Свобода людям, независимость нациям!

Sevgili üçün fişəng

“Oğrun-oğrun daldalardan baxırsan,

Alırsan cəsəddən canı, sevdiyim!

Müjganların sinəm üstə çaxırsan,

Tökürsən bədəndən qanı, sevdiyim!"

(Aşıq Ələsgər)

Rusiyada Putinin multfilmini göstərdiyi nüvə motorlu raket partlayıb, beş nəfər ölmüşdü. Bundan sonra polkovnik rütbəli bir nəfər hərbçi bomba partlayan ərazinin yaxınlığında yaşayan camaatı iclasa topladı, dedi plyajda tanımadığınız əşya qırıntıları görsəniz əl vurmayın, yoxsa şüalanıb ölərsiniz. Rusiyanın mahiyyətini açan məsləhət idi. Normal ölkədə nüvə qəzası olanda camaatı köçürər, ərazini təmizləyərlər. Şimal qonşumuzda isə məsləhət görürlər radiasiyalı şey-şüylərə əl vurmasınlar. Çernobıl qəzası zamanı da təxminən belə məsləhətlər verilmişdi. Nəticədə nə qədər adam şüa xəstəliyindən öldü.

Cənub qonşumuzda isə nəhayət, zənən xeylaqlarına futbol stadionuna girməyə icazə veriblər. Deyəsən. Oradan tam dəqiq məlumat almaq çətin işdir. Hər halda, inanaq. Böyük işdir. Yalan olmasın, 1979-un islam inqilabı qədər qüvvətli hərəkətdir. Özü də deyir zənənlərin stadiona girməyinə görə  ali dini şuranın qaziləri toplanaraq xeyli məşvərət eləmişdir. Bir qrup ağsaqqal molla əmi zənənlərin stadiona girməyinin və ortada oynayan tumanlı kişilərə baxmağının planetar fəlakətlərə, zəlzələ və tornadolara, sunami və komet yağmurlarına səbəb ola biləcəyindən narahatlığını büruzə vermişdir. Başqa fraksiyadan olan qazi əmilər isə arvadların stadiona girməsini, lakin oyunçu kişilərin ayaqlarına baxmamağını zəruri hesab etmişlər. Deyir əsas qol vurulanda topa və qapı dirəyinin arasına baxsalar bəsdir. İnsafən futbol oyununda elə başqa maraqlı zad da yoxdur, 22 kişi tumançaq vəziyyətdə o mürtəd topunu dirəklərin arasından keçirtməyə çalışırlar, arada iyrənc formada burunlarını fırtıldadır, hayxırıb tüpürürlər, görüm hamısı Allahın lənətinə gəlsin. İnşallah, Messi və Ronaldonun kəlləsini cəhənnəmdə isti bucaqlar arasında çempionlar liqası yarışı zamanı top yerinə işlədərlər, amin!

Bunları niyə yazıram? O səbəbə ki, zəhmətkeşlərimiz çaşmasınlar, yollarını bir an belə azmasınlar, hansı coğrafiyada yaşadıqlarını unutmasınlar. Yoxsa görürsən səfeh, eşqi dombalmış və Məcnun olub mikrorayonlara düşmüş birisi Bakıda gedir sevgilisinin qaldığı binanın qabağında göyə fişəng atır, məhəllə sakinləri də bunu tutub eşşək sudan gələnə kimi çırpırlar. (Bu bizdə qədim zaman vahididir, Atropatena dövlətində işlənmişdir. Başqa zaman ölçülərimiz də var, məsələn, qancıq tayadan düşməmiş, dəvənin quyruğu yerə dəyəndə, xoruzların ikinci banında, AYB-nin qurultayı ərəfəsi və sairə. Heç vaxt baş verməyəcək hadisənin zaman vahidi isə belədir: “Müxalifət hakimiyyətə gələndə”).

Hacıbala müəllimin sözü olmasın, Bakımızda hər aşiq fişəng ata bilməz. Atsa qarışıqlıq düşər, sabitlik pozular. Fişəng atmaq işinə hökumət baxır, müəyyən bayramlarda bulvarda göyə fırladırlar. İndi sən də aşiqsən, lap yaxşı, məşuqəni çağır, gedin bulvara, müvafiq zamanda icra hakimiyyəti fişəngi atsın, səhərəcən, gözünüz çıxanacan baxın. Milli qeyrətimiz baxımından da sevgilinin binası qabağında fişəng atmaq hətta bəzən namussuz hərəkətdir. Babalarımız beləsini tutanda dinozavrın mağarasına atırdılar.

Ancaq kimlərsə yazımdan respublikamızın mənfi imicini formalaşdırmaq üçün istifadə etməsin. Əlbəttə, bizdə tək hökumətin yox, əhalinin də fişəng atmaq azadlığı vardır. Novruz bayramında, Yeni il girəndə, İrəvanı almaq günümüzdə və sairə təntənəli bayramlarda xalq fişəng atır. Buna icazə var. Hərçənd həmin əziz günlərdə də əhali öz sevgilisinin binası qabağında fişəng atmır, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı xüsusi yerlərdən (Məhsul stadionu, Ələt-Qazıməmməd yolunun qırağındakı biyanlıq, Kür çayının mənsəbi, Xəzərdəki Qrenlandiya adası və sairə) yararlanırıq.

Son anda problemə milli, nadir sənətkarlarımızdan Nadir Qafarzadənin münasibətini öyrənmək istədim, Nadir müəllim dedi ki, sevgilisinin binası qabağında fişəng atan adamın sağ ayağını topuqdan qırmaq, qulağını kəsib burnuna soxmaq, dalağına yaba dürtmək, çənəsinə paz çalmaq, alnına qurğuşun əridib damcılatmaq və böyrəyinə təpik qoymaq yaxşı olardı.

Biz də bu saf arzulara qoşuluruq.

Новости автора