Свобода людям, независимость нациям!

Təlaşa ehtiyac yoxdur

“Su olmasa, qışda əridib qarı yeyərsən,

Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən"

(Sabir)

Bu yaxında kənd təsərrüfatı nazirinin müavini dükan-bazarda bahaçılıqla bağlı demişdi ki, təlaşa ehtiyac yoxdur. Əlbəttə. Mən də hansısa nazirlikdə işləsəm heç zaman təlaş etməzdim. Eyni zamanda nazirlikdə işləməyənlər üçün də təlaş lazımsız şeydir. Ət olmaz, böcək yeyərik. Deyir, beynəlxalq təşkilatlar da camaata həşərat yeməyi məsləhət görür: əqrəb, hörümçək, qarışqa, tarakan... Uzun sözün qısası, hərəkət edən nə varsa yemək olar. Tərtəmiz zülal imiş. Yaxın illərdə planetdə camaat o qədər artacaq ki, bunlara mal-qara əti çatdırmaq mümkün olmayacaqdır. Kim indidən həşərat yeməyi öyrənsə, salamat qalacaqdır. (O vaxtacan Ermənistan boşalacaq, biz Qarabağı alacağıq. Ümid edirəm MTN Eldar da Metro Tağının 3 milyon dollarını qaytarmış olar. Yaşlı, şair adamdır, qoca vaxtında çətinlik görməsin). Ağcaqanadı otaqda şəxsi qanınla bəsləyəndə əsl təbii, GMO-suz, orqanik yemək alınır. Əqrəbin zəhəri isə qaynadanda yox olur - bunu mən telekanalizasiyalarımızın hansındasa mətbəx verilişində gördüm. Orada rayonda yaşayan müəllimlər və həkimlər dolanışıq üçün ilan-qurbağadan ləziz milli xörəklər hazırlamağı məşq və təlim edirdilər. Deyir, qurbağadan yaxşı yayma xəngəl, qarışqadan isə basdırma olurmuş. Milçəyin əla yarpaq dolması çıxır. Hələ çəyirtkə antrikotu... Mmmm... Ləzzətdir. Vaxt gələcək, şadlıq sarayında mətbəxdən quzu əti tapılması milləti narahat edəcəkdir, baxarsınız.

Bir az dini, halal-haram məsələsi var, onu da şeyximiz fətva ilə həll edər. Dövlət idarəsidir, nə işə yaramalıdır? Ümumiyyətlə, nazir müavini təlaşa ehtiyac olmadığını deyəndə həmçinin bizim dualarımızı nəzərdə tuturdu. Biz belə sınaqlardan çox çıxmışıq. Qiymət qalxanda bizim əllərimiz də havaya qalxır. Qiymət və əllərimiz düz mütənasib əlaqəyə malikdir. Pis mənada, təslimçilik kimi yox, dua etmək üçün. Şükranlıq üçün. Necə deyərlər, pis günümüz belə olsun... Daha pis ola bilərdi - öz potensialımıza, qabiliyyətimizə bələdik. O üzdən, dini kadrlara ehtiyac artır. Mühəndis ixtisaslarını ləğv eləsək də, bu ildən molla peşəsində artım vardır. Deyir, keçən il Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul olmuşdur, 2019-cu ildə dövlət qəbul planını artırmağa məcbur olaraq tələbə sayını 72 nəfərə qaldırmışdır. Əlhəmdüllah. Maşallah. Mollalarımız çox olmalıdır ki, xalqın göylə əlaqələri zəifləməsin, bağ-bostan, pomidor-xiyar dərdi çəkməsin. Fani dünyadır, axirət üçün çalışın. Vallah. Məsələn, mənim çoxlu pulum olsa holdinqimin adını “Axirət Holdinq”, ya da “Şükürolsun” qoyardım. Sözgəlişi, bu yaxında ölkənin ən böyük monopolisti iqtisadiyyatımızda monopoliyaların olmasından şikayətlənmişdi. Həmin vaxt o qədər güldüm, az qaldı qarnım cırılsın, sonra sakitləşdim, dedim, qarnım cırılar, boş olduğu görünər, xaricdən maliyyələşən axmaqlar çəkib internetə qoyarlar, respublikamızın müsbət imicini zədələyərlər. Patriotizm bax belə şeydir, gərək güləndə də elə güləsən, qarnın cırılmasın.

Təlaşsızlıq o qədər bizi arxayın salıb ki, bir arvad uşağını metroda unudub çıxıb getmişdi. Deyir, ağzı telefonda danışmağa qızışıb, növbəti stansiyalarda baxıb uşaq yanında yoxdur. Ancaq bunun özü respublikamızda asayişin, ictimai-siyasi sabitliyin sübutu deyildirmi? Uşağı harada istəsən qoy, başını burax, çıx get. Tam arxayın şəkildə. Axşamüstü hüquq-mühafizə orqanları özləri gətirib beşiyinə buraxacaqdır. Pampersini dəyişdirirlər. Hələ bəzi uçastkovılar milli laylay oxuyur, körpəni yatızdırıb gedirlər. Sərbəstlik, azadlıq, insan hüquqları, sərbəst toplaşma, sərməst goplaşma, sərrast zopalaşma, sərsəm sabunlaşma və sairə azadlıqlar necə inkişaf edibsə, maşinistlər qatarı açıq qapı ilə sürür, camaat metroda siqaret çəkir, manıslar hovuzda öpüşür, avtobus sürücüləri maşın sürə-sürə vatsapda sevgililərinə ürək işarəsi göndərirlər.

Elə mən də yazımın sonunda bütün oxucularıma öpücük işarəsi göndərirəm. Bu il öpücüklərimiz boldur, yaxşı məhsul var.

Новости автора