Свобода людям, независимость нациям!

Xarici problem

“Çıxış yoxdur” yazısındansa “Giriş qadağandır” yazısına üstünlük verərdim"

(Stanislav Yeji Lets)

Deyir yenə dövlətçiliyimizə xaricdən nəsə təhlükə yaranırmış, iqtidarla müxalifət əl-ələ, qol-qola verərək dünən dəyirmi masa keçirmiş, bu təhlükəni sovuşdurmuşlar. Bizə məlum deyildir təhlükə konkret nədən ibarət olubdur. Əgər söhbət ancaq internetdə “10 min dollar alıb söyənlər”dən, ermənipərəst qara qüvvələr və onların dəyirmanını işlədənlərdən gedirsə, bizə heç zad eləyə bilməzlər, ölkəmizin təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Eyni zamanda bu xarici təhlükə nə məsələdirsə azı yüz ildir ölkəmizin başı üzərində fırlanır, vaxtaşırı peyda olur. Hələ biz SSRİ tərkibində olanda lap şiddətli şəkil alırdı. Yəqin ki, özünə hörmət qoyan hər bir dövlətçiliyin mütləq üç-dörd dənə xarici təhlükəsi olmalıdır. Necə deyərlər, kişinin düşməni olar. Bunun başqa variantı da var: “Əgər sənin kürəyinə tüpürürlərsə, deməli, sən onlardan qabaqdasan”. Hərçənd adamı çalaya yıxıb da belinə tüpürmək olar, ancaq biz bu variantı milli mənəviyyatımıza yad olduğu üçün öncədən rədd edək getsin.

Adam arzu edir ki, kaş heç bizim xaricimiz olmayaydı, elə ancaq daxildən ibarət olaydıq. Hər yanımız daxil olsa, xərc də çıxmazdı, adından göründüyü kimi, nə olsa içəri verərdik. Ancaq nə edəsən, hələlik dünyada xarici olmayan dövlət yoxdur. Amerikanın, Rusiyanın, Almaniya, Fransa, Britaniya, Çin kimi hegemon dövlətlərin də hərəsinin öz xarici vardır. Daxilimizə nisbətən xaricimizdə problemlərin olması elə bu zırpı dövlətlərin günahıdır. Dünyanı yaxşı işlədə bilmirlər. Versələr biz işlətsək...

O cümlədən, xarici işlər idarəmizin, başda Elmar müəllim olmaqla, günahı böyükdür. Niyə onlar bizim daxildə yaratdığımız sabitlikdən xaricdə yaratmırlar? O boyda etimad göstərilib, 20 ildir nazirdir, hələ bir xaricin barmağına... dərman eləməyibdir. Hara baxırsan xarici pis gündə görürsən. Nəticədə ölkəmizin daxildəki gözəllikləri, imici korlanır. Elə bil qızıl-gümüş oboylu ev tikirsən, çöl divarına isə təzək yaxırsan. Cansıxıcı dizayndır. Əli İnsanovun villasına oxşayır.

Avropa Şurası Parlament Assambleyasının müdiri Lilian xanımın məhz müxalifət-iqtidar görüşü günündə Bakıya səfər eləməsi də maraqlı, məzmunlu, sevindirici, ürəkaçan, səmimi, xoşhal, ləzzətli, şövqlü, zövqlü alındı. Düzdür, bizdə iqtidar-müxalifət dialoqu onsuz ilin 370 günü davam edir, sadəcə format bir az fərqli olur. Bir tərəf döyür, o biri tərəf söyür, belə bir dialoq gedir. Sözümün canı odur ki, Lilian xanım haçan gəlsə belə dialoqun üstünə çıxması şübhəsiz idi. Səfər həmçinin Avropa Şurasının 70 illiyi münasibətiylə Bakıda keçirilən “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropamız” adlı beynəlxalq konfransda iştirak üçündür. Azərbaycan bu 70 ilin hardasa 20 ilini Avropa Şurası ilə birgə keçiribdir və gördüyünüz kimi, artıq orada çox şey bizə məxsusdur. Məncə konfransı təşkil edənlər təvazökarlıq eləməsə oraya “... bizimdir, bizimdir, Kəlbəcər də bizimdir” şüarını əlavə edərdilər. Avropa Şurasına üzv olduğumuz müddətdə hüquq və azadlıqlarımız həddindən artıq genişlənmişdir. Məsələn, mənim yadıma gəlir, 90-cı illərdə biz hamamda çimə bilmirdik, gecələr tualetə getmək olmurdu, neçə nəfəri öldürmüşdülər. İndi isə hər yanda dialoq, dostluq, qardaşlıq, müzakirə, mücadilə, mübarizə, müsamirə vardır! Şair demişkən: “Mübarizə bu gün də var, yarın da, AYB sədri həmişə Anar olsun!”

Sonda bir daha əlaqədar orqanlardan xahiş edirik bu xaric məsələsinə bir əncam çəksinlər. Bəlkə ölkəmizi astar üzünə çevirək, xaric daxil olsun. Xalq şairi Ramiz Rövşənin şeirindəki kimi: “Şalvarımı, pencəyimi çevirdim astar üzünə, Gülə-gülə çıxdım dostlar üzünə”.

Новости автора