Свобода людям, независимость нациям!

Taksiləri fırlatmaq

İqtisadiyyata azadlıq versən, rəqabət yaransa qiymətlərin aşağı düşəcəyini, yüksək keyfiyyət yaranacağını canlı görməyimiz mümkündür. Nə qədər qəribə olsa da, hazırda Azərbaycanda belə iqtisadi sahə vardır. Harada? Nəqliyyatda! Yox, mən narkomanların, alkoqoliklərin sərbəst şəkildə adam daşıdığı avtobusları nəzərdə tutmuram.

Bu, taksi sektorudur. Bakıda taksi daşımaçılığı sahəsində bu dəqiqə hər cür qiymət, hər cür keyfiyyətdə şirkət tapmaq olar və hər şey müştərinin özündən asılıdır. İstər sərnişin, istər yük daşımaq üçün, necə deyərlər, “su qiymətinə” maşın tapırsan. Telefonla, naviqasiya qurğuları ilə təmin edilmiş təmiz, rahat taksilər səni hara istəsən, ən ucuz qiymətə aparırlar. Demək bazar iqtisadiyyatına başqa sektorlarda da imkan versən uca millətimiz xarüqələr yaratmağa qadirdir.

Ancaq hökumət nə edir? Yaxşı örnəyi yaymaq əvəzinə, boğmaq fikrinə düşüblər. Nazirlər Kabineti keçən həftə lazımsız bir qərarla taksi daşımaçılığında guya təzə qaydaların əsasnaməsini hazırlayıbdır, bu “yeniliyə” görə bundan sonra taksi sürücülərinin hazırlanması... Bakı Nəqliyyat Agentliyinə həvalə edilir. Sən demə indiyəcən bu planetar-qlobal-geopolitik vəzifə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin öhdəsinə düşürmüş. Sanki bu nazirliyin başqa işi-gücü yox imiş.

Taksi sürücüsü hazırlamaq üçün hansı xüsusi dərslər keçilməlidir, bunun üçün Bakı Nəqliyyat Agentliyinin imkanları vardırmı - heç kimin, o cümlədən, Nazirlər Kabinetinin vecinə deyildir. Saqqaldan kəsib bığa yamayırlar, elə bilirlər qəşəng görünür. Əgər bu Agentlik nəsə bir işə yarayan idisə, yüz milyonlarla dolları batırmazdı. O milyonlar ki, Bakıda işləməyən avtobus lövhələri, dayanacaq tabloları və sairəyə sərf olunub, atılıb. Lap hesab edək bunu rəhmətlik nəqliyyat naziri Ziya müəllimin parovoz çiyinlərinə yüklədik, getdi. Bəs onun işdən qovulduğu illərdə niyə bu sektor düzəlmədi? Yenə avtobuslar qatarlara kəllə atır, yenə alkoqoliklər maşın sürür... Çünki sektor sərbəst deyil. Marşrut xəttləri, avtobusların alınması, istismarı gizli, qaranlıq mexanizmlərlə olur. İndi bu işyarıtmaz agentliyə taksi sürücülərinə nəzarəti tapşırmaq əslində taksi sektorunun gəlirlərini də pəncəsinə keçirmək istəyən korrupsionerlərin tələsindən başqa şey deyil. Orda da rüşvətxorluq, orda da monopoliya yaratmaq fikrindədirlər.

Nəticə isə acı olacaq. Camaat üçün, əlbəttə. Qiymətlər qalxacaq, işsizlik artacaq. Yoxsa həmişəki kimi, oliqarx-məmur korpusuna bu “islahatlardan” heç vaxt ziyan olmur. Suyu bulandırıb balıqlarını tuturlar. Balıq azalanda, düzdür, akulalar akulaları yeyir, ancaq bu adətən nadir hallarda olur. Bizim nohurda həmişə balıq var.

Sözgəlişi, Nəqliyyat Agentliyi taksi sürücülərinə girişməzdən öncə yaxşı olar özünün avtobus sürücülərinə düz-əməlli hazırlıq keçsin. Hardasa bir ay olar, başıma gələn əhvalatdır: “3-cü mikrorayon dairəsi” adlanan yerdə 7b nömrəli marşruta minmək istədim. Balansımda 5 manatdan çox pul olduğunu bilsəm də (sonrakı yoxlama 7 manat göstərdi) kart yoxlayan qurğudan keçə bilmədim. Sürücü dedi kart xarab olub. Bəs nə edim, bunu harda düzəltmək olar? Kartda heç bir fiziki zədə-filan əlaməti də yox idi. Sürücü çiyinlərini çəkdi. Həmin dayanacaqda isə kart satışı da yoxdur. Əlacsız qalıb kartsız işləyən 67 saylı avtobusla “Gənclik” metrosuna getdim. İndi təsəvvür edin ki, bu marşrut da karta keçib. Belə çıxır mən pulum ola-ola heç yana gedə bilməzdim. Uzun sözün qısası, “Gənclik”də məlum oldu metroya da girə bilməyəcəyəm. Çünki yeni kart almaq, o cümlədən, birdəfəlik gediş bileti almaq mümkün deyildi. Keçidə nəzarət edən metro işçisi isə mənə yardım eləmək əvəzinə... hansısa sərnişinə pul verib onun kartından yararlanmağı təklif elədi. Niyə? Bəlkə mən kimsəyə ağız açmaq istəmirəm? Olmazmı belə xüsusi hallar üçün keçid nəzarətçisində ehtiyat, birdəfəlik kartlar saxlanılsın? Turizmdən danışırlar, ancaq mən Bakıda metro girişlərində, avtobus dayanacaqlarında əziyyət çəkən, kart tapmayan, balans artıra  bilməyən nə qədər turist görmüşəm. Yenə “Gənclik”dəki nəzarətçi sağ olsun, problemin həlli üçün “Nərimanov” metrosuna getməyimi, orda xüsusi kart yoxlama mərkəzində kartı bərpa eləməyin mümkünlüyünü mənə başa saldı. Sən demə Bakıda 4 yerdə belə mərkəz varmış. Ancaq bunu bizə indiyə qədər kim deyib? Heç sürücülər də bunu bilmir. Əgər 7b-nin sürücüsü bunu bilib mənə düzgün xəbər versə elə həmin mərkəzlərdən birinin “20 yanvar” metrosunda olduğunu öyrənər, dağa-daşa düşməzdim. Nəticədə mən həmin gün 3-cü mikrorayondan 8-ci kilometrə getmək üçün Bakıda yalan olmasın, bəlkə 100 kilometr fırlandım.

Ümid edirəm BNA-nın taksi islahatları da bizə yeni “Fırlanım başına, fırlanım” xalq mahnımız qədər təsir etməyəcəkdir.

Новости автора