Свобода людям, независимость нациям!

Xalqın məsləhəti lazımdırmı

“El ağzına baxan, qarısını tez boşar”

(ata sözü)

Dünən yadımdan çıxdı, yazmadım, Mərkəzi Bankın yarım milyard manata başa gələcək baş ofisi - rəmzi olaraq “Manatın evi” deyək - təxminən “M” hərfinə oxşar bir göydələn olacaqdır. Yayılan ilkin xəbərlərdən və sxemlərdən belə görünür. Yəqin bunu manatın baş hərfinə baxıb fikirləşiblər. Bizdə tarixən belə təcrübə var. Örnək üçün, su idarəsinin binası damcı formasındadır. Neft-qazınkı alov dilimidir. Kənd təsərrüfatı hələlik yetim sahədir, onun nazirliyinə təzə göydələn tikmək nəzərdə tutulmur, ancaq güman edirik o da turpa bənzəyər. Ya da pambıq qozasına - baxır baş memarın fantaziyasına.

Bəs ayrı cür necə olsun? Müəyyən ölkələr var ki, orada şəhərin görkəmi, harda nə tikək, heykəli kimə qoyaq və sairə tipli sualları camaatla, yerli xalqla, ən azından obyektin yerləşəcəyi məhəllənin sakinləriylə soruşub, məsləhətləşirlər. Azərbaycan hakimiyyəti də hərdən görürsən belə xam xəyallara düşür, əhalidən məsləhət istəyir. Məsələn, “Zəfər muzeyi” hazırlanması işində deyəsən belə söhbətlər, görüşlər aparılıb. Halbuki, qəti lazım deyil! Şəhər quruculuğunu, abidə, memarlıq, arxitektura işini bizim camaatın ixtiyarına buraxsan hərə əcaib bir şey ortaya çıxarar. Biri heykələ balkon qoyar, başqası muzeyin içində manqal tikər, üçüncüsü qaraj açar və sairə. Biz belə şeyləri görə-görə gəlmişik.

Heç yadımdan çıxmır, 15 il qabaq 5 qatlı, 4 bloklu binada yaşayırdım. Qarşıda və yanda eyni bu cür 2 bina da vardı və ortada hardasa yarım hektarlıq həyətə bənzər sahə əmələ gəlmişdi. Bəs uca millətimiz o həyəti necə istifadə edirdi? Biabırçı şəkildə: bir hissəsi qarajlar və axmaq kol-koslu artırmalar (nədənsə bizdə 1-ci mərtəbədə yaşayanlar öndəki hissəni şəxsi ərazisi sayır) idi, qalanı zibillik. Bir gün su problemiylə bağlı məhəllədən yığışıb icra hakimiyyətinə getdik. Orda icra hakimiyyəti “daha nə problem var” soruşdu. İçimizdəki “ağsaqqallar” həyətdə “xeyir-şər evi” tikilməsini xahiş elədilər. Mən təklif elədim həyətə o mənasız binanı soxmayaq, uşaqların, qadınların, yaşlıların istirahəti, əylənməsi üçün kiçik park salaq. Müəyyən oyun qurğuları, kiçik futbol meydançası, skameykalar və sairə olsun. “Ağsaqqallar” dərhal ağzımdan vurdular ki, sən belə şeyləri bilməzsən, sabah ölüb gedəcəyik, bizə yas yeri lazımdır. Nəticə? Hazırda orada yasxana var - ildə 5-10 gün hansısa yas mərasimləri olardı, indi pandemiya üzündən o da qadağandır. Yasxananın böyründə isə “Azəristilik” özünə qazxana tikib, vəssalam. Qalan 3-5 metr də yenə avtodayanacaqdır. Uca millətimiz isə “ağsaqqallarının” uzaqgörənliyi sayəsində eyvandan bir-birinə baxır.

Mən ordan köçmüşəm, necə deyərlər, indi heç vecimə deyil. Bəs o misalı uzun-uzadı niyə yazdım? Çünki hər yerdə ümumi mənzərəmiz bu cürdür. Hər şeyi hökumətin üstünə yıxmaq ən asan üsuldur, bunu hamıdan yaxşı bacararam və tarixən isbat da eləmişəm. Ancaq bizim özümüzdə günah azdırmı? Son illərdə Bakıda hakimiyyətin təşəbbüsüylə bir çox həyətlərin abadlaşması projeləri olub. Bəzi yerlərdə şahmat fiqurları qoyulmuşdu. İndi gedin baxın, görün o fiqurlardan neçəsi qalır? O cümlədən, həmin həyətləri guya orada yaşayan sakinlər özləri abadlaşdıra, düzgün, ictimai şəkildə istifadə edə bilməzdi? Göstəriş olmayana qədər, JEK-dən polisin müşaiyətiylə gəlib sökməyənə qədər adamlar özləri başa düşmür ki, çoxmənzilli yaşayış binasını əlavə və qanunsuz tikililərlə çevrələmək olmaz?

Əlbəttə, mən hökumətimizin də həmişə yüksək zövq nümayiş etdirməsi iddiasında deyiləm. Bayaq “Zəfər muzeyi” projesini yada saldıq, ola bilər onun binası Koroğlunun heykəli, manatın köhnə evi (mənim yadımdadır, o binanın məhz həmin yerdə tikilməsini hətta Heydər Əliyev özü müşavirədə pisləmişdi), ya da Şəhidlər xiyabanındakı əbədi məşəl kimi alınacaq. O məşəl və üstündəki uzun günbəz məncə tam uyğunsuzluq abidəsidir. Nə əklil qoyanlar məşələ yaxınlaşa bilir, nə ziyarətçilər nəyi ziyarət elədiyini anlayır. Qorx ki, Zəfər muzeyimiz də onun kimi, ya da Bayraq meydanı kimi bir şey olsun. Axırıncı lap tragikomediya idi, yadınıza gəlirsə. Ən uzun bayraq, altında muzey, ancaq ziyarət qadağan idi. Axırda deyəsən müdirini də türməyə basdılar, ancaq bu, artıq başqa mövzudur.

Новости автора