Свобода людям, независимость нациям!

Sığortasız ortalıq

“Səni də düşəsən mənim günümə,

Sənin göyün olsun, quşun olmasın.

İlahi, neyləsən sən mənə eylə,

İlahi, bu qızla işin olmasın”

(Eldar Baxış, “Sərçə balası” şeirindən)

Bakıda böyük ticarət mərkəzlərindən biri yanıb, xəbərə görə ordakı dükanlar sığorta olunmayıbmış. Elə dövlət də ilkin reaksiyasında fövqəladə hallar nazirinin diliylə buna işarə vurdu, bildirdi ki, gərək hər bir şəxs öz obyektini sığortalasın. Yəni, biz istəsək kompensasiya vermərik. İstəsək verərik, siz də buna görə dövlətə minnətdar olarsınız. İndiyə qədər bütün təbii və qeyri-təbii (texnogen) qəza və fəlakətlərdən sonra ödənilən pullar kimi.

Haqsız mövqedirmi? Yox. Necə deyərlər, bütün dünyada qayda belədir. Bir iş görürsənsə onu mütləq sığorta eləyirsən. Qərbdə camaat ombasından tutmuş payızda gözlədiyi armudun miqdarına, mənzildən həyata qədər hər şeyi sığorta elətdirir, bundan sonra da rahat yaşayır. Mən sizə bir müşahidəmi bölüşüm, bilmirəm, bəlkə də yanılıram. Fikir vermisinizsə, Qərbdə (əsasən kinoda-verilişdə-filanda görmüşəm, mən də sizin biriniz, harda o imkan gedək canlı baxaq), kapitalizm, bazar iqtisadiyyatı dünyasında evlərin çəpəri, pəncərələrin bizdəki kimi türmə reşotkasına oxşar bəndləri olmur. İstənilən oğru belə evlərə rahatca girmək imkanındadır. Ancaq o evin sakinləri niyə belə rahatdır? Məncə səbəb evdə qiymətli əşya saxlamadıqlarıdır. Pul bankda hesabda, kartda. Bahalı zinət əşyası da onun kimi, bank hücrəsində. Ev, içindəki əşyaları ilə birgə tam sığorta olunub. Daha burda nə üçün pəncərəyə reşotka taxasan? Papağı əyri qoy, gen gəz. Bizdə isə məcbursan ayağı yorğana görə uzadasan. Çin səddi enində hasarın üstünə butulka qırığı düzəsən, nə bilim, qapıya yeddi dənə it bağlayasan ki, oğrular bəlkə yaxın gəlməsin.

Özü də bu sığorta işi bazar iqtisadiyyatının əsas dayaqlarından biridir. Bunsuz iş görmək olmaz. Bizdə isə deyəsən ancaq maşın sığortası var, o da məcburi olduğu üçün. Dövlət bunu niyə məcburi eləyib, o da bir ayrı mövzudur. Ən gülməlisi odur ki, bizim mentalitetdə sığorta işinə hardasa pislik, qorxaqlıq, satqınlıq,  milli dəyərlərimizə zidd əməl kimi baxırlar. Misal üçün, bir söz uydurublar, guya hansısa əcnəbi deyibdir: “Erməni ilə mütləq sənəd imzala, azərbaycanlı isə kişi sözünə əməl edir, onun kağız yazmağına ehtiyac yoxdur”. Guya sənədləşmə nəsə pis bir hərəkətdir, kişi sözü bəsdir. O üzdən baxırsan məmləkətin hər yeri sənədsiz evlər, sənədsiz ailələr və heç bir mülki-iqtisadi hüququ olmayan sənədsiz uşaqlarla doludur. Kişi sözü var axı, nə deyə bilərsən?!

Hökumət də vəziyyətin bu cür davam etməsində maraqlıdır, o səbəbdən bizdə sığortalamaq, qanuni işlər, sənədləşmə-filan təbliğ edilmir, əksinə, bürokratik əngəllər törədilir. (ASAN xidmət yaranana qədər bu sənəd-kağız-müqavilə-dəftərxana işlərində lap biabırçılıq idi, insafən qeyd etməyə borcluyuq. Yeri gəlmişkən, bu sənədləşmə-dəftərxana işlərinə bizdə niyə “kargüzarlıq” deyirlər, bunun kökünü bilmirəm. Sanki pis bir sözdür, insanın eşidilməyəcəyinə öncədən işarə vururlar. Elə “sığorta” sözünün özü də bunun bir tayıdır). Sığortaçılıqda inhisarçılıq, baha qiymətlər, məhkəmə-hüquq sistemindəki problemlər üzündən sığorta hadisələrində haqlı çıxmağa qarantinin yoxluğu və sairə də camaatımızı sığortadan çəkindirən amillər sırasına daxildir, ağıllı iqtisadçılar demişkən. Qoy millət dövlətdən asılı qalsın, müstəqil olmasın. “Sizin xeyriniz nədədir, ziyanınız nədədir, bunu mən bilərəm, siz nə qanırsınız” – dövlətin avtoritar məntiqi bu prosesdə belədir. Millət də azadlıqdan qorxduğu üçün bu halından məmnun görünür. Çünki biz heç ümummilli işlərimizi də sığortalamağa meylli olmamışıq. SSRİ dağılanda hamıdan qabağa qaçmışıq, axırda hamıdan dala düşmüşük. Qarabağda sığortalı hücuma keçmək yerinə, bəlkə də Ağdərədə dayanıb cəbhə xəttini möhkəmlətmək yerinə  Xankəndini də almaq iddiasıyla cumurduq, nəticədə düşmən arxamızda, Bakıda, Gəncədə öz qüvvələrini aktivləşdirirdi.

Yoxsa dərd təkcə “Diqlas”ın sığortası olsa nə vardı ki...

P.S. Əgər bu yazını oxuyursunuzsa, hər cümləni sığortaladığımı bilməlisiniz. Oxumursunuzsa da, redaktorun canı sağ olsun.

Новости автора