Свобода людям, независимость нациям!

Şikayətnamələr

“Dedim:- Bəratımın məzmunu nə üçün surət bulmaz?

Dedilər:- Zəvaiddir, hüsuli mümkün olmaz".

(Füzuli)

Prezident Ağsuda zəhmətkeşlərlə görüşərkən ona çoxlu şikayət məktubları, ərizələr verildi və biz bunu videokadrlarda aydın gördük. Əlbəttə, həmin məktubların yalnız şikayət olmasını iddia edə bilmərik, xüsusilə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun təcrübəsinə, həyat və yaradıcılığına  baxanda bu fikri dərhal uzaq eləməliyik. Çünki Süleyman müəllim hər il adətən dövlət qəzetlərinə bir palaz boyda məqalə yazır, intervü verir və orada administrasiyaya ünvanlanan minnətdarlıq məktublarından bəhs edir. Məsələn, elə keçən ilki yazısında Ağsu və ətraf rayonlardan idarəyə göndərilən xeyli təşəkkür məktubu, teleqram haqda informasiya vardı. Bir sakin xəstəxanada müalicə aldığına, başqası yol çəkilişinə, üçüncüsü respublikamızın idman şərəfinin layiqli qorunması səbəbiylə... minnətdarlıq edirdi.

Lakin biz camaatın prezidentə yaxınlaşarkən üzlərindəki ifadədən indi verilənlərin heç də minnətdarlıq məktubu olmadığını düşünməyə məcburuq. Elə dövlət başçısı da qısa çıxışı zamanı bu qənaətimizi təsdiqlədi, dedi ki, bütün şikayətlərə, məktublara baxılacaq, kimsə narahat olmasın.

Bu, əlbəttə, yaxşı haldır və bizim qədim dövlətçilik ənənələrimizə dayanır. Qədimdə padşahlar vaxtaşırı belə qəbullar, görüşlər keçirib şikayətləri dinləyərdilər. Bəziləri isə hətta paltarını dəyişib gizli şəkildə camaatın arasına gedir (bunun adı nağıllarımızda “təğyiri-libas olmaq” kimi qalıb; “təğyir” ərəbcə “dəyişmək, başqalaşmaq” anlamındadır), indiki terminlə desək, ictimai rəyi öyrənirdilər. Birinci əldən informasiya almaq vacibdir. Xüsusən indiki zəmanədə. Çünki ətraflarındakı məmurlardan düzgün informasiya almamaq, onlara bir növ etibar etməmək çağdaş dövrümüzdə bütün dünya siyasətinə yayılmaqdadır. Örnək üçün, ABŞ prezidenti Donald Tramp bu yaxında Şimali Koreya lideri ilə təkbətək görüşəndə heç kim bilmirdi söhbətin axırı necə olacaq. Adətən belə görüş və sammitlərin sənədləri, müqavilələri öncədən məmurlar tərəfindən hazırlanır, prezidentlər isə gedib imza atır, şəkil çəkdirir, brifinqdə poza verirlər. Ancaq Hanoy zirvə görüşü nəticəsiz bitəndə, hətta yekun brifinq də olmayanda hamı başa düşdü ki, əslində bu görüşdən öncə tərəflər arasında hər hansı razılaşma yoxmuş.

Uzun sözün qısası, dövlət başçısı əgər məcbur olursa məktubları camaatdan özü toplasın, o zaman bu tip işlərə məsul əməkdaşları hardasa tənbeh eləmək (cəzalandırmaq yazmıram, çünki bu saat bizdə humanizm yelləri əsir, elliklə əfvə düşməkdəyiksə qoy məmurlara da mərhəmət göstərilsin) lazım deyilmi? Misal üçün, elə o Ağsunun icra başçısı indiyədək hara baxırmış, maaşı nə üçün alırmış? Axı prinsipcə, bizim sistemlə prezidentlə əhali arasındakı ötürücü-bağlayıcı həlqələrin ən vaciblərindən biri məhz rayon icra başçılarıdır. Adından göründüyü kimi: prezidentin səlahiyyətlərini rayonda icra etməlidirlər.

Bir az da günün başqa aktual temasından - 8 martdan yazaq. Bayram təntənələri az qala bir həftə qabaqdan başlamışdır, hələ bir həftə sonra da davam edəcəkdir. Mənim fikrimcə, bu əsli-kökünü tamam unutduğumuz və tamam başqa məna verdiyimiz “Beynəlxalq Qadınlar günü” bizim toplum olaraq necə ikiüzlü olduğumuzu, riyakarlığımızı çılpaqlığı ilə göstərən önəmli ölçü vahidlərindən biridir. Bizdə kişi-qadın bərabərliyi ancaq sözdədir, qadınlar adətən daha az maaşlı işlərdə çalışır, hər cür təzyiqə və təhqirə məruz qalır, cəmiyyətin ən geridə qalmış sahələrində (təhsil, səhiyyə, mədəniyyət, süpürgəçilik) üstünlük təşkil edirlər. Qadın nazir, qadın məmur, qadın deputat az qala “Qırmızı kitab”a düşən kateqoriyadır. UZİ aparatlarını qadınların hələ rüşeym halında soyqırımı üçün alıb tibb obyektlərinə qoyan, qorxaq, pis, rəzil sözlərinə sinonim kimi “arvad”, “qadın” sözünü işlədən toplum qəfildən, bir mart günü qadınsevər olurmuş. Elə qadınlar özləri də bu riyakarlıqdan xoşhallanmış kimi görünürlər.  

Halbuki qədim əfsanələrdəki amazonkalar hardasa bizim regionda, Qafqazda yaşayırmış. (Bir versiya var ki, bu sözün kökü “həmmə zən”, “hamısı zənən” deməkdir). Ancaq onlar niyə kişilərdən ayrı yaşamağı seçib döyüş paltarında dağlara-daşlara çəkilmişdilər - bunun özü düşündürücü temadır. Yalnız ildə bir dəfə kişilərdə görüşərmişlər. Kim bilir, bəlkə də 8 mart ənənəsi belənçik yaranmışdır.

Новости автора