Свобода людям, независимость нациям!

Tanış dəli

“Bizə ağıllılar lazım deyil. Bizə sədaqətlilər lazımdır”

(Struqatski qardaşları, “Tanrı olmaq çətindir”)

Çox ciddi bir hadisə uca millətin diqqətindən kənarda qaldı, halbuki, demokratik inkişafımız qədər vacib, kosmosu fəth eləməyimizdən üstün bir söhbət idi. Bildiyiniz kimi, hansısa təxribatçı ünsürlər milli orfoqrafiya qaydalarımıza qənim kəsilərək “nazir” sözünü böyük hərflə “Nazir”, “alqı-satqı” və “əsgər” sözlərini isə “alğı-satqı”, “əskər” kimi yazmağımızı istəyirdilər. Hazırlanan proje Nazirlər Kabineti yanında orfoqrafiya idarəsinə təqdim edilmişdi, az qalırdı qüvvəyə minsin, şükür, idarə bunu rədd etdi, dilimiz xilas oldu. İndi bizdə ancaq bir vəzifəni böyük hərflə yazmağa icazə var, özünüz bilirsiniz. Açığı, mənim icazəm yoxdur onun adını çəkim, çünki çəksəm gərək öz adımı balaca hərflə yazım. Çətin işdir. Dözməliyik.

Hər halda bizdə dilçilik sahəsində atılan addımlar, ASAN, DOST, Məhəbbət Nazirliyi kimi idarələrin yaranması yeni dil formalaşmasına gətirir. Rəhmətlik Oruell və Bulqakovun yeri məlum. Necə deyərlər, adamlar kitabı bədii əsər kimi yazmışdılar, biz istifadə təlimatı kimi yararlanırıq. Soyuducunun, paltaryuyanın-zadın üstündə gələn təlimat kimi.

Yeni dövrümüzün maraqlı qəhrəmanları da üzə çıxır. Keçən həftə onlardan biri Bakı metrosunda məktəbli qızı döymüşdü. Sonra polis ona 15 sutka həbs cəzası verdi, şəkilləri qəzetdə çıxdı. “Yeni Müsavat” yazdı ki, həmin bu tip haçansa redaksiyaya da gəlib canlı yayıma çıxmağı tələb eləyibmiş. Şəklini görən kimi tanıdım: onu mən də görmüşdüm. Ətraflı yazım, çünki heç yadımdan çıxmayan bir hadisədir.

Hardasa iki ay qabaq olardı, “28 may” metrosundan çıxıb üzü dənizə tərəf gedirdim. Bu zaman belində çanta, gözündə eynək bir cavan oğlan küçədə qışqıra-qışqıra bu iki cümləni təkrar eləməyə başladı: “Tüpürüm sizin Avropa dəyərlərinizə! Yaşasın milli Azərbaycan dəyərləri!” Onun fiziki görkəmini yuxarıda niyə xüsusi yazdım, onu deyim. Məsələ ondadır ki, adam görkəmcə çağdaş bir gəncə, hardasa elə Avropa dəyərlərinə söykənən tipə oxşayırdı, hətta bir suyunun köhnə dostumuz, yazıçı-publisist, tərcüməçi Əli Novruzova (həmin an bu müqayisə ağlıma gəlmiş, gülmüşdüm) bənzədiyini qeyd etməliyəm. O üzdən adamın Avropa dəyərlərini söyməsi bir az mənə çöçün gəldi. Ancaq bağıra-bağıra da sürətlə aradan çıxdı, heç soruşa bilmədim qardaşımız niyə Avropa dəyərlərini bəyənmir. Ətrafdakı camaata da söhbət qəribə gəlmişdi, açığı, onun psixikasında müəyyən problem olduğunu zənn edib gülənlər vardı. (Açığı, mən özüm də bir az bu cür zənn elədim, ancaq nə biləsən... Ağıl və dəlilik çətin temalardır, prinsipcə bu dünyada kimin dəli, kimin ağıllı olmağını isbat eləmək mümkünsüzdür. Hansısa alimin dediyi kimi: “Şüurun nə olduğunu dərk eləmək pəncərədən baxıb özünün küçədən keçdiyini görmək kimi bir şeydir”).

Üstündən az keçmədi ki, mən “dostumuzun” başqa bir  tədbirdə canfəşanlıq edərkən videosunu gördüm: feministlər ölkədə qadınlara qarşı zorakılığa etiraz yürüşünə çıxmışdılar və yürüşü dağıdanlar təkcə polislər deyildi. Düz tapmısınız, bu gənc də orda qadınlara yumruq atırdı.

Mən o adamın adını bilirəm, ancaq fikir verdinizsə yazmıram - qəsdən edirəm. Niyə? Çünki mənə elə gəlir o gənc son 25 ilin ortaya çıxardığı azərbaycanlı tipidir, bizim ümumiləşdirilmiş bir obrazımızdır. Biz xaricdən avropalıya bənzəyirik, ancaq daxilən “milli mentalitetimizlə” yaşayırıq, hərçənd, bizim mentalitetdə balaca qız uşaqlarını döymək olmamışdır. Lap olsa belə, indiki qədər kök atmamışdır. Azərbaycan dəyərləri adlanan bir uydurmanı Avropa dəyərlərinə - insan haqlarına, azadlığa, demokratiyaya qarşı qoymuşuq. Həmin gənc haqda məlumatda indiyəcən Müsavat, YAP, REAL və sairə partiyaların üzvü olması yazılmışdı. Bu da özünə yer tapmayan, şəxsi maraqlarını təmin etmək üçün hər yuvaya qonan azərbaycanlının ümumi tipajıdır, şəklidir. Ona 15 sutka verdiniz, bəs qalanlarını, qalanlarımızı nə edəcəyik? 

Görkəmli sənətkarlar demişkən, vəziyyət bizim düşündüyümüzdən ağırdır.

Новости автора