Свобода людям, независимость нациям!

Sığışmayanlar

 

“Mən var olduğuma o qədər də əmin deyiləm. Mən - oxuduğum bütün yazıçılar, rastlaşdığım bütün adamlar, sevdiyim bütün qadınlar və yaşadığım bütün şəhərlərdən ibarətəm”

(Xorxe Luis Borxes)

2019-cu ilin dövlət tərəfindən “Nəsimi ili” elan olunması müğənnilərimiz arasında sanki bir yarışmaya səbəb olmuşdur. Hər kəs çalışır Nəsiminin qəzəlinə mahnı qoşsun. Sadəcə, maraqlı bir detal var ki, hörmətli manıslarımız yalnız “Sığmazam” rədifli qəzəlinə müraciət edirlər. Biri bunu hind musiqisi, başqası ağlaşma-şivən, üçüncüsü meyxana, dördüncüsü rep, beşincisi muğam, altıncısı rok üstündə oxuyur. Şairin bu qəzəlinin seçilməsi, məncə, dövlətçilik ruhumuzdan rövnəqlənərək, sosial-siyasi, iqtisadi-hərbi, mənəvi-mədəni inkişaf səviyyəmizdən doğmuşdur. Bu saat biz də dünyaya sığışmırıq. Söz vaxtına çəkər, 1993-cü ilin 4 iyununda da Surət Hüseynov Gəncəyə sığışmırdı, sonra içəri basdılar, bir az ağıllandı. Allah hamının başına bir qram ağıl qoysun bu əziz bayram günündə, ilahi, amin!

Ancaq multikulturalizm, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri baxımından Nəsiminin “Erməni” rədifli qəzəlinə də mahnı yazmaq olardı. Hələ sözlərə fikir verin, bu gün də aktualdır: “Dərdmənd etdin məni, ey dərdə dərman erməni, Olmuşam eşqin yolunda bəndəfərman erməni”. Nəsimi işarə vurur ki, erməni qızlarından ötrü istənilən hərəkəti etməyə, Qarabağı verməyə, müxalifətə qoşulmağa hazırdır. Şair hətta erməni xanım yolunda dinini-imanını atmağa hazırdır, bu da yuxarıda yazdığım kimi, bizim multikulturalizm, dini tolerantlıq ənənələrimizdən xəbər verir: “Qorxuram mən dərvişə sən deyəsən din tərkin et, Necə ki, bağladı zünnar Şeyx-Sən’an, erməni”. Lakin Nəsiminin doğrudan bu şeiri yazmasına şübhə edənlər vardır. Onlar deyirlər ki, Nəsimi heç vaxt belə bambılı məhəbbət temasında şeirlər yazmayıbdır, bunu o dövrdə yaşamış çoxlu “Nəsimi” ləqəbli dərviş-şairlərdən hansısa yaza bilərdi. Doğrudan da, şairin təqiblərə məruz qalmasına etiraz edən hürufi dərvişlərin hər biri özünü “Nəsimi” elan edərək hökuməti çaşdırmağa başlamışdı. Bir növ indi bəziləri sosial şəbəkələrdə trolluq etdiyi, saxta profillər açdığı kimi.

Sözgəlişi, şairin yaradıcılığında belə mübahisəli məqamlar az deyil. Misal üçün, elə o “Sığmazam” qəzəlinin ilk misrası neçə illərdir dartışma mövzusudur. Bir qisim alimlər şairin “Məndə sığar iki cahan”, başqa alimlər isə “Məndə sığar ikən cahan” yazdığını iddia edirlər. Camaatı qınamaq da olmur, bu mübahisələr ərəb əlifbasının “gözəlliklərindən” qaynaqlanır, çünki burada ancaq samitləri yazırlar, saitləri gərək xəyal edəsən. Loru dildə desək, əgər ərəb əlifbasında sənin qabağına “kr” hərfləri çıxırsa, bunu “kar” da oxuya bilərsən, “kor” da. Anar müəllimin adı “nərə” kimi də oxunar və sairə. AYB-dən söz düşmüşkən, görün ağlıma nə gəlib. Bizim Azərbaycan Yazıçılar Birliyinin 2500 üzvü var, elə deyilmi? Bəs biz niyə bu böyük qruplaşmadan vətənimiz naminə faydalı istifadə eləmirik? Əsgərlikdə olanlar bilir, 2500 nəfər təxminən bir motoatıcı briqadadır. Olmasın motoatıcı, olsun litoatıcı. Literatura, yəni. Anar müəllimi də briqada komandiri qoymaq olar. Bu, sınaqdan çıxmış üsuldur. Böyük Vətən müharibəsindən qabaq, 1938-39-cu illərdə şair və yazıçılarımız repressiya edilən vaxt Rəsul Rza AYB-nin sədri idi, sonra getdi cəbhə xəttinə, əsgərlərə maraqlı şeirlər oxudu. Biri mənim yadımda qalıb: “Ağ geyinib təpələr, Bəxtiyar, Külək qarı səpələr, Bəxtiyar” və sairə. Belə ehtimal edilir ki, bu şeirdə Bəxtiyar Vahabzadəyə ithaf var. Düzdür, sonra “Mən hansı bir insana bənzədim ki, Lenini” poemasını yazdı, ancaq bunun bizim temaya dəxli yoxdur, haçan dövlət “Lenin ili” elan eləyər, qayıdıb yazarıq.

Ancaq Nəsimi ilində Nəsimi rolunu oynamış Rasim müəllimin dövlət tədbirinə qəsdən çağırılmaması doğrudan tragikomediya idi. İl bitənə qədər günahkarları cəzalandırmasalar, gələn ilin yenidən kənd təsərrüfatı ili olmaq ehtimalı artır.

Новости автора