Свобода людям, независимость нациям!

Yalançı “qəhrəman”lara görə xroniki umsuqluq

Son 30 ildə bu millət çox “qəhrəman”lar gördü. Adları ərşdə-gürşdə, dillərdə gəzən “qəhrəman”ların sonradan adidən adi, içi cılız, şəxsiyyətcə miskin adam olduqları, hətta əməllərinin qəhrəmandan çox, xainə xas olduğu ortaya çıxdı.

Biz öz “qəhrəman”larına görə xroniki şəkildə umsuq olan millətik. “Qəhrəman”lardan yarımadıq.

Gerçək qəhrəmanlarımızı ya heç vaxt tanımadıq, ya da az tanıdıq. Onların çoxu naməlum qəhrəmanlardır. Lazımi anda ortaya çıxdılar, özlərini xalqın yolunda fəda etdilər və adsız qəhrəman oldular. Bəzilərinin heç məzarı da bəlli deyil. Onlar Tofiq Oğuzlar, Ramiz Qəmbərovlar, Vəzir Orucovlar, Albert Aqarunovlar, Yusif Mirzəyevlər, Elxan Yusifovlar və yüzlərcə, minlərcə başqalarıydı.

Ancaq adı dillərdə, şəkli qəzetlərdə, özü telekanallarda gəzən “qəhrəman”lar hələ də danışırlar, keçmiş ad-sanlarını qaytarmaq, yenə də kimlərəsə hökm etmək eşqindədirlər.

Bu gün xalq onların bir çoxunu “qəhrəman” kimi yox, “xain” kimi tanıyır. Açıqca görünür ki, onların itirilmiş şan-şöhrətləri və nüfuzları bir daha heç zaman bərpa olunmayacaq.

Bu durumun yaranmasının günahkarı isə o yalançı “qəhrəman”ların özü deyil. Günah, həmişə olduğu kimi, bizdə, ictimaiyyət nümayəndələrində, ictimai-siyasi fəallarda, təəssübkeş və tərəfdarlardadır.

Məsələ ondadır ki, bizə qəhrəman lazımdır, biz onu axtarırıq və həmişə tapırıq.

O qəhrəmanlar bizə ona görə lazımdır ki, o, bütün məsuliyyəti öz üzərinə götürüb qabağa çıxsın. O, bizim ordunun bahadırı olsun, düşmən ordusunun bahadırı ilə təkbətək döyüşə atılsın və ona qalib gəlsin. Biz isə döyüşməyək, başımızın salamatlığını qoruyaq, bir kənarda dayanıb döyüşə atılmış qladiatorumuzu qızışdıraq, ona qələbə əzmi təlqin edək. Vəssalam.

Tərs kimi, “qəhrəman”ımız bizdən də ağıllıdır, o da öz başının salamatlığını düşünür, özünü xərcləmək istəmir, müxtəlif manevrlər edir, arada mənfəət, şan-şöhrət, karyera qayğısına qalır. Biz çox sonradan bilirik ki, seçdiyimiz adam əsl “qəhrəman” deyilmiş. Amma biz ruhdan düşmürük, dərhal yeni qəhrəman axtarırıq və çox keçmədən tapırıq.

Bu da ona görədir ki, bu cür “qəhrəman”lar kəmfürsətdirlər, marığa yatıblar, ehtiyac yarandığı vaxt iki kəlmə cəsarətli sözlə, bir effektiv aktla önə çıxa, “qəhrəman” axtarışına çıxanları arxalarınca apara bilirlər. Onlar önə düşdülərmi, daha özlərini tərifləməyə, öz personalarını xalqa “ağ atlı oğlan” kimi təqdim etmələrinə ehtiyac yoxdur, bunu onların əvəzindən fanatlar ordusu, tərəfdarlar korpusu edəcək. Hətta “qəhrəman”a “könül vermiş” müridlər ona qarşı bir söz deyəni linç etməyə qalxacaqlar, söyüb-biabır edəcək, susduracaqlar. Sonrası da bəllidir. Umsuqluq. Amma bu da son deyil. Çox adam yanıldığını etiraf etməyəcək, ya “xain” çıxan “qəhrəman”ı bir kənara atıb yenisinin dalınca düşəcək, ya da tamamilə küskün olub bir kənara çəkiləcək.

Son 30 ildə biz bu kimi durumlara çox düşmüşük, amma hələ də dərs çıxara bilməmişik. Yenə də “xalqın mənafeyi uğrunda şir kimi döyüşən” birini axtarırıq. Kimsə ortaya çıxıb sübut edəndə ki, əslində o adam sırf özündən ötrü döyüşür, onu söyürük.

Hələ də adı məşhurlaşmış adamlara bir qədər soyuqqanlı, təmkinli yanaşmağımız yoxdur. Adamı bir az araşdırmaq, öyrənmək, əsl niyyətini bilmək əvəzinə, “varsa da, yoxsa da budur, bundan başqası yoxdur” deyə azarkeşə çevrilirik.

Bu simvollaşdırılmış qəhrəman obrazı bizə sovet dövründən qalan mirasdır. Sadəcə, o vaxt bu işlə hökumət özü məşğul olurdu, vizual görünüşü babat olan bir əmək qəhrəmanı tapır, qurultay nümayəndəsi, Ali Sovet deputatı, plenum, bürö üzvü seçirdi. Mandat aldığı gündən “əmək qəhrəmanı”nın əli inək əmcəyindən, kombayn sükanından, pambıq kətmənindən üzülürdü, günü geniş və işıqlı saraylarda, iclas toplantılarında keçirdi, get-gedə partburjuaziya nomenklaturasının dəyişməz üzvünə sevrilirdi. Elə olurdu ki, adamın fiziki əməklə məşğul olmamasının 20 ili tamam olurdu, amma adı yenə də hər yerdə “əmək qəhrəmanı” kimi gedirdi və hər kəs də qəbul edirdi ki, bəli, o, bir qəhrəmandır.

Bizim “qəhrəman sevgimiz” əzəldən bu cür saxta olub və elə də qalır. Düzələcəkmi? Bu tezlikdə yox. Bəs nə zaman? Bilinmir.

Новости автора