Свобода людям, независимость нациям!

Süfrəmizdə papayya bərəkəti - Zamin Hacının köşəsi

“Açıldı cənnət qapısı,
Ləli gövhərdir yapısı.
Qıldan incədir körpüsü
Keçə bilirsən, gəl bəri!”
(Pir Sultan Abdal)

****

Əkin-səpin, kənd təsərrüfatının qızğın dövrüdür. Atalar demişkən, yaza çıxdı oğlağım, qış, gözünə barmağım. Torpaq deyər öldür məni, dirildim səni. Əkində yox, biçində yox, yeyəndə oliqarx-məmur.

Bu yerdə Kənd Təsərrüfatı Nazirliyinin zəhmətkeşlərimizə yüksək qayğısını qeyd etməyi özümüzə borc bilirik. Nazir İnam müəllim ASAN-xidmətdə işləyərkən yaratdığı çevik mexanizmləri, əhaliyə yüksək səviyyədə xidməti indi kəndlərimizdə tətbiq edir. Heç qabaqkı boynuyoğun nazirlərin vaxtında belə şeylər yox idi. Haçan baxırsan nazir qucağında quzu, ayağında sapoq (guya uzunboğaz çəkmə yazmaqla milli olmuruq; dildə işlənən sözlərə, milliyyətindən asılı olmayaraq vətəndaşlıq pasportu verməliyik), bir əlində səməni, bir əlində lapatka (bax: bundan qabaqkı mötərizənin içinə), bir əlində dırmıq, əynində sırıqlı, alnında zəhmət təri kəndlinin yanındadır. Nəticədə bayram günlərində paytaxtımızda çoxlu bazarlar, yarmarkalar yaradıldı, camaat ordan kənd məhsullarını ucuz qiymətə ala bildi.

Misal üçün, Elmlər Akademiyasının həyətindəki yarmarkada qabıqlı qozun kilosu 5 manata idi, halbuki, başqa yerlərdə 6 manata qalxmışdı. Göyərtinin 10 dəstini 1 manata almaq olurdu, lakin başqa yerlərdə 7-si 1 manat idi. Dana əti, quzu budu, kənd toyuğu, şəhər yumurtası, qəsəbə qatığı, şəhərtipli qəsəbə qaymağı və sairə məhsullarda da böyük endirimlər nəzərdə tutulmuşdur.

Sözgəlişi, Yasamal sakinləri bir xahişlərini qəzetimiz vasitəsiylə dövlət rəhbərliyinə çatdırmağı istədilər: qoy Azərbaycan Milli Elmlər Akademiyasının həyətindəki bu yarmarka uzunömürlü olsun. Lap yaxşı olar ki, AMEA İqtisadiyyat İnstitutunun, başqa elmi qurumlarımızın uzun koridorları, həmçinin akademiklərimizin kabinetləri parniklər üçün ayrılsın. Hesablanmışdır ki, orda yaxşı, faraş (doğrusu bu “faraş” sözünün mənasını bilmirəm, ancaq bəlkə 25 il idi onu hansısa yazımda işlətməyə fürsət gəzirdim, şükür, indi qismət oldu, Allah hamınızın istəklərini bu əziz Novruz axşamında yerinə yetirsin, ilahi, amin!) xiyar və pomidor yetişdirmək mümkündür. Fəlsəfə İnstitutunun binasında arı saxlamaq olar, orda həmişə bal kimi fikirlər olur.

Bəzi insanlarımız da var, kənd təsərrüfatının inkişafının zəruriliyini, qeyri-neft sektorunun vacibliyini anlamaq istəmirlər. Görürsən mızıldanırlar, deyirlər dövlət bizi tütün əkməyə, barama saxlamağa məcbur edir. Bir ara da pambıq əkmək istəmirdilər. Halbuki, kəndlini özbaşına qoysan torpağı atıb şəhərə qaçacaqdır. Guya bizim hamımızın burda neft buruğu var, bunlara çatmır. Ya da azadlıq verirsən, hamı soğan əkir, həmin il soğan olur 20 qəpik, kartof isə 5 manat. O biri il hamı kartof əkir, soğanı məcbur olursan Pakistandan gətirəsən. Vaxtilə Vəzirova da vedrə bağladıq, axırı nə oldu? İndi Çili-dən qoz alırıq. Təsəvvür elə. Dünyanın o biri başıdır.

Lakin təbiət, qlobal iqlim dəyişmələri biz istəsək-istəməsək də hər şeyi öz yerinə qoyur. Təzəlikcə bir alimin açıqlaması var idi, deyir nə yaxşı AMEA-nın həyətində yarmarka... Zarafat edirəm, açıqlama sırf elmi movqedən idi, deyir Abşeron yarımadasının iqlimi kontinentaldan dəyişib subtropik olubdur, artıq biz Bakı və ətrafında manqo, banan, kokos qozu, papayya, avokado və başqa cəngəllik meyvələrini sərbəst yetişdirə bilərik. Nə gözəl hadisədir. Əlbəttə, bu şəraitin yaradılmasında əlaqədar təşkilatların rolunu vurğulamaq borcumuzdur. Yoxsa biz banan əkə bilməzdik. Təsəvvür elə, Hökumət evinin qabağında ağacdan manqo dərirsən, “20 yanvar” metrosunun üstündə selbə ilə avokado salırsan, nə bilim, Novxanı yolunda papayya bitir... Palmalar əyilib dənizə kölgə salandan sonra cənnət ləzzəti olacaqdır. Azərbaycanda çöldə yaşamaq da asanlaşacaq, çünki o meyvələr bitən isti yerlərdə camaatın çoxunun heç ev-eşiyə ehtiyacı olmur. Mənim uşaq vaxtımdan bəri ən böyük arzum odur ki, Nargin adasında palma kölgəsində uzanıb paytaxta baxaraq “Bakı, sabahın xeyir!” deyə bilim.

Bir az oğru meymunları qovmaq çətinlik yaradır, onu da öyrənərik.

Новости автора