Свобода людям, независимость нациям!

Rusiya cazibəsini necə itirdi?..

Politoloqlar və ya siyasi analitiklər istədikləri qədər Ukraynadakı seçkiləri çək-çevir edə bilərlər, amma bizə elə gəlir ki, bu seçkilərin əsas nəticəsini, hətta dərsini bir qədər fərqli müstəvidə axtarmaq lazımdır və o da bundan ibarətdi ki, daha bir keçmiş sovet ölkəsində də demokratiya dönməz prosesə çevrilir.

Bura Gürcüstanı və Moldovanı da əlavə etsək ilk baxışda bizim tələsik görünə biləcək nəticəmiz daha da əsaslı və əhatəli olar.

Bu vaxta qədər demokratik post-sovet məkanı yalnız keçmiş Baltik respublikaları ilə məhdudlaşırdı. Hətta əksər politoloqlar bu fikirdə idi ki, uzun müddət belə də olacaq, - demokratik ideyaların və institutların əski sovet məkanındakı nüfuz sferası elə bu regionla da məhdudlaşacaq, çünki yalnız bu üç ölkənin cəmiyyətlərinin demokratik siyasi və ictimai quruluşu bərqərar etmək üçün zəruri resursları vardır.

Amma bir neçə ildir ki, keçmiş sovet məkanında daha bir sistem özünü təsdiq etməkdədir və daha bir neçə ölkə növbəti demokratik məkan kimi özünü təqdim etməkdədir.

Əlbəttə, demirik ki, sadaladığımız daha üç ölkədə-məşhur GUAM üçlüyündə Qərb standartlarına cavab verəcək demokratiya bərqərar olub. Yox, hələ görüləsi işlər çoxdur; seçki sistemi də təkmilləşməlidi, ümumi hüquqi atmosfer və həmçinin vətəndaş cəmiyyətinin əsasları da...

Amma bir məsələ aydındır; üç respublika sosial-iqtisadi xarakterli problemlərə, ərazilərindəki münaqişələrə baxmayaraq demokratiya səmtində hiss olunacaq addım atıblar ki, bu onları ən azı Şərqi Avropa ölkələrilə bir cərgəyə qoyur.

Demokratik proseslər faktiki olaraq geopolitik tendensiyalara da yeni məzmun verir: Rusiya bu ölkələr üçün artıq cazibəli deyil. Ona görə də düşünmək ki, seçkidən sonra “geosiyasi simpatiyalar vektoru” yenidən Moskva tərəfə yönələcək- hər halda, bizə elə gəlir ki, bu elə də ciddi və real səslənmir.

Təəssüf ki, rusiyalılar bu məqama diqqət yetirmir. Burada söhbət tək Qərbin iqtisadi - texnoloji üstünlüklərindən getmir, baxmayaraq ki, onlar da önəmlidir.

Hətta onu da demirik ki, həyatda ayrı-ayrı fərdlər güclünün yanında olmağa can atdığı kimi siyasətdə də millətlər belə edir. Amma səbəb bu da deyil. Məsələ bundadır ki, demokratik cəmiyyətlər inkişaf nərdivanında ən azı bir pillə yuxarıda qərar tuturlar. Ona görə də burada siyasi - ictimai mədəniyyətlər arasındakı ciddi uçurumdan söhbət gedir.

Vaxtilə Rusiya imperiyasının ətraf xalqlar üçün “cazibə sahəsi” daha güclü idi. Təkcə ona görə yox ki, Rusiya güclü və qüdrətli idi, ən çox ona görə ki, ölkə daha mütərəqqi və daha mədəni idi, üstəlik böyük mədəniyyətə pəncərə idi. İndi onun həm Qərbin timsalında güclü rəqibi var, həm də keçmiş sovet məkanının bəzi cəmiyyətləri artıq Rusiyaya bir qədər “yuxarıdan aşağı” baxır və Rusiyanın onlara təklif etməyə nəyisə yoxdur - təkcə nüvə başlıqlarının və yarımac ordusunun yaratdığı qorxu və təlaşdan savayı.

Rusiyanın yaxın ətrafında demokratik rejimlər yoxdur və ölkə əhatəsindəki millətlərlə deyil, onların avtoritar liderləri ilə dostluq edir. Bu liderləri də Moskvanın ətrafında saxlayan yalnız onların hakimiyyət maraqlıdır. Geosiyasi səmti dəyişmək onlar üçün hakimiyyətlə vidalaşmaq deməkdir - bəli, elə bir hakimiyyətlə ki, o, indi hər hansı zaman və ya hüquq kriteriyaları ilə məhdud deyil.

Nə A.Lukaşenko, nə də Mərkəzi Asiyanın liderləri heç də fanatik rusofillər və ya slavyanofillər deyillər. Onları MDB-də, KTMT-da və Avrasiya İttifaqında saxlayan odur ki, bu adamların Moskvadan savayı söykənəcək yerləri yoxdur; yalnız Rusiya onların saxta seçkilərini tanıyır və saxta seçki nəticəsində formalaşan saxta hakimiyyətlərini legitim və qanuni hakimiyyət hesab edir. Ona görə də keçmiş cazibəsini qaytarmaq üçün ilk növbədə Rusiya özü dəyişməlidir, məsələn, qəbul etməlidir ki, Ukrayna heç də kiçik Rusiya - “Malorossiya” deyil, suveren və demokratik ölkədir, burada Rusiyada olduğu kimi tandemokratiyalar yoxdur, normal seçki və siyasət mədəniyyəti var. Bunları qəbul etsə, Kremlin daha “geosiyasi konspiroloq”lara ehtiyacı qalmayacaq və hətta mümkündür ki, keçmiş İttifaq respublikaları da yenidən ona tərəf dönsün - bu dəfə artıq dost və partnyor kimi...

Новости автора