Свобода людям, независимость нациям!

Yanqonda “yanğın” – Xunta rejimini hərbi diktatura əvəz etdi

Bu gün Myanmada tarixi gün olacaqdı – yeni seçilmiş parlamentin ilk sessiyasında qanunverici orqanın hər iki palatasının rəhbərləri, ölkənin prezidenti və vitse-prezidentləri, digər rəhbər şəxslər seçiləcəkdi. Olmadı.

Fevralın 1-i Myanma üçün tarixi gün oldu, ancaq noyabrın 8-də (bizim üçün tarixi bir gündə) Myanmada keçirilən seçkilərdə mandat qazandığı üçün sevinənlər həmin gün umsuq oldular, ordu onların bir qismini həbsə aldı, yerdə qalanının isə həvəsini qursağında qoydu.

Dövlət çevrilişləri belədir, bir neçə saatın içində hökmdarı dustağa, dustağı isə hökmdara çevirə bilir – bir-iki ay öncə Qırğızıstanda olduğu kimi. (3 ay öncə türmədə yatan Sadir Cabarov bu günlərdə Qırğızıstan prezidenti kimi and içərək fəaliyyətə başlayıb).

Myanmanın devrilən rəhbərinin (onun vəzifəsinin adı dövlət müşaviri adlanır, amma baş nazir vəzifəsinə uyğundur) adı Aun San Su Çjidir. Aun xanım olduqca keşməkeşli siyasi yol keçmiş, təlatümlərə sinə gərmiş bir qadındır.

76 yaşlı xanım Çji vaxtilə apardığı ardıcıl siyasi fəaliyyətinə, əzakeşliyinə, iradəsinə görə dünya birliyinin sevimlisi olub, Nobel mükafatına layiq görülüb, Kanadanın, Parisin fəxri vətəndaşı seçilib. Ancaq 2 il öncə Myanmada müsəlman rohincaların başına gələn faciələrə - genosidə görə onu adı çəkilən məkanların fəxri vətəndaşlığından məhrum ediblər. Çünki dövlətin rəhbəri ordunun hərbi cinayətlərini göz yumub, dözümlü yanaşıb.

4.jpeg (59 KB)

İndi həmin qanlı ordu Aun San Su Çjinin özünü və partiyasını iqtidardan məhrum edib. Səbəb isə hakim partiyanın parlament seçkilərinə müdaxilə etməsi, saxtakarlıqla qalib gəlməsi göstərilir.

İndi Myanmanın paytaxtı Yanqonda “siyasi yanğın” var, hakimiyyət silahlı qüvvələrin baş komandanı, general Min Aun Hlayna keçib, dövlət teleradio kanalının yayımı dayandırılıb, onun sosial şəbəkələrdəki hesabları dondurulub, paytaxtın lazımi yerlərinə ordu qüvvələri yeridilib. Bildiyimiz dövlət çevrilişi...

Ordu rəhbərliyi öz siyasi iddialarında haqlı ola bilər, yəqin ki, xanım Çjinin partiyası hakimiyyət dövranını uzatmaq üçün inzibati resurslardan qanunsuz istifadəyə də əl atıb, açıq saxtakarlıqlara da qol qoyub. Şərqdə belə fəndlərə yol verilməsi adi haldır.

Ancaq silahlı qüvvələrin mülki hakimiyyəti qəsb etməsi də cinayətdir. Nə olursa, olsun, hərbçilərin belə bir səlahiyyəti, funksiyası yoxdur. Əgər ordu iki çəkişən siyasi qüvvənin birinə dəstək versəydi və onunla birləşib hakimiyyəti götürsəydi, bu halda yeni hakimiyyəti xunta rejimi adlandırmaq olardı (Bir çox ölkələrdə belə edirlər: çevrilişi hansısa siyasi qüvvə edir, ordu isə dəstək verir).

6.jpg (344 KB)

Bildiyimiz kimi, siyasi qüvvələrlə hərbçilərin ittifaqına “xunta rejimi” deyilir və fevralın 1-ə qədər əslində Myanmada Aun San Su Çjinin rəhbərlik etdiyi siyasi qüvvələrlə ordu rəhbərliyi hakimiyyət ortağıydılar, birlikdə xunta rejimi yaratmışdılar. İndi isə Myanmada birbaşa hərbi diktatura bərqərar olunub.

Söz yox, belə qalmayacaq, hakimiyyəti götürmüş general Min Aun Hlyan istər-istəməz mülki siyasətçilərlə dil tapmağa, onlarla ortaq olmağa çalışacaq. O, bunu etməyə məcburdur, çünki generallar və polkovniklər dövlət idarəetməsinin incəliklərindən xəbərsizdirlər. Üstəlik, dünya birliyinin gözündə legitimlik qazanmaq üçün hərbçilər hakimiyyəti bölməyə, mülkiləşdirməyə vadar olacaqlar.

İndilikdə isə Myanmada durum budur və bu, 3-cü dünya ölkələrinə xas vəziyyətdir. O yerdə ki, hakimiyyətin dinc ötürülməsi mexanizmi yoxdur, azad və qanuni seçkilər keçirilmir, hər sahədə gerilik hökm sürür, dövlət və əhali kasıbdır, gerçək demokratik rejim yoxdur, orada həmişə dövlət çevrilişləri riski var.

883fa595108586d1fd1087313fcc5.jpg (36 KB)

Siyasilərin və hərbçilərin cilov tanımayan ambisiyasına istənilən ölkədə rast olmaq mümkündür. Bir ay öncə ABŞ-ın özündə belə, fəaiyyətdə olan prezident Donald Tramp dövlət çevrilişi etmək, öz hakimiyyət dövranını zor gücünə uzatmaq istədi, amma bacarmadı, dövlət və onun işlək institutları xasiyyətcə diktaturaya meylli bu şəxsi bir günün içindəcə zərərsizləşdirdi.
Ancaq Belarusda Aleksandr Lukaşenko istədiyini etdi, 6-cı dəfə hakimiyyəti əlində saxladı. Bu ona görə olmadı ki, Lukaşenko Trampdan güclü siyasi fiqurdur. Xeyr. Bu ona görə oldu ki, Belarusda dövlətin təhlükəsizlik sistemi, demokratik institutlar, konstitusiyaya nəzarət, qanunların icra mexanizmləri ABŞ-dakından zəifdir.

Myanma isə, heç demə, seçki-filan keçirsə də, cəngəllik qanunlarının hökm sürdüyü, güclü hərbi-siyasi birlşəşmələrin həmişə “qalib gəldiyi” yer imiş.

 

Новости автора