Свобода людям, независимость нациям!

Xankəndi məsələsi bitib, siz Qərbi Zəngəzurdan danışın!

Azərbaycan Prezidentinin 4 saat 12 dəqiqə ərzində 35 media təmsilçisinin 50 sualına mükəmməl cavablar verməsi xarici jurnalistləri heyrətləndirdi. Britaniyalı Aynur Tattersalın “mən 25 ildir jurnalistika ilə məşğulam, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”, etirafı azərbaycanlı jurnalist olaraq bizləri məmnun etdi.

Qürurvericidir! Son zamanlar davamlı şəkildə xariciləri yaxşı mənada təəccübləndirən dövlətimizə, dövlət başçımıza, ordumuza təşəkkürlər! Neçə müddətdir ki, xaricdəki mərkəzlər, aparıcı paytaxtlar Azərbaycan ordusunun cəmi 44 günə torpaqlarını azad etməsinin, Şuşa qalasını fəth etməsinin sirrini öyrənməklə məşğuldur. Heç şübhəsiz ki, komandanın iradəsi bu qalibiyyətdə əsgərin şücaəti, əzmi, silah-sursatın müasirliyi qədər önəmli olub. Elə daha çox beynəlxalq auditoriyaya hesablanmış mətbuat konfransında səslənən suallara cavablar da çox əhəmiyyətli idi. Müharibə günlərindəki müsahibə-dərsləri xatırlatdı.

Qalib ölkənin rəhbəri bu dəfə də sualları cavablandırarkən həm dosta, həm düşmənə sözünü dedi, Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha çatdırdı, ölkəmizin bayrağına, konstitusiyasına hörmət edən hər kəsə bu məmləkətdə normal yaşamaq imkanının tanındığını bəyan etməklə Qarabağ ermənilərinə bir daha şans vermiş oldu. Prezident həm də vətəndaşlarımızın Qarabağ məsələsilə bağlı olan-qalan suallarını cavablandırmış oldu, bəzi narahatlıqlara  son qoydu. Xatırlatdı ki, status məsələsi “cəhənnəmə gedib”, söylədi ki, tarixən “artsax dövləti” olmayıb, yoxdur və olmayacaq! Hər kəsi arxayın etdi ki, biz Qarabağın digər bütün ərazilərinə də - o cümlədən Xocalıya - qayıdacağıq! Prezident bəyan etdi ki, Dağlıq Qarabağ məfhumu yoxdur, aranlı, dağlı Qarabağ-Azərbaycandır! Hər birimiz rahat olaq, Xankəndi məsələsi də bitib!  

Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdıran dövlət başçısı erməni revanşistlərin və onlarının havadarlarının cəhdlərinə cavab olaraq Qarabağla bağlı geri qayıdışın, yəni tarixin təkərini geri döndərməyin mümkün olmadığını, əksinə, Azərbaycanın Böyük Qayıdışı reallaşdırmaqda qərarlı olduğunu bir daha əminliklə elan etdi. Özü də bu işlər Azərbaycan dövlətinin öz imkanları hesabına reallaşacaq! Bununla da ölkə başçısı özgüvənliyini nümayiş etdirdi. Necə ki, Azərbaycan 1 milyon qaçqın-köçkününü on illər boyunca öz hesabına yaşatdı, yedirdi, problemlərini həll etdi, bu gün onların öz yurdlarına qayıdışında da kimsədən yardım ummur dövlətimiz!

Prezident Xocalı soyqırımının 29-cu ildönümü günündə keçirilən mətbuat konfransına “Ana harayı” abidəsini ziyarətdən gəlmişdi. Ölkə başçısı “biz Xocalı soyqırımını heç zaman unuda bilmərik” deməklə həm də beynəlxalq aləmə mövqeyini çatdırdı ki, perspektivdə Ermənistanla dinc, yanaşı yaşasaq belə, erməni canilərinin törətdiyi cinayətlər cəzasız qalmamalıdır. Düzdür, dövlət başçımızın dediyi kimi, 44 günlük müharibədə Xocalı qatillərinin bir qismi məhv edilib, ancaq bir hissəsi hələ də azadlıqdadır, hətta revanşa cəhd edir, Azərbaycana qarşı yeni cəbhə açmaq üçün cəhdlər göstərirlər. Deməli, bu canilər beynəlxalq məhkəmə qarşısında cəzasını almayınca, bölgədə sabitliyə təhlükə qalacaq. Bütün bu fikirlərin dünyanın müxtəlif dillərində, beynəlxalq auditoriyaya yayılmasında isə yalnız fayda var.

Azərbaycan və Ermənistanın mənzərəsini bir anlıq müqayisə edək, yerlə-göy qədər fərq var. Quyunun dibindədirlər. Ermənilər Qarabağ döyüşlərində rəzil günə düşmüşdülər, Ermənistanda indi baş verənlər bu ölkənin taleyinin qaranlıq olduğunu göstərir. Nəhayət, adam kimi yaşamaq istəyirlərsə, Xocalı soyqırmı qatillərini - Serj Sərkisyanı, Robert Köçəryanı, Seyran Ohanyanı vətəndaşı olduqları ölkəyə - Azərbaycana təhvil verməlidirlər. Nikol Paşinyan bu addımı atsa, özü də xilas olar, ölkəsi də, xalqı da. Bu cinayətləri Qarabağda törədən Qarabağ erməniləri elə Xankəndində mühakimə olunmalıdır! Bu, baş versə, birgəyaşayış daha tez mümkün olar, nifaqa son verilər, bəlkə də Qafqaz Evi yaranar.

Erməni xalqı başa düşməlidir ki, revanşa cəhd edənlər onlara birdəfəlik qəbir qazmaq istəyirlər. Azərbaycan Prezidenti mətbuat konfransında əbəs yerə “Şərqi Zəngəzur” ifadəsini işlətmədi. Bu, daha çox Qərbi Zəngəzur mesajı idi. Düşmən də, ondan yenidən “maşa” kimi istifadə etmək istəyənlər də hesablarını götürsün. Dövlətimizə, onun rəhbərinə inanaq və hər birimiz öz səngərimizdə ona kömək edək!

Bizimkilər - Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da  əkinçi ola bilərdim” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Elşad Paşasoy

Новости автора