Свобода людям, независимость нациям!

Xüsusi təyinatlı... nümayəndə

“Çörəyi ver çörəkçiyə, birini də üstəlik”
(ata sözü)

Rəhbərlik bəyan edib ki, işğaldan azad edilən torpaqlarımızda hər şey başqa cür olacaqdır və bunun anonsu kimi prezidentin xüsusi nümayəndələrinin təyinatı haqda sərəncam verilmişdir. Bu, bizdə yeni idarəçilik üsuludurmu, yoxsa qabaqlar da tətbiq edilibdir, düzü, heç kim dəqiq bilmir. Nəyə görə? Çünki əslində adını başqa hərflərlə yığsaq belə “rayon icra hakimi” də elə prezidentin xüsusi nümayəndəsi idi, hətta o icra hakimlərinin daha aşağı səviyyələrdə - şəhərə, kəndə, qəsəbəyə - təyin elədiyi kadrlar elə bu cür, “icra nümayəndəsi” adlanırdı. Bəs indi icra hakimiyyətləri kökündən ləğv olunacaqmı, ya misal üçün, Şuşada həm icra hakimi Bayram müəllim, həm prezidentin xüsusi nümayəndəsi “qeyri-Bayram” müəllim yanaşı oturacaqdırmı – bunu da hələlik kimsə bilmir. Yaxşı olar, biri qalsın, çünki camaat yazıqdır.

Üstəlik, xüsusi nümayəndəlik institutu bizim konstitusiyada nəzərdə tutulurmu, şəxsən bu da mənə məlum deyil. Hərçənd, o ana qanun dövlət rəhbərinə o qədər hüdudsuz səlahiyyətlər verir ki, buna çox şübhə ilə yanaşmaq lazım gəlmir. “Xüsusi nümayəndə işğaldan azad edilən ərazilər üçün müvəqqəti üsul-idarədirmi, öz yurduna dönəcək camaatı yaxşı qarşılamağa göndərilir və hamı yerbəyer olub, bələdiyyə seçkisi keçiriləndən sonra önəmini itirib ləğv ediləcəkdirmi” sualı, həmçinin, ortada dolaşır. Bəlkə dolaşmasa da, mənim xəyalımdan keçdi.

Bütün hallarda sıfır vəziyyətində, faktiki düzlənmiş ərazidə yeni yurdlar salmaq, idarəçilik qurmaq şablon ifadə ilə yazsaq, həm asandır, həm çətindir. Asandır ona görə ki, yol çəkəndə “filankəsin çəpərinə girir” deyə problemin olmur, nümayəndə təyin edəndə “filankəsi qoyaq, onun bölgədə mafiyası daha güclüdür, camaatı yaxşı fırladar” tipli şərtlər lazım gəlmir. Çətindir ona görə ki, torpaqlarımızın azad edilməsi müstəqillik tariximizin (həm də ümumən tariximizin) şübhəsiz ən böyük, ən şərəfli hadisələrindən biridir, bəlkə birincisidir yazsam səhv olmaz. Bu səbəbdən o torpaqlarda hazırda milçək vızıldayanda camaat diqqət kəsilir. Hər qarışında qəhrəmanlarımızın qanı qarışıb, orda ənənəvi korrupsiya, rüşvət, monopoliya, qanunsuzluq işləsə, böyük günah olar. (“Günah” yerinə başqa sözlər də yazmaq olardı, ancaq proqnoz etməkdə çətinlik çəkdiyim üçün mistik cəza ilə kifayətləndim. Qalanı xalqdan asılıdır).

Yazı söz yığını olmasın deyə, təkliflərimi vermək istərdim. Qoy həmin yerlərdə prezidentin xüsusi nümayəndəsi elə həmin yerləri azad edən şəxslərin içindən seçilsin. O cümlədən, azad olunan torpaqların deputatı, polis rəisi, prokuroru və başqa vəzifələri keçmiş döyüşçülər, qazilər, şəhid valideynləri arasından seçilməli, təyin edilməlidir. Burada kimsə “bəs peşəkarlıq” tipli arqumentlər irəli sürməsin, birincisi, həmin döyüşçülər, qazilər, şəhid valideynləri arasında 75 yox, 750 rayona çatacaq qədər peşəkar hüquqşünas, menecer, nə bilim, politoloq tapmaq olar. Təki könlün istəsin. İkincisi, necə ola bilər ki, bir torpaq uğrunda canını verəsən, ancaq o torpağı başqasından pis idarə edəsən? Bu, mümkün deyil. Məsələn, yuxarıda adını çəkdiyim Bayram müəllim Şuşaya daha yaxşı başçı ola bilər, yoxsa yerinə qoyacağımız, o qalaya dişi-dırnağıyla dırmaşan, bıçaq-süngüylə, əlbəyaxa şəhəri geri alan xüsusi təyinatlı? Yəqin zəhmətlə qazandığı pulları alovun içindən əliylə çıxaran uşaq haqda o köhnə pritçanı unutmamısınız. Bilənlər bilməyənlərə danışsın, yerimiz azdır.

Ortada müsbət təcrübə də var. Şəhid ailələrinə, qazilərə dəstək üçün yaradılan “YAŞAT” fondunda işçi komanda demək olar bütünlüklə keçmiş döyüşçülərdən, şəhid və veteran ailəsi üzvlərindən ibarətdir. Ancaq fondun himayəçilik şurası haqda, təəssüf, bunu yazmaq olmur. O şurada 11 nəfərdən cəmi 2 nəfər Qarabağla əlaqəli şəxsdir. Biri şəhid Raquf Orucovun xanımıdır, o biri də qazi İlham Zəkiyev, vəssalam. (Qalanları kimdir, yaxşısı budur heç yazıb qanınızı qaraltmayım). Fondun vəsaitlərinə sərəncamçının “ASAN-xidmət”, nəzarətçinin isə Himayəçilik Şurasının olacağını nəzərə alsaq, işçi komandaya “qara işlərdən” başqa hansı səlahiyyətin qaldığı qaranlıqdır.

Yaxşı döyüşçüyə azad edilən torpaqda vəzifə vermək qədim hərb ənənəmizdən də irəli gəlir, milli mentalitetə uyğundur.

Новости автора