Свобода людям, независимость нациям!

Sümüklü çörək

“... pəncərə qıraqlarındakı yarımçıq perajkilər

Təhsil Nazirliyinə tabe deyillər"

(Nərmin Kamal)

Gör ölkədə nə qədər sümük varmış... Həm özümüz bir-birimizin sümüyünü gəmiririk, həm qonum-qonşudakı itlərin qabağına atırıq, həm də una qatırıq. Hərçənd, mən una sümük qatılmasına inanmıram. Guya istehlakçıların hüquqlarını qoruyan lotunun bu istiqamətdə təsdiqləyici şərhlərinə də şübhə edirəm. Sümük bəyəm buğdadan ucuz başa gəlir ki, onu üyüdüb una qatasan? Hələ sümüyün üyüdülməsi xərclərini demirəm. Ancaq millətə uydurma lazımdır. Yalan daha maraqlı, daha şirin olur. Bu dəqiqə istəsən qoltuğunun altından xəbər çıxarıb hansısa dərədə pendirə soxulcan qatıldığını, çayın içinə anaşa doğrandığını, nə bilim, toyuq ətinə delfin budu qatıldığını yay, hər kəs inanıb təəssüflənəcəkdir. Daha kimsənin vecinə olmayacaq ki, axı soxulcanın kilosu pendirdən baha başa gəlməlidir, heç qalanlarını demirəm.

Saxta ilə gerçəyin, yalan ilə doğrunun, əsl ilə surətin fərqi bilinməyən məmləkətlərdə prinsipcə, nə yeyib-içməyin də böyük fərqi olmamalıdır. O üzdən, anlamıram, camaat niyə una sümük qatılmasından narahat olur. Bəy verən atın dişinə baxmazlar. Ya da o məşhur, saqqallı lətifədə deyilən kimi: “Xoşun gəlmir, yemə”. Bir dənə ata sözünü də yazaq, lap mentalitetə uyğun olsun: “Yedin dadındır, verdin adındır, qaldı yadındır”. Yeyin getsin. Rəhmətlik xalq şairimiz Bayram müəllim demiş, yeyib-içən oğlan yaman olmaz.

Yazının bu yerində ölkəmizdəki mobil operatorlardan birindən qorxunc zəng gəldi. Sən demə, mənim bunlara nəyəsə görə 10 manat borcum varmış, ödəməsəm, verəcəklər məhkəməyə. 10 manatlıq məhkəmə prosesi mənə maraqlı gəlsə də, hər halda müştəri xidmətinə zəng vurdum, çünki belə bir borcum olması qətiyyən ağlıma gəlmirdi. Araşdırdılar, sən demə, mən 2014-cü ildə bunların axmaq bir data-kart interneti xidmətindən “yararlanmışam”, borc o vaxtdan qalıbdır. Lənət şeytana. Yadıma salıram ki, o vaxt həmin internet rayon yerində heç bir zada yaramadığı üçün heç istifadə edə bilmədim, Bakıya dönən kimi də bağlatdırdım, çıxdı getdi. Təbii ki, bu qədər uzun müddətə ödəmə qəbzlərini də saxlamamışam, heç saxlasam belə, onun üzərində yazının mürəkkəbinin solmadan qalması ehtimalı sıfıra yaxındır. Bəs 5 il sonra niyə şirkət bu cür borc çıxarıb? Ey dadi-bidad. Axı bu Mirzə Cəlilin “Quzu” hekayəsidir! Belə başa düşdüm ki, həyatımın yerdə qalan hissəsində hər 5 ildən bir o mobil operatora 10 manat cərimə ödəməliyəm. Dəlixanadırmı? Xeyr. Analoqu olmayan Azərbaycan standartlarıdır. Undan sümük çıxması kimi bir şeydir. Hərçənd, mən hələ yaxşı canımı qurtardığımı zənn edirəm, bir qohuma vaxtilə Bakı şəhər telefon idarəsindən yüksək məbləğdə xarici telefon danışığı hesabı gəlmişdi. Getmişdi araşdırmağa, demişdilər ki, guya qohum... Solomon adaları ilə neçə dəqiqə isə danışıbdır. İşin ən tragikomik tərəfi isə qohumun soyadının Süleymanov olmasıydı. Bəlkə də araşdırsan bunu hansısa hədisdə tapmaq olar.

Dünən bir xəbər oxudum, deyir, deputatlardan birinin qızının toyu olduğu üçün Milli Məclisin iclasının vaxtı dəyişdirilibdir. Əhsən. Allah xoşbəxt eləsin. Bizə qalan elə bu cür gözəl tədbirlər olacaqdır. Parlament iclası-zad boş şeydir, lap yeri gəlsə, onu elə toyxanada keçirmək mümkündür. Tamada qanunu səsə qoyur, qudalar çıxıb oynaya-oynaya səs verirlər. Sözgəlişi, bizdə hələ də “Aşın toyxanaya gətirilməsi qaydaları və manqalüstü salatın süfrəyə verilməsi prosedurları haqda Azərbaycan Respublikasının qanunu” qəbul edilməmişdir. Nə üçün? Bəlkə kimsə aşa kapron düyü qatdı? Bəlkə oğlan evinin adamları qız evinin adamlarına məxsus bildirçin tikələrini qanunsuz yeyəcəkdir? Hamısı vaxtında tənzimlənməlidir. 

Bu arada, hörmətli Təhsil Nazirliyi məktəblərin pəncərələrinin bağlanması xəbərini təkzib elədi. Niyə? Yaxşı olardı. Hətta qapısı, darvazası da bağlansın, uşaqlar repetitor yanına rahat getsinlər. Məktəbdə asayişin təmin edilməsi üzrə təkliflərim çoxdur, qalsın başqa vaxta. Çünki mənə ayrılan yer bitdi, əlavə yer də alsam gərək yazıya su qatım. Bu isə halal köşə olmaz, bir Hacıya yaraşmaz.

Новости автора