Свобода людям, независимость нациям!

Qurbağa gölü

Dünən fərman imzalandı, Böyükşor və Zığ gölləri İqtisadiyyat Nazirliyindən alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi.

Burada bir haşiyə çıxaraq qeyd edim ki, sonuncu nazirliyin adını ixtisar eləsək çox yaxşı olar, belədə mənasız uzunçuluqdur. Ekologiya mahiyyət etibarilə elə təbii sərvətləri də əhatə eləyir. Başqa cür yazsam, təbii sərvətlər ekologiyadan kənarda var ola bilməz (lap zəhləmgetmiş universitet dərsliklərinin cümləsinə oxşadı). Sitat: “Ekologiya orqanizmlərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, onların yaşayış tərzində, inkişafında, çoxalmasında həmin amillərin rolunu, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını, ekosistemləri, onların əlaqəsini, təbiətin dialektikasını öyrədir” (Vikipediyadan). Dövlət rəhbərliyi nazirliyin adını qısaca “Ekologiya Nazirliyi” şəklində təsbit etsə əsas sərvətimiz olan ana dilimizə böyük qayğı göstərərdi. Özəlliklə, son çağlar ana dili temasında açılan müzakirələrə bu təkliflə qatılıram, sonrasına da, inşallah, baxarıq. Keçək göl mövzusuna.

Yeni fərmana əsasən Böyükşor və Zığ göllərinin səlahiyyətləri, yuxarıda yazdığımız kimi, Ekologiya Nazirliyinə verilibdir. Buraya həmin göllərdə çimmək, balıq tutmaq, maşın yumaq, batmaq aiddir... Zarafat edirəm, mən heç bilmirəm göl üzrə səlahiyyətlərə nələr daxildir. Bisavad adamam, həyatda nəinki bir gölməçə yiyəsi olmuşam, hazırda başımı yumaq üçün həyətdən qar yığıram, bütün su xətləri donubdur. O cümlədən həmin göllərin uyğun olaraq 2013 və 2014-cü illərdən qabaq kimə tabe olduğunu da bilmirəm. Bəlkə yenə ekologiyanın imiş? Ya da Mədəniyyət Nazirliyinin tabeliyində imiş, orada xalq artistlərini çimizdirirmişlər. Bizdə nəyin kimə, haranın necə tabe olması çox qarışıq prosedurlardır. Məsələn, bir ara sahibkarlara yardım işinə Akif Çovdarov baxırdı, milli təhlükəsizliyin nəqliyyatla təminatına isə Metro Tağı. Jurnalistlər ev alveri edirdilər, maklerlər isə efir mətbəxində qəzet çıxardırdı.

Bu məqamda ənənəvi olaraq Molla Nəsrəddindən sitat verməliyəm, çünki çox yerinə düşür. Deyir bir gün Molla qatıq mayasını gölə tökür, başlayır qarışdırmağa. Camaat soruşur, nə edirsən, deyir qatıq çalıram. Xalq gülür: “Heç göldən qatıq tutularmı?” Molla isə deyir: “Əgər tutsa?..” Eşitdiyimə görə belə bir göl həqiqətən vardır, Türkiyə ərazisində, haradasa Konya tərəflərdədir. Şəxsiyyət vəsiqəniz varsa gedin gəzin, gözəl ölkədir.

Ola bilər bizdə də Böyükşor və Zığ gölləri qatıq, yoğurt, pendir, şor qayırmaq üçün istifadə edilirmiş. Əks halda, son illər göllərin İqtisadiyyat Nazirliyinin tabeliyində olması ölkəmizin iqtisadiyyatına hansı dəyərləri qatmışdır? Tutaq ki, Böyükşoru mazutdan təmizləmək, qırağında bulvar salmaq iqtisadiyyatımızı dirçəldibdir. Bəs Zığ gölündə hansı işlər görülübdür? Xalq həqiqəti bilmək istəyir. Buna haqqı çatır. Sabah Göyçə gölü üzərində hüquqlarımızı bərpa edərkən bu təcrübədən çıxış etməliyik. Paşinyanı aşırtmaq istəyən (az qalmışdım Aşıryan yazım) hərbçiləri də qınayıram. O cür xalq adamını ermənilər bir də haçan tapacaqlar? Mən hətta təklif edirəm bizim hərbçilər İrəvana gedib Paşinyanı təxribatçı quldurlardan mühafizə etsinlər. Qafandan qısa yoldur. Lazımsa dron göndərək.

Ancaq yaxşı olardı göllərin səlahiyyətləri Ziya Məmmədova verilsin. Keçmiş nəqliyyat nazirimizin təzəlikcə bir villası haqda xəbər gördüm, həyətində yalan olmasın, Tanqanika gölü boyda süni göl yaratmışdı. Göldə ördəklər, timsahlar, delfinlər üzürdü, nilufərlər çiçək açmışdı. (Ziya müəllim buddistdir). Elə bayaq adını çəkdiyim Çovdarov da tutulanda adına nə qədər göl çıxmışdı. Az qala hər rayonda bir gölü vardı.

Atalar demişkən, gölü ver qurbağaya, birini də üstəlik. İndi söz göləqədər təşkilatlarındır.

Новости автора