəcəkdi. Havadan yazmıram, əlimizdə faktlar var. Misal üçün, 2019-cu ilin Novruz günlərində tonqalda ütülən zəhmətkeşlərimizin sayı 2018-ci ilin Novruzunda yananlardan 21 faiz az olmuşdur. Zarafat edirəm, hər sözə inanmayın, kimdir bizdə camaatın yanmağını hesablayan? Hərçənd, şair demişkən, sən yanmasan, mən... Bu şeir də ömrümüzü çürütdü, vallah.

İmkan vermədi adam kimi yaşayaq. Dünyaya bir dəfə gəlirsən, onda da hər küncdən bir şair çıxıb yapışır adamın yaxasından, deyir mütləq yanmalısan. Yan, tökül. Başqa yolun yoxdur. Biri deyir, vətən üçün yan, o biri deyir, millət üçün, üçüncüsü planetar sülh yolunda şama dönməyini tələb edir, ən minimum yanğın romantik şairlərin qələmindən çıxan çınqıdan, qığılcımdan olur: eşq-meşq atəşi-filan... “Fələklər yandı ahimdən, Muradım şəmi yanmazmı” – təxminən belə. Heç biz yazıqlara bu dünyada bir dinclik yoxdur. Halbuki, rəhmətlik kommunistlər qığılcımın necə təhlükəli perspektiv yaratdığını bilirdilər, bunu öz qəzetlərinə ad kimi qoymuşdular, deyirdilər, qığılcımdan alov doğacaqdır. Doğrudan da SSRİ axıra qədər yana-yana getdi, son illərində isə alov ərşə bülənd olmuşdu, bir-birini qıran millətlərin çırtıltısı planetə yayılmışdı. Əslində insanın insan olması üçün yanması yox, sönməsi vacibdir. Sönmək nədir? Dağıdıcı arzulardan, doydurmaq mümkün olmayan istəklərdən, maddi dünyadan əl çəkmək, gözütoxluq, sadəlik və sairə. Buddistlər buna nirvana, sufilər vəhdətül-vücud deyirlər. Ən parlaq insan ən sönük insandır. Bu mənim şəxsi fikrimdir, indicə ağlıma gəldi. Ümidvaram əlaqədar təşkilatlar bu sönmə fəlsəfəsini icad elədiyim üçün mənə yaxşı büdcə vəsaiti ayıracaqdır, çünki təlim cəmiyyətdə uğur qazansa, xeyli pula qənaət eləməli olacaqlar. Dövlət sponsorluğu əldə edəndən sonra, inşallah, gedib Mikroneziya adalarında çimərlikdə özümü yandırıb qaraltmaq istəyirəm.

Gör hara getdik... Əslində tema başqa söhbət idi. Narkoloji dispanser yananda 25 adam ölmüşdü. Sağ qalanları, alovdan-tüstüdən birtəhər çıxanları araşdıranda isə prokurorluq əcaib faktla üzləşib: sən demə, orda bir cinayətkar da var imiş. Şamaxıda qəsdən ağır xəsarət yetirmə ittihamıyla axtarışa verilib, ələ keçməmək üçün gəlib baş həkimlə danışıb, başqa adla orda qalırmış. Təsəvvür elə, gör nə bardak bir yer imiş. İndi bunu tutublar. Demək yanğın olmasa tutulmazmış. Bu da sənə yanğının xeyri, daha nə istəyirsən? Oddan kül törəyir, külü eşirsən, içindən əsrarəngiz əhvalat çıxır, sonra bunu ver Umberto Ekoya, roman yazsın. Ancaq Eko rəhmətə gedibdir, bir az bu işi korlayır. Eybi yoxdur, Kamal müəllim yazar. Rektoru deyirəm. Vaxtilə Kamal müəllim İtaliyada Eko ilə görüşüb ona Azərbaycanın iqtisadi-siyasi uğurlarından xeyli danışmışdı. Bəlkə də Eko elə bundan sonra dözmədi, paxıllıqdan öldü.

Hərçənd, bizim iqtisadi liderliyimizi gözü-götürməyən-xarici-qara-qüvvələrin-dəyirmanına-erməni-suyu-axıdanlar da vardır.

Bunlardan biri baş ofisi Nyu Yorkda yerləşən beynəlxalq konsaltinq (“məsləhət” də yaza bilərdim, ancaq bu zaman siz mənim savadlı olduğumu hardan fikirləşəcəkdiniz?) şirkəti “Merker”dir. Şirkət hər il dünyanın insan yaşayışı üçün ən rahat şəhərlərinin reytinqini açıqlayır. Burada nəqliyyatdan siyasi durum, əyləncə imkanlarından iqtisadi vəziyyətə, mədəni duruma, nə bilim, dükanda pampersin qiymətinə qədər min dənə şeyi ölçüb qərar verirlər. İndi də sayıblar, bizim çiçəklənən Bakı olub 195-ci yerdə.

1-ci yerdə Vyanadır, 2-ci yerdə Sürix, ən axırıncı – 231-ci yerə isə Bağdad düşüb. Ancaq bizə Sürixdən-zaddan nə? Bizi əsas düşündürən axmaq qonşularımızdır, onlar isə bizi guya ötübdür, İrəvan 170-ci şəhər olmuşdur. Yalançının lap...

Bakı dünyanın ən rahat şəhəridir, düşmənin gözü çıxsın. Əyləncə deyirsən – bizdə. Yaşamaq istəyirsən, gəl Bakıya. Hələ nəqliyyat... Şəhərin harasında istəsən, bir dənə avtovağzal var. Metromuz isə maşinist yatanda da işləyir, camaatı vaxtında evinə aparır. Bunu təzəlikcə metro müdirindən narazı qalan bir qrup maşinist demişdi. Guya metronun siqnal qurğuları işləmir, maşinist yatıb hara gəlsə sürür. Nəyi pisdir ki? Sən get İrəvanın dərdini çək. 30 ildir bir dənə “RAF” avtobusu var, camaatı daşıyır. AzTV-də göstərirlər, ondan bilirəm, yoxsa nəyimə lazım, canları cəhənnəmə.

Новости автора