Свобода людям, независимость нациям!

Təmirdənsonra

“Bircə onu demə ki, sənin suçun yoxdur. Bu, mənim zəkama təhqir olardı”

(“Xaç atası” filmindən)

Fransadan xalq gətirməyimizə ehtiyac olmadı, ancaq Firəngistandan yaxşı kafel-metlax gətirib rəhmətliyin evini (yetim qarabağlılar demişkən, “əvini”) “evropeyski” remont elədilər. Deməli, problem zamanın nəbzini tutmaqdadır. Fürsəti gözləyəsən gərək. Hər ovun bərədən keçmə vaxtı vardır. Lenin demişkən, bu gün tezdir, sabah gecdir. Ya da tərsinə demişdi - dəqiq yadımda qalmayıb. Həyatımı Leninin aforizmlərini yadda saxlamağa sərf edə bilmərəm. Qoy onun fikirlərini xeyrini görənlər əzbərləsin. 

Məsələn, YAP bu dəqiqə gündəmi yaxşı tutubdur, hətta başqa partiyalara dəvətnamə göndərirlər, deyirlər, lütfən gəlin, bələdiyyə seçkisində iştirak eləyək. Məlum deyil bələdiyyə seçkisi nə üçün keçirilir, axı hazırda yerlərdə satmağa torpaq da qalmayıbdır. Bələdiyyə dünyanın ən mənasız, məzmunsuz, atavistik qurumu olan JEK-lərdən də səmərəsiz hala gəlibdir, səni isə orada iştirak eləməyə çağırırlar. Yaşadığım ərazidə bələdiyyə sədrini döymüşdülər, çıxarıb yerinə ayrısını qoymuşdular, heç seçicilərə xəbər də vermədilər!

Hansı səlahiyyətin olacaq? Vergi toplaya biləcəksənmi? Topladığın pulla adi zibil qabı alıb qoyacaqsanmı? Yoxsa yenə məhəllə daxili yolları icra hakimi asfaltlayacaq, uşaqların oyun meydançaları isə yasxana tikintisinə ayrılacaq? Keçmişi tamamilə sönük, gələcəyi qaranlıq olan qurumda iştiraka səsləməkdənsə bəlkə Fransadan bələdiyyə ixrac etmək daha yaxşı olardı. Bəzi idarələrdə bunu edirlər. Örnək üçün, futbolda, güləşdə, voleybolda... Əgər onlarla olimpiya mərkəzi tikilib işə yaramırsa, yüksək səviyyədə etiraf edildiyi kimi, əyalətlərdə gənclər mərkəzləri boş qoyulub ağzına qıfıl asılıbsa, idmançını, təşəbbüskar gənci xaricdən gətirmək düzgündür. Neçə dənə universitet var, ancaq yenə “xaricdə oxuyanlara vəzifə verildi” söhbəti yaxşı hal kimi vurğulanır. 

Bəlkə pensiyaçıları istefaya çağırmaqdansa xalqı istefa verməyə səsləmək daha məqsədəuyğun olardı. Səmimi olardı. Bu ərazidə siz bacarmadınız, çıxın gedin. 

Prinsipcə, dolayısı ilə olsa da bunu deyirlər. Həyata keçirirlər. Babamız Zəngəzuru, İrəvanı verib gəldi, biz Qarabağı vermək üzrəyik. Çünki istənilən vətən, torpaq, dövlət ilk növbədə yaddaş amilinə söykənir, xatirələrə dayanır. Mənim Qarabağla bağlı xatirələrim var, o üzdən ora getmək istəyirəm. Övladımı görmədiyi yerə bağlı necə böyüdüm? Bu dəqiqə Azərbaycanda elə nəsil yetişir ki, onlar üçün Qarabağ elə məşhur deyimdəki kimi, “daşlı-çınqıllı yerdir”. Mars, Merkuri, Yupiter əraziləri ilə Xocavənd və Ağdərənin fərqi qalmamışdır - heç birinə ayağımız dəymir. “Getməsək də, gəlməsək də, O kənd bizim kəndimizdir” deyə sentimental şeirlər oxumaq olar, ancaq ortada heç kənd, quru ev divarları da qalmayıbsa necə? Hələ bizə balaca bir “Qarabağ modeli”, evcik-evcik oynamağımız üçün oba da düzəldiblər, istəsən gedib orada əylənə bilərsən, cocuqlarla həkimçilik oynarsan. Hərdən adam özünü lap laboratoriya dovşanı kimi hiss edir. Bu eksperimentin axırında nəyə əlac tapılacaqdır, hansı sağalmaz dərdin dərmanı əldə ediləcəkdir, heç kim bilmir. Tərslikdən, laboratoriyanın baş həkimini də uzun müddət qoduqluğa basmışdılar, mikroblar kolbadan, Petri kasasından qaçıb dağılmışdı. Ha çalışırlar, bir araya toplamaq olmur. 

Ağsaqqal və ağbirçəklərdən bəzilərinin bu arada “YAP-ın qərarını gözləyirəm”, “Prezident qərar versin, gedim” tipli açıqlamaları adamı kövrəldir. İlk növbədə, adam fikirləşir ki, ey dadi-bidad, bunlar heç olmasa pensiya alacaqlar, bizim heç stajımızı qeydə alan yoxdur. Qul bazarında əmək kitabçası verilmir axı. Başqa tərəfdən, partiya rəhbərliyi deyəndə YAP-ın sədri nəzərdə tutulmurmu? Axı sədr açıq mətnlə “yaxşı yol” arzu edibdir. Fərdi şəkildə, bir-bir qovmalıdır? Sözgəlişi, sovet vaxtı “fərdi pensiyaçı” adlı bir sosioloji termin vardı. Az qala sovetlərin bütün julikləri axırda bu vəsaitlə təmin edilirdilər, adi pensiyaçılardan qat-qat çox pul alırdılar. İndikilər də fərdi juliklərdir. 

Sonda qayıdaq mövzumuza. Mövzu isə belədir: görəsən, bu işlərin axırı necə olacaqdır?

 

Новости автора