Свобода людям, независимость нациям!

Şadbala qadağası

“-Adın nədir?

-Daşdəmir.

-Yumşalısan, yumşalı."

(Azərbaycan ata sözü)

Nazirlər Kabinetindən məlumat verildi ki, bu il uca millətimizin uşaqlarına qoymaq istədiyi yeni adlar içində Qəhət adı varmış. Hər şeyin qəhətə çəkildiyi dövrdə, təbii ad kimi görünür. Məsələn, mənim yadıma gəlir, bizdə Baha adlı şəxs də var idi. Ancaq o şəxs müxalifətçi idi və bəlkə özünə qəsdən, dövlətimizi sarsıtmaq, xaricdə yanlış təsəvvürlər oyatmaq üçün o cür ad seçmişdi. Ona görə də hökumət orqanları uşağa Qəhət adı qoymağa icazə verməmişdir. İndi AXC-Müsavat dövründəki dərəbəylik deyil, hərə özünə kefi istəyən adı götürüb təxribat yaysın, ekstremizm eləsin. Biri deyirdi mən millətin elçisiyəm, o biri deyirdi bozqurdam, üçüncüsü qartal olurdu, nə bilim, dördüncüyə hinduşka deyirdilər... Şükür, o pis yüzillikdən canımız qurtardı. A kişi, gecələr gəzməyə çıxmaq da olmurdu. Dəhşət idi. Bir dənə parkda müasir işıq dirəyi tapmırdın gedib altında çömbələsən.

Sevindirici haldır ki, idarənin məlumatında icazə verilən yeni insan adı tamamilə ümidlərimizi doğruldur, işıqlı sabahlarımızdan xəbər verir, geopolitik liderliyimizi rövnəqləndirir, bizi qələbələrə şövqləndirir, asudə vaxtımızı zövqləndirir, hallarımızı fövqləndirir və sairə. (Axırıncıları qafiyə üçün yazdım, mənası-zadı yoxdur - o biri cümlələrimdən fərqli olaraq). Adlar siyahımıza yeni girmiş həmin ad Qəlbiyə imiş. Bunu hansısa yaradıcı təfəkkürlü azərbaycanlı uşağına qoymuşdur. Necə gözəl addır... Burada həm qəlb sözü, həm də qəlbi sözü ifadə edilmişdir. Bildiyiniz kimi (hər halda özünüzü elə aparın, qorxmayın, mən oxucularımı satmıram) qəlbi - yuxarı, yüksək, hündür deməkdir. Hazırda bizim qəlbiyə, kosmosun dərinliyinə qalxmış ən azı iki peykimiz orbitdə şırımlar açırsa, niyə özümüzə müvafiq adlar qoymayaq? Halal olsun. Ümid edirəm Eldar müəllim də Metro Tağının pullarını qaytaracaq.

Ümumiyyətlə, respublikamızda aparılan dinc quruculuq işləri hərtərəfli dizayna malikdir. Təzəlikcə paytaxt polisi vətəndaşlara müraciət etmişdi, deyir balkonlara, həyət-bacaya paltar asmayın, pis görünür. Bunun ardıyca paytaxt icra hakimiyyəti də dükançılara vitrinləri yaş əski ilə silməyi, köşkün qabağında gül-çiçək əkməyi tapşırdı. Yaxşı ideyalardır. Doğrudan da, bəzən paytaxtımızda ipdən asılan tuman-köynəyin əlindən gələcəyə addım atmaq mümkün olmur. Özü də bu paltarlar barı milli dəyərlərimizə söykənən nimtənə, qaftan, çəpkən, yaşıl tuman, qırmızı qofta olsa dərd yarıdır. Hərdən paytaxtda eyvandan asılmış elə darbalağa rast gəlirsən sanki düşmən bayrağının trikolorudur. İndi paytaxtın əsas problemi bunlardır. Əlbəttə, ipləri yığışdırıb dükanın pəncərəsindəki at tüpürcəyini siləndən sonra paytaxtda böyük şəhər bələdiyyəsi yaradılması mümkün olacaqdır. Hamısı mərhələli problemlərdir. Düzgün paltar asa bilməyən topluma bələdiyyə, yerli özünü idarəetmə etibar eləmək düz olmazdı. Bunlar gedib bələdiyyəni də zibilləyər. Zibil demişkən, bu yaxında bir maraqlı dəyişiklik gördüm. Xaləddin müəllim icra başçısı olanda hər yerə “Təmiz  Binəqədi” şüarı yapışdırmışdı. Onun yerinə qoyulan icra başçısı isə “Rayonumuzu təmiz saxlayaq!” sözlərini yazıbdır. Məncə, bu da yeni idarəçilik, yeni düşüncə, gələcəyə müasir baxış deməkdir! Yoxsa sən də qabaqkı şüarı dəyişmədən saxla, daha bunun nə mənası oldu? Biz Ermənistanda yaşamırıq ki, 20 ildir İrəvanın Teatr meydanının tinində eyni RAF dursun...

İyun ayında qoyulması dövlət tərəfindən qadağan edilən bəzi adlar isə məndə sual doğurdu, narahatçılığıma səbəb oldu, hətta bir qədər, üzr istəyirəm, qarnım ağrıdı. Fikir verin, idarə millətə öz uşağına Seçən, Namizəd, Şadbala, Sağyaşar, Qənaət adlarını qoymağa icazə verməmişdir. Yaxşı, hesab edək Seçən və Namizəd adları üçün Məzahir müəllimdən, MSK-dan imza vərəqəsi alınmayıbdır, mamaçanın barmağına isə ultrabənövşəyi mürəkkəb yaxılmayıbdır. O cümlədən, tibbi vəziyyətə baxsaq Sağyaşar adı da çox yersiz nikbin görünür, uşağı aldatmaq təsiri bağışlayır. Bəs Qənaətə niyə qadağa qoyulub? Bu ki lap iqtisadi addır, sosial siyasətimizə, büdcə vəsaitlərinin istifadəsinə uyğundur! Hələ Şadbala... İndi şad olmayıb haçan olaq? Hər yan şadlıq sarayıdır, camaat bulvarda dombalaq aşır, haçan kinoya getsən komediya göstərilir. Bu məsələyə yenidən baxılmalıdır.

Новости автора