Свобода людям, независимость нациям!

Tragikomik ayrılıqlar

“O biri dünyada görüşərik, orada sərhədlər yoxdur...”

(Georgi Daneliyanın “Pasport” filmindən, 1990-cı il)

“Fərman padşahındır, dağlar bizimdir”

(Dadaloğlu, 19-cu əsr)

Mən də bu Gürcüstanla sərhəddə Keşikçi dağında sərhədçilərimizin başına gələn əhvalata münasibət bildirim. Hazırda aktual məsələdir, hamı müzakirə edir, hətta tənbəllər də. Bildiyiniz kimi, orada 3-4 gün qabaq beş-altı sarsaq qonşu sərhədçilərimizə hücum edib, hətta deyəsən, silahı və patron darağını ələ keçiriblər, sonra qaytarıblar. Bir az da arada söyüşmə-zad olubdur. İndi bir qrup adam sərhədçini maymaqlıqda qınayır, deyirlər gərək o, atəş açıb sərhəd pozucularının anasını ağlar qoyardı. Başqa qrup isə əksinə, sərhədçini tərifləyir, soyuqqanlı olmağa, düşmən təxribatına uymamağa, iki qardaş dövlət arasında münaqişə salmamağa və sairəyə səsləyir. Mən problemə başqa yöndən yanaşardım.

Ancaq bundan öncə işin içində yenə dini amilin olmasına diqqət verin. Tarix boyunca insanların din, Allah, kilsə, məscid və sairə məbəd yolunda axıtdığı qanlar yəqin dinsizlərin axıtdığı qanlardan milyon dekalitr çox olar, nəinki az. Planetin harasına baxsan orada məbəd üstündə, məbədlərin içində və ətrafında qırğın gedir. Bu da dinin necə zərərli, zəhərli ideologiya olmasının bir isbatıdır. Saakaşvili hökumətinin ən axmaq hərəkətlərindən biri, fikrimcə, Gürcüstanda dini amili gücləndirməsi, təpələrə xaç taxması, yeni bayraq çəkib üstünü xaçla doldurması idi. Kilsə bu gün Gürcüstanda ən mürtəce, insan azadlığına qarşı addımları ilə tanınan qurumdur. Skandinaviyada-filanda belə bayraqları yola vermək olur, Qafqaz kimi yerlərdə isə qaşınmayan yerdən qan çıxartmaqdır.

Qaldı sərhəd... Açığı, mən heç başa düşmürəm Gürcüstan və Azərbaycan kimi bir-birinə həm tarix, həm etnos, həm siyasi, həm iqtisadi və min cür başqa səbəbdən bağlı olan dövlətlərin arasında sərhəd nəyə lazımdır. Avropada, sivil dünyada belə sərhədsiz yerlər çoxalmaqdadır. Hərdən görürsən Niderland və Belçika arasında hansısa şəhərdən keçən sərhədin fotosunu yayıblar: kafenin bir masası başqa dövlətə düşür, bir masası başqasına. Oturub qəhvələrini içirlər, heç veclərinə deyil kimin ayağı hara girib. Bir dəfə xəbər çıxmışdı, Norveç Finlandiyaya (ya da tərsinə) öz ərazisindən bir parça bağışlamaq istəyirdi ki, onların da ən hündür dağı olsun. Ümumiyyətlə, 21-ci əsrdə, qloballaşma, süni intellekt, texnoloji inqilab dövründə torpağa hansısa xətt çəkib “buradan keçə bilməzsən” demək utandırıcı, ayıb şeydir. Özünə ov arealı cızmaq, harasa “piş” eləyib işarə vurmaqla ərazi mənimsəmək heyvanlara xasdır, biz isə şüurlu insanlarıq. Elementar bir misal çəkim: Kür çayı oradan axıb gəlir. Ondan da əvvəl Türkiyədən başlayır. İndi biz necə deyə bilərik Kür bizim çaydır? Bu, dağlara, dərələrə, dumanlara, yaylaqlara da aiddir. Təzəlikcə anam öz uşaqlığından danışırdı, nənəmgilin yaylağı Ermənistanda, Cermuk dağlarında olub. Anam orada mineral, isti sularda çimməyindən, meşələrdən, gözəl təbiətdən danışdı. Mən də internetdə Cermuk dağlarını axtarıb tapdım, videosuna baxdım. Araya nifaq salanları nifrətlə yad elədim, çünki sanarsan cənnətin bir parçasına baxırdım.

1918-ci ildə biz gürcülər və ermənilərlə birgə əslində Qafqaz Respublikası yaratmışdıq. Öncə belə birlik nəzərdə tutulurdu və ən təbiisi də o olacaqdı. Həmin birliyin, Qafqaz dövlətinin ərazisində bugünkü müharibələr, mübahisələr də olmayacaqdı, hətta o gücün qarşısında şimal və cənubdan biz qafqazlıları parçalamaq istəyənlər susacaq, çəkinəcəkdi. Amma ilk gürcülər müstəqillik elan eləyib birlikdən çıxdılar, ardıyca bizim ağsaqqallar da istiqlal bəyannaməsi imzaladı. Bir növ, biz buna məcbur olduq. Hesab edirəm, bu gün sərhəddə mənasız yerə qan axıtmaq istəməyən müdrik əsgərimizin də damarında o cümhuriyyət liderlərinin qanı axır. Qan tökməyə nə var, hünərin var qanı dayandır. Misal üçün, mən təzəlikcə bilmişəm ki, venoz qanaxmanı kəsməklə arterial qanaxmanı kəsmək metodları bir-birindən fərqlənirmiş. Birində yaranın yuxarısından, o birində aşağısından sıxmaq lazım imiş (açığı, indi heç xatırlamıram hansı necə olmalı idi). Yoxsa baxırsan sadə iş kimi gəlir: tənzifi bas, sarı, jqutla sıx və sairə. Sadə deyil.

Əlbəttə, indiki siyasi-iqtisadi, geopolitik şərtlərdə Gürcüstanla aramızda sərhədi ümumiyyətlə qaldırmağın real olmadığını, fentezi janrında göründüyünü anlayıram. Hərçənd, haçansa belə olacaq, yüz faiz. Ancaq ona qədər heç olmazsa həmin monastr (çaşıb “monstr” yazmışdım) zonasını neytral ərazi elan edə bilmərikmi? Qoy ora bütün insanlar sərbəst gedib-gəlsinlər. Axı necə olur, ticarət lazım gələndə azad zonalar, rüsumsuz ərazilər, nə bilim, duty-free yaradırıq, dağlarda, kilsələrdə bu alınmır?

Новости автора