Свобода людям, независимость нациям!

Təltiflər və təkliflər

Yaxud ruslar Moskvanı da bir günə tikməyiblər

Müharibədən sonra psixoloji diskomfort yaşayan, mülki həyata öyrəşməkdə çətinlik çəkən keçmiş hərbçilərimiz var. Bu, bütün dünya tarixində rast gəlinən bir haldır. Həmişə belə olur, adamlar qəhrəmanlıq göstərir, qayıdıb gələndə isə cəmiyyətin başqa qayğılarla yaşadığını görürlər. Ölmüş yoldaşları, yaralılar, dəhşətlər yada düşür, bu yüklə ömür sürmək çətinləşir. Ancaq hər halda, indiki veteran və qazilərimizin vəziyyəti 1994 atəşkəsindən sonrakı qazilərin durumundan min dəfə yaxşı olmalıdır. Həm iqtisadi durum fərqlidir, neft pulumuz var, həm də biz qalib tərəfik.

Söz açılmışkən, məncə, 90-cı illərdə döyüşlərdə şücaət göstərən, yaralanan, əlil olan insanların zəhmətini qiymətləndirməliyik. İndi onlara da orden və medallar verilməlidir. Tutaq ki, hər hansı əsgərin yaxşı komandiri olmayıb, nəticədə qoruduğu ərazi işğal edilib. Ancaq əsgər qəhrəmancasına döyüşübsə, oradan yaralı çıxarılıbsa, nə günahı var? Gec də olsa təltif edilməlidir. Bizdə bunun şəhid ailələrinə sığorta pulu ödənməsi baxımından yaxşı təcrübəsi oldu. O cümlədən 1941-45 davasından çox-çox sonralar görürdün kiminsə qəhrəmanlığı sənədlərlə üzə çıxdı, haradansa arxivdən tapıldı, sovet hökuməti adama medalını verirdi. Məsələn, general Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almışdı, bunun ikincisi 1991-ci ildə verilmişdi. Sənədlər üzə çıxarılmışdı ki, əslində Aslanov 1944-cü ildə bu ada layiq görülüb, lakin erməni general Baqramyanın maneçiliyi, paxıllığı üzündən bunu ala bilməyib.

Həmçinin bu təltif-mükafat işinə hansı idarə baxırsa, ondan xahiş edirəm, tibb işçilərimizi diqqətdən kənarda qoymasınlar. 44 günlük davanın ən şiddətli zonalarından biri şübhəsiz ki, Füzuli istiqaməti olub və rayonda yerləşən həm Diaqnostika Mərkəzinin, həm də Füzuli Rayon Mərkəzi Xəstəxanasının kollektivləri yaralı əsgərlərin xilas edilməsi üçün böyük zəhmət çəkiblər. Mən bu iki xəstəxananın hər gün nə qədər yaralıya xidmət göstərdiyini təxmin edə bilərəm, ancaq ən dəqiqini Müdafiə və Səhiyyə nazirlikləri bilməlidir. Lakin əldə etdiyim informasiyaya görə, hələ indiyəcən Diaqnostika Mərkəzinin və Mərkəzi Xəstəxananın tibb işçiləri, həkimlər adi quru diplom və ya təşəkkürnaməyə də layiq görülməyiblər. Halbuki yenə yazıram, onlara ən azı “Füzulinin azad edilməsinə görə” medalı düşür, baxmayaraq Şuşadan Zəngilana, Qubadlıdan Cəbrayıla qədər bütün cəbhələrdə yaralılar ilk növbədə bu xəstəxanalara gətirilirdi. O cümlədən əmək haqlarının ödənilməsində hansısa fərq olmayıb.

Dünən Müdafiə Nazirliyinin tərxis olunan hərbçilərə müraciəti yayıldı. Deyirlər nə dərdiniz olsa, bizə deyin, sosial şəbəkədə yaymayın. İlk baxışdan haqlı mövqedir. Hərbi nizamnaməyə görə də şikayəti ilk növbədə komandirə etməlisən. Ancaq dərd-sər lap sosial şəbəkədə yayılsın, aşkara çıxsın - bundan nə zərər? (Əlbəttə, qulluqda olanların, müəyyən hərbi sirr xarakterli məlumatın yayılması bəlkə də istisnadır). Əsas odur siz problemi öyrənirsiniz, buyurun, onu həll eləyin. Biz Amerika deyilik, camaatın ağzını yumaq. Odur, Vaşinqtonda Donald Trampı bütün sosial şəbəkələrdən qovurlar, imkan vermirlər adam mıqq eləsin. Belə də söz azadlığı olar? Biabırçılıqdır. ABŞ-da kimin başqasından xoşu gəlmirsə, dərhal onu boykot edir. Bəs o məşhur “söz azadlığına qadağa qoyan qanunların qəbulu heç bir halda mümkün deyil” məzmunlu konstitusiya düzəlişi necə oldu? Mən təklif edirəm, bizim Mətbuat Şurası, başda hörmətli Əflatun müəllim olmaqla, dərhal ABŞ-da söz azadlığına təzyiqlərə son qoyulması üçün bəyanat versinlər.

Hələlik bu qədər. Şuluqluq salanlara isə demək istəyirəm ki, Şurnux bizimdir! Dünənəcən Ağdama durbinlə baxırdınız, nə tez unutdunuz? Səbrlə, təmkinlə hər şey yaxşı olur, darıxmayın.

Новости автора