Свобода людям, независимость нациям!

Torpaq üstündə vendetta

“Əmim nağılını qurtarıb dedi: ”Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər".

(Əbdürrəhim bəy Haqverdiyev, “Ayın şahidliyi”)

Qan davası, yalan olmasın, bütün dünya xalqlarının tarixində rast gəlinən bir cinayət üsuludur. Əsasən də dövlət quruluşu zəif olan vaxtlarda, hüquqları başqa cür təmin eləmək imkansız olanda adamlar qisas almağa meyllənmişdir. İtaliyada qan davasına “vendetta” kimi xüsusi ad qoyulubdur, hətta indi ölkənin cənub bölgələrində, mafiya arasında bu ənənə davam etdirilir. Dünya ədəbiyyatında  Şekspirin “Romeo və Cülyetta” əsəri nəsillər arasındakı qan davasının iki gəncin məhəbbətinə mane olmasından bəhs edir. Sözgəlişi, qədim zamanlarda müdrik ağsaqqallar iki dalaşan nəsli barışdırmaq üçün də elə bunları bir-biri ilə qohum edərmişlər. Ya da hansısa qurbanın əvəzinə böyük miqdarda pul ödənərmiş, qanlı silsilə qırılarmış. Dindarların xətrinə dəyməsin, qan davasının bir yaşayış forması olaraq ötürülməsində təkallahlı dinlərin də böyük rolu olubdur, çünki bunların hər birinin kitablarında bu və ya başqa formada “gözə göz, dişə diş” üsulunda cəzalandırma Allahın buyruğu kimi yazılıbdır.

Görkəmli Amerika yazıçısı Mark Tven “Heklberri Finnin macəraları” əsərində qan davasını bu cür ələ salır: “Qan düşmənçiliyi belə bir şeydir: görürsən kimsə başqası ilə mübahisə edir və onu vurur öldürür, o zaman ölənin qardaşı da öldürəni öldürür. Sonra onların qardaşları bir-birini öldürürlər, sonra əmiuşaqları və dayıuşaqları işə qarışıb bir-birini öldürür, nəhayət, hamı qırılıb qurtaranda düşmənçilik də bitir”. Doğrudan da, qan davası ən mənasız və məntiqsiz bir dava üsuludur, bunun heç bir halda axırı yoxdur. Hazırda dünyada harda bu qalıbsa, bilin ki, orada hüquqa, dövlətin qanunlarına əhəmiyyət verilmir, məhkəmələr rüşvət, korrupsiya içində boğulur, qurbanların qohumları ədaləti yalnız özlərinin bərpa edə biləcəyinə əmindir.

Azərbaycan ədəbiyyatında da haradasa qan davasını özündə əks etdirən bir əsər var: Əbdürrəhim bəy Haqverdiyevin “Ayın şahidliyi” hekayəsi. Orada bir quldur fağır kəndlini gecə vaxtı dərədə tutub heç nədən öldürür. Kəndli ölməzdən qabaq Ayı şahid çağırır, deyir, qanım yerdə qalmasın. Neçə illər keçir, öldürülən kəndlinin qardaşı təsadüfən həmin quldurun dəstəsinə üzv olur. Bir gün o dərədən keçəndə quldur gülür, adam soruşur nəyə güldün, deyir ki, filan vaxtı burada bir kəndlini soyub öldürdüm, Ayı şahid çağırmışdı, çox səfeh adam idi, Aydan da şahid olarmı və sairə. Qardaş dərhal söhbəti başa düşür və qisasını alır, qulduru öldürür. Yeri gəlmişkən, fikrimcə, Haqverdiyevin o hekayəsi dünya ədəbiyyatının şedevrlərindən biridir, tərcümə elətdirib yaya bilsək, adımız ucalardı.

Yəqin hörmətli oxucular bu sicilləməni niyə yazdığımı çoxdan anlayıblar. Bu həftə Ağstafada qan davası motivli cinayət hamımızı şoka saldı. Ancaq mən cinayətin vendetta xarakterinə deyil, başqa detallarına diqqət çəkmək istəyirəm. Vacibdir.

Birincisi, hadisənin törədilmə yerinə baxaq: bazar. Ölkə bazarlarında qırğın-qiyamət əslində hər gün olur, ən azından mənəvi səpkidə. Misal üçün, görürsən, satıcı deyir: “O üç balamın  meyitini görüm əgər bu alçanın kilosunu özüm 4 manatdan almamışamsa”. Ya da bəlkə bazarın yarısını alıb əlindəki torbalara doldurmuş yekəqarın bir kişi and içir: “Mənim yeddi arxa dönənim qırılsın əgər gilası nübar eləmişiksə”. Təbii, mövsümdən, məhsuldan asılı olaraq sözlü qırğının miqyasında, tətbiq edilən silahın növündə yüngülvari dəyişiklik mümkündür, mən ümumi mənzərəni yazdım. Bu il isə kənd təsərrüfatımızın uğurları sayəsində avokado ilə gilas, manqo ilə ərik təxminən eyni qiymətədir, nəticədə əhali arasında bazarlarda böyük gərginlik yaşanır (fikrim var bu temada ayrıca yazım, hələlik bunu oxuyun, hamısını bir yazıda yazsam gərək mən də gilas yeməyim).

İkincisi, orada qan davasının torpaq üstündə başladığı deyilir, bu da bizim Mete xaqan ruhlu gənclərimizin yetişməsini göstərir. Ermənilər də gərək dərs alsınlar, səfeh başları ilə bir qədər düşünsünlər ki, əgər iki ağstafalı ailə arasında 2007-ci ildən başlayan torpaq davası artıq 5 şəhid, 3 qazi, 2 əsirlə yekunlaşıbsa, gör bu millət Qarabağın üstündə nə qədər erməni qırar.

Новости автора