Свобода людям, независимость нациям!

Tender istidir, birini də sən yap...

Deyir, insanın öz-özünə elədiyini el yığıla, ona edə bilməz. Mühəqqəq belədir. Az yaşınız yoxdur, siz də görmüsünüz ki, rəqiblər, düşmənlər ha birləşir, qaya kimi yerində durmuş adama bata bilmirlər. Amma elə ki, həmin qaya öz təşəbbüsü ilə nəyə görəsə yerindən tərpənir, dığrlanıb gedir dərənin dibinə.

Kəlbəcərin başçısına deyən gərək idi, 200 min manatlıq maşın nəyinə lazımdır, sənin sələflərin 10 min manatlıq “UAZ”-da gəzmirdimi?

Yaxşı, deyək ki, Kəlbəcər yoxdur, dağ başında, dərə dibində yerləşən kəndlərə getmək lazım deyil, demək, “UAZ”-a (və ya onun müasir variantı “Gelandevagen”ə) da ehtiyac qalmayıb, sən də get 30-40 min manatlıq sedan tipli bir maşın al, sür, getsin. Vallahi, o qiymətə elə maşınlar var ki, görənlərin ağzı açıq qalır.

Bunu da keçdik, bahalı maşın istəyirsən, yaxşı edirsən, kimin oğlundan əskiksən, adam göndər, soraqlasınlar, axtarsınlar, tapsınlar, ta tender elan etmək nədir?

Bahalı maşın üçün tender elan etmək “ay camaat, məni sosial şəbəkədə hoydu-hoyduya götürün” deməkdir.

Zatən, ortalıq qarışıq idi. Sosial şəbəkə fəalları Zamirə Hacıyevanın Londonda küləyə sovurduğu milyonları yerdən kürüyüb hesablamaqla məşğul idilər ki, 2 milyonluq saat söhbəti çıxdı, onun hansı pullarla alındığını öyrənib başa çatdırmamış, indi də ortalığa 200 minlik maşın vaqiəsi girib.

İmkan verin, insanların baş-qulağı bircə həftə dinc olsun. Yoxsa xalqda belə bir qənaət hasil olub ki, məmurlar tuşdu-tuşunnan büdcəni dağıdırlar, kim fərasətlidir, daha çox qamarlayır, çırpışdırır.

İndi kimsə mütləq deyəcək ki, adam o boyda vəzifənin yiyəsidir, piyada gəzsinmi?

Sanki 200 minlik maşında gəzməyin antitezi piyada gəzməkdir...

Yox, piyada gəzməsin, yuxarıda ərz elədiyimiz kimi, daha təvazökar avtomobil növlərinin birində gəzsin. İndi heç kim Kərimin boz ürgəsində, yəni atda, köhləndə gəzmir.

Amma bir komitə sədri maaşının yarısını müdafiə fonduna bağışlayırsa və başqası gedib ən bahalı maşından yapışırsa, ianə vermək jestinin bir mənası qalmır. Camaat boğazından kəsib fondlara ianə verəcək, kimsə də 50 minlik maşında gəzmək yerinə 200 minlik maşın seçəcək. Sən də 150 min qənaət eləsən, pis olarmı, eloğlu? Amma yox, adam görür ki, tender istidir, deyir, birini də mən yapım.

Azdan-çoxdan dünyadan xəbərimiz var, belə şeylər yalnız bizim kimi ölkələrdə olur. Avropada elə ölkələr var ki, nazirləri, hətta baş nazirləri bizim ölkənin adi MKİS rəsinin mindiyi maşında gəzmir.

Məsələn, Uruqvayda Xose Mujika adlı bir prezident vardı (indi də var, Allah ömür versin, sadəcə, indi-eks-prezidentdir), 40 il əvvəl  buraxılmış köhnə maşında gəzirdi. Yaxınları deyirmiş, a Xose, gəl, bu maşını nəhayət, dəyişək. Cənab Mujika da deyirmiş, yox, dövlətə zərər olar, özümün də pulum yoxdur, nəylə dəyişirəm, həm də nə gərək var, ayağımı yerdən götürür, bəsdir.

Vaxt gələcək, o maşının 1 milyon qiyməti olacaq. Çünki onu dünyanın ən gözütox tarixi şəxsiyyəti minib.

Yaxud İngiltərədə bir milyarder var (hər dəfə adı yadımdan çıxır), gənc vaxtı qafanı kommunizmə necə qapdırıbsa, kompartiya üzvü olub, “Niva” maşınları çıxandan bəri yalnız “Niva”da gəzir. Adam istəsə “Aerobus”, 200 metrlik yaxta, hətta lüks maşınlar buraxan zavod ala bilər, amma almır, bizim Sulutəpə uşaqları kimi “Niva” sürür. Əlbəttə, o, bu maşında rep oxuda-oxuda avtoxuliqanlıq eləmir, sadəcə, dünyaya göstərmək istəyir ki, adamın milyardları olsa da, sadə yaşaya bilər.

Bu baxımdan Kəlbəcərin başçısı gərək özünü londonlu milyarder kimi aparaydı, bir az sadə, təvazökar olaydı. Özü də bədən tərbiyəsi müəllimidir, sağlam adamdır (hərçənd deyilənə görə, səhhətindəki problemlərlə əlaqədar hərbi xidmətdə olmayıb), bir az qəlbi maşında gəzsə, ona heç nə olmaz.

Gərək Maliyyə Nazirliyi də belə şeylərə fikir versin. Təkcə bahalı xidməti maşınlar tədarük edilməsi ənənəsinə son qoyulsa, dövlət büdcəsinə bir neçə xaral artıq pul girər, onu da camaatın dərdinə-oduna xərcləmək olar. Qoy məmurun yumşaq yeri bir az bərkisin, nə olacaq, əvəzində camaatın da onlara qarşı ürəyi yumşalar.

Новости автора