Свобода людям, независимость нациям!

Sürət həddinin aşılması

"Əgər başlanğıcda tısbağa Axillesdən qabaqda olarsa, itiayaqlı Axilles heç zaman astagəl tısbağaya çata bilməyəcəkdir”

(qədim yunan filosofu Zenon)

Bilmirəm, o zəhlətökən, hər deşikdən çıxan və az qala yuxumuza da girən reklamın ideyası kimə məxsusdur, ancaq vallah, biz hər şeyin iki dəfə artığını istəmirdik. Elə bir qat, normasında olsa bəsimiz idi. Görünür, başqa cür mümkün deyilmiş. Alın yazısıymış. Manıslar demişkən, nə olar, Allahım, ayırma bizi. İqtisadiyyat güclüdürsə, nə edə bilərsən?

Sözgəlişi, bugünlərdə bütün kanallarda ardıcıl olaraq bədii şura yaradılır və manıslara ciddi nəzarət olacaqdır. Daha efirdə söyüş söyən, şpaqat açan, ailə dağıdan, canım sənə desin, qoynundakı bir cüt narı hörmətli el ağsaqqallarımıza və nurlu ağbirçəklərimizə nümayiş etdirən tərbiyəsiz manıslara yer olmayacaqdır! Qərarın icrası isə elə manısların özünə tapşırılmışdır. Bu da başqa alternativsizlikdir. Manıslardan başqa kimimiz var efiri tapşırasan? Qoy indi özləri özlərinə nəzarət eləsinlər. Sovet vaxtı bir ara özünütənqid dəbə minmişdi, baxırdın, bütün müdirlər çıxışa özlərini danlamaqla başlayırdılar.

Mövzudan ikiqat uzağa getdik, qayıdaq. Söhbət bizim çox bərk tərpənməyimizdən gedir. Baxın, paytaxtın mərkəzində Formula-1 yarışı qurtarıb, ancaq magistral yollarımızda davam edir. Aeroport yolunda zibil daşıyan maşının pilotu, “Sabunçu-Zi-Bill” komandasının üzvü Mamed müəllim 171 saylı marşrutu - “Bakı Nəqliyyat-Ferrari” komandasının pilotu Əhməd müəllimin idarə elədiyi avtobusu arxadan vurmuşdur. Nəticədə bir qrup sərnişin ikiqat sürətlə reanimasiyaya yerləşdirilmişdir. İndi sən kimə şikayət edəsən? Kimdən edəsən? Hansı xeyri var? Misal üçün, mən 67 saylı marşrutu kefi istəyən dərədən-təpədən sürən bir qrup idiot sürücü və dispetçerlə ağızlaşmaqdan yorulmuşam, dəfələrlə əlaqədar orqanlara zəng vurub, şikayət eləmişəm, başımı ağrıtmaq özümə qalıbdır. Əlac ona qalır ikiqat sürətlə buradan cəhənnəm olub gedəsən. Ancaq hər yer də bizimkilərlə doludur, faktiki, getməyə yer qalmamışdır. Yeganə ümidim Antarktida idi, ora da bir neçə il qabaq Hüseyn müəllim plaket aparıb yapışdırdı ki, mən gedə bilməyim.

Mənzil İnşaatı Dövlət Agentliyi paytaxtın Yeni Yasamal bölgəsində güzəştli mənzillər tikib satır. Dünən bu mənzillərdən 122 dənəsini satışa çıxarıblar və sizcə, evlər nə qədər müddətə satılıbdır? İnanılmazdır: 40 saniyəyə! Camaat evsizlikdən gör necə əziyyət çəkir. Azərbaycanda mənzil problemi necə dəhşətli miqyas almışdır. Sitat: “DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib. Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə isə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə etmək mümkündür. Əvvəlcədən də yazanlar vardı ki, 6 saniyəyə DEMO-da seçim edə bilir”. Xəbərdən sitatı nə üçün verdim? Sən demə, insanlar daha sürətli ev almaq, rəqibləri qabaqlamaq üçün kompüter mütəxəssisindən dərs almalı, məşq eləməli olurmuş. Əlini daha sürətli tərpədənlər gələcəkdə Yeni Yasamalda sirk açıb fokus göstərə bilərlər, üstəlik, mərkəzdəki sirkin köçürüləcəyi xəbəri var. Kosmik sürətlə sırasına yenisi əlavə olunur: azərbaycanlıların MİDA-dan ev alma sürəti. Haradasa işıq sürətinə yaxın bir şeydir.

Yazını isə bir lətifəvari olmuş əhvalatla bitirək. Bir gün yol polisi şotland fiziki Robert Uotson-Uottu sürət həddini aşdığı üçün saxlayır. Fizik deyir: “Əgər mən bilsəydim siz onunla nə edəcəksiniz, heç vaxt radarı kəşf eləməzdim”.

Новости автора