Свобода людям, независимость нациям!

Uçan xalça

“Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər. Rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən”
(Əbdürrəhim bəy Haqverdiyev, “Mirzə Səfər”)

Dünya alimləri hesablayıbdır ki, Yer kürəsi daha sürətlə fırlanmağa başlamışdır. Sutkada saniyənin neçə hissəsi qədər – dəqiq yadımda qalmadı. Əgər çox vacibdirsə növbəti yazımda öyrənib hörmətli oxucularımıza bildirərəm. Çünki sutkanın hər saniyəsi bizim uca millətimizin inkişafında əhəmiyyət daşıyır. Dünyanın fırlanmasını isə hələ keçən əsrdə şair öz poemasında yüksək keyfiyyətlə əks etdiribdir: “Axı dünya fırlanır”.

Eyni zamanda, dünyanın ötən ilin müvafiq dövrünə nisbətən sürətlə fırlanmasında bizim korrupsiya ilə mübarizəmizin böyük əhəmiyyət daşıdığını düşünsək, qətiyyən səhv eləmərik. Təzəlikcə baş prokurorluq bu temada mətbuat konfransı düzəltdi, orada elan edildi: 2020-ci ildə 281 şəxsin korrupsiya əməlləri haqda 180 cinayət işi açılmışdır. Halbuki, 2019-cu ildə korrupsiya mübarizə prokurorluğu 497 şəxsə qarşı 310 cinayət işi başlatmışdı. Gördüyünüz kimi, ildən-ilə bizdə həm korrupsiyaçıların, həm də onlara qarşı açılan cinayət işlərinin sayı azalmaqdadır. Özü də nə az, nə çox, hardasa 2 dəfə! Bu minvalla proqnoz edə bilərik ki, 2024-cü ildə Azərbaycanda damazlıq üçün 1 nəfər korrupsioner məmur tapılmayacaqdır. Məcbur olub xaricdən, məsələn, Ermənistandan korrupsioner idxal edəcəyik, “yurfak”ın tələbələrinə əyani dərs vəsaiti kimi göstərmək üçün.

Ermənistan demişkən, bizdə korrupsiyanın azalmasına Qarabağın azadlığı da, heç şübhəsiz, müsbət təsirini göstəribdir, çünki rüşvətxorların çoxu elə işğalçılar idilər, baş-gözlərinə döyüb qovmuşuq. Bu barədə Baş Prokurorluğun əməliyyat çəkilişləri var, hərdən İctimai Televiziyada nümayiş etdirilir: dron qalxır, korrupsiyaçı qazdığı siçan deşiyində gizlənməyə çalışır, lakin bomba təpəsinə düşür və sairə. Maşallah, insanda ruh yüksəkliyinə səbəb olur.

İndi bundan sonra dünya niyə sürətlə fırlanmasın? Əgər əngəllər aradan qalxırsa. O cür köklü islahatları hörmətli Ramiz müəllim Milli Elmlər Akademiyasında aparır. Keçən həftə akademiyada birinci vitse-prezident vəzifəsi ləğv olundu, əvəzinə iki vitse-prezident vəzifəsi yaradıldı. (Ya da tərsinə - dəqiq yadımda qalmayıb). Fevral ayında həmin iki vitse-prezidenti də ləğv eləyib yerində dörd kiçik vitse-prezident eləsə, elmimiz zəncirvari nüvə reaksiyası şəklində bütün dünyaya enerji paylayar. Yaxşı olar idarənin tabeliyindəki Fizika İnstitutu bunun iqtisadiyyatımıza verəcəyi faydaları hesablasın. Hərçənd, Ramiz müəllim fiziklərin başına daha şiddətli islahat gətiribdir, orada bütün rəhbər heyət vəzifəsindən qovulmuşdur. Az qalırsan fikirləşəsən: “Bəlkə o məşhur elmi toyun kasetini liriklər yox, fiziklər çəkib yaymışdır?” Bircə ümid eləyək mələyin uçma sürətini tapan alim işdən çıxarılmayıb.

Ötən illərdən qalan bəzi rudimentlər, təəssüf, hələ millətin qanını qaraldır. Xalça idarəsinin müdirini tutub türməyə basdılar. Çünki palaza bürünüb elnən sürünmək – xalqımız kimi təmiz yaşamaq istəmirmiş. Xalçalarımızdan naxış oğurlayır, dövlətin ilmə-ilmə qazandığı pulları əkişdirirmiş. Almaniyadan 1 milyon dollarlıq avadanlığı 5 milyonda sənədləşdirib alırmış (görünməmiş hadisədir) və sairə - cinayətləri çoxdur, saydıqca bitmir. Özü də bu avam adam başa düşməyib ki, bizdə xalı-xalça işi ən milli məsələlərdən biridir. Elə bircə “itə ataram, yada satmaram” hekayəsini xatırlamaq lazım idi. Dünyada 9 xalça rəngi vardır, onun 11-i bizim respublikadadır.

Sonda mən Beyləqan şəhərinə qəzet çatdırmalı olan idarədən tələb edirəm “Yeni Müsavat”ın nömrələrini nəhayət ora aparsınlar. Yeni il girəndən rayona bir dənə də qəzet getməyib, oxucular zəng vurub şikayətlənir, mən bilmirəm onlara nə cavab verim. Uçan xalçam olsa minib özüm aparardım, lakin xalça idarəsinin müdiri onu mənimsəyibdir. Əlac qalır korrupsiya idarəsinə şikayətə...

 

Новости автора