Свобода людям, независимость нациям!

Siyasi transferlərə orta əsrlər yanaşması

Heç özümüzü aldatmayaq, Eldar İbrahimov ölkədəki ictimai-siyasi durumu gerçək ifadələrlə anladıb. O, öz ilk ifadəsində, hakimiyyət tərəfə keçən keçmiş müxalifətçiləri “düşmən” adlandırarkən tam səmimidir, belə düşünür.

Bu, təkcə onun düşüncəsi deyil, o nəsildən (yaş dövrü mənasında) olan minlərlə partokratın  düşüncəsidir.

Onlar hakimiyyətə iddia edən, Milli Məclisə, bələdiyyə şuralarına seçilmək istəyən bütün siyasi rəqiblərini düşmən hesab edirlər. Bu, hansı düşüncədir, bilirsinizmi? Hamımızın ağlına bolşeviklər, Stalin dövrü gələcək. O dövrdə eyni partiyanın içindəki fraksiyaların, qrupların üzvü də düşmən hesab edilirdi.

Amma İbrahimovun sərgilədiyi düşüncə (“mənimlə olmayan mənim düşmənimdir”) ta qədimlərdən mövcuddur.

Elə bu sətirlərin yazıldığı dəqiqələrdə ölkəmizdə və İranda 1339-cu ildönümü təziyədarlıqla qeyd olunan Kərbəla faciəsi də həmin düşüncənin məhsulu idi.

Əməvi xəlifəsi Yezid İbn Müaviyə onun qeyri-legitim hakimiyyətinə biət etməyən İmam Hüseyni və əshabələrini düşmən hesab etdiyi üçün qətlə yetirmişdi.

Şərqdə bu düşüncə hələ də hakimdir: hakimiyyətə iddia edən düşməndir; keçmişdə müxalif olan mütləq gələcəkdə də düşmən ola bilər; düşmənlər sıradan çıxarılmalıdır; düşməni bəsləmək, güclənməyə qoymaq olmaz və sair və ilaxır.

Avropa dövlətləri ona görə inkişaf edib indiki rifahlarına, düzənlərinə qovuşublar ki, siyasi rəqibi düşmən, xain, satqın hesab etməkdən əl çəkiblər.

Doğrudur, onlarda da seçki kampaniyalarında ağır sözlü ritorikadan istifadə edilir, rəqiblər bir-birini “millətin ümdə mənafelərini satmaqda” ittiham edirlər, amma bu, daha çox seçki isterikası, seçicinin rəğbətini qazanmaq səciyyəsi daşıyır və seçki bitincə bu ritorikaya son verilir.

Hakimiyyəti əldə edən partiya da 5 gün əvvəl “vətənə xəyanət”də suçladığı rəqib partiya və siyasətçi barədə cinayət işi başlatmır.

Şərq ölkələrində isə fərqlidir. Buralarda siyasi rəqibləri sonuncu nəfərinə qədər məhv etmək ehtirası çox şiddətlidir. Hətta bu, qanunazidd, haqsız-ədalətsiz də olsa, hakimiyyət ehtirası başına vurmuş adamlar üçün fərqi yoxdur - düşməni nə yolla, nə vasitə ilə olur-olsun, məhv etmək lazımdır.

İfadəyə baxın: “Hətta biz onları satın alsaq da”... Eldar İbrahimov belə deyərkən, qədim və orta əsrlərin quldarları kimi düşünür. O və onun kimi düşünənlər üçün insan alqı-satqı predmetidir, başqa irqdən, lap aşağı kastadandır, onlar alınıb-satıla bilər.

Bu cür adamlar heç cür ağıllarına yerləşdirə bilmirlər ki, siyasi partiya üzvlüyü dini sekta, təriqət üzvlüyü və ya mafioz klan mənsubluğu deyil ki, onların üzvü olan adamların geriyə dönüşü olmasın.

Bu təfəkkür ölkəmizdə də geniş yayılıb və təkcə Eldar İbrahimovun mənsub olduğu düşərgəyə aid deyil. İstənilən partiyanın üzvü olan adam günlərin birində ya şəxsi, ya ideoloji, ya da sırf psixoloji uyuşmazlıq üzündən partiyadan çıxırsa, onu dərhal “satqın”, “reneqat”, “xain” adlandırırlar.

Siyasət isə qarşıya qoyulan hədəflərə yetmək sənətidir. Bir adam başqa bir qrupla hərəkət edərək, öz hədəflərinə yetə bilməyəcəyini anladı, fərqli yol tutdu və yeni qoşulduğu və ya yaratdığı yeni qrupla öz məqsədinə çatdısa, demək, uğurlu siyasətçidir. Siyasətdə əsas məsələ hədəfə çatmaqdır.

Dini sektalarda, mafioz klanlarda isə başqa cürdür - onlarda birlikdən ayrılmağın bəlli bir cəzası var.  Eyni düşüncəni daşıyan şəxslər siyasi partiya “dönükləri”ni də sərt cəzalandırmağın tərəfdarlarıdır, amma mövcud qanunlar onların əl-qolunu buxovlayır, əlac mediada , sosial şəbəkədə “rüsvay etməy”ə qalır.

Son illərdə müxalifət partiyalarını tərk edənlərin başına gətirilən oyunlara diqqət edin. Onların hamısı “xain”, “satqın”, “reneqat” adlandırılır.

Eyni zamanda düşərgə dəyişənlərə əks-düşərgədəki münasibətə baxın. İqtidar komandasında təmsil olunan, adı korrupsiyada hallanan istənilən yüksək ranqlı məmur müxalifət partiyasına meyllənəndə onu bəh-bəhlə qəbul edirlər (onlarla belə fakt var). Hətta bəzi keçmiş məmurlara özləri elçi düşür, dəvətlər göndərirlər.

Təbii ki, iqtidar komandası da iti sözlü, savadlı, bacarıqlı müxalif kadrları öz yanında görmək istəyir. Onlara dərhal yüksək vəzifələr verilməsə də, ən azı, müxalifətdən qoparır, neytrallaşdırır, özlərinə qarşı mübarizə aparanların səfini zəiflədirlər.

Eldar İbrahimov isə hesab edir ki, bu sayaq transferlərə lüzum yoxdur, onlar qaralardır, biz ağlarıq, səngərə girib atışmalıyıq.

Bu isə siyasət deyil, orta əsrlər düşmənçiliyinin yaşadılmasıdır.

 

Новости автора