Свобода людям, независимость нациям!

Qədim müharibələrin əsas səbəbi - hökmdara həqarət

Söyülən (Putin) qalıb qıraqda, Rusiyada yaşayan gürcülər və çeçenlər özlərini “lezvalayırlar”.

Rusiyada yaşayıb-işləyən gürcü telejurnalist Tina Kandelaki Mixail Saakaşviliyə qarğış edir, ona cəhənnəm arzulayır, elə qələmə verir ki, guya məhz jurnalist Qabuniya onun sifarişi ilə Putini təhqir edib.

Qadın bu hərəkəti ilə, sadəcə, öz dərisini qorumağı düşünür.

Saakaşvili öz növbəsində Qabuniyanın hərəkətini pisləyir və Bidzina İvanişvilini ittiham edir, bildirir ki, bu hadisə onun fənd-fellərindən biridir.

Sabiq prezident də “qəzəbli rus ayısının caynağını” bir dəfə canında hiss etdiyi üçün belə deyir və əsasən ölkəsinin başının salamatlığını fikirləşir.

İvanişvilinin komandasının üzvü, parlamentin vitse-spikeri Georgi Volski  “Rustavi 2"-nin efirində səslənən təhqiramiz ifadənin ”dövlət çevrilişinin davamı" olduğunu bildirir.

Volskinin niyyəti girəvədən istifadə edərək Putinə yarınmaqdır - gələcəyini təminat altına almaq istəyir.

Çeçenistan prezidenti Ramzan Kadırov isə Qabuniyanın ünvanına çoxlu ağır söz (“alçaq”, “düşük”, “nacins”, “nakişi” və s.) deyəndən sonra onu hədələyir, deyir, gərək yeddi divar arxasında gizlənsin, çünki ona ilk rast gələn adam onun layiq olduğu hərəkəti edəcək.

Kadırov özünü Kremlin şilləvuranı kimi aparır və Putinə sədaqətini göstərməyə çalışır.

Onun sözlərini ciddiyə alası olsaq, o deməkdir ki, Qabuniyanı vurub öldürəcəklər. Belə bir iş olsa, bu cinayət yenə də çeçenlərin üstündə qalacaq.

Çeçenistan rəhbəri Qabuniyəni hədələməklə kifayətlənmir, deyir, Gürcüstan rəhbərliyi üzr istəməlidir, yoxsa bu ölkəylə Çeçenistanın arasındakı yollar, cığırlar bağlanacaq.

Belə anlaşılır ki, adam öz yanından Gürcüstana müharibə elan edib.

Onun Qabuniyanı ağır şəkildə cəzalandırmaq hədəsi səsləndirməsi isə birbaşa terrora çağırışdır və adamın yadına rusiyalı siyasətçi Boris Nemtsovun acı taleyini salır.

Hələlik Putin özünü təmkinli aparır, kəskin çıxışlar etmir, sərt ifadələr işlətmir. Bəlkə də bunu onun əvəzindən başqaları edir deyə susur.

Bir jurnalistin canlı efirdə senzuradan kənar ifadələr işlətməsinə bu cür ifrat dərəcədə həssaslıqla yanaşanlar ya Putinin qəzəbindən qorxurlar deyə, belə tələsik açıqlamalar verirlər, ya da “fürsət bu fürsətdir” deyib yarınmağa çalışırlar.

Hər ikisi (qorxaqlıq və yaltaqlıq) eybəcər görünür.

Putin efirdə, ictimai yerdə söyülən ilk siyasətçi deyil, hətta min birinci də deyil. Ondan qabaq təhqir olunanlar çox olub, sonra da olacaq.

Putinin yerinə bənzər ifadələr Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına səslənsəydi, bu qədər ajiotaj doğurmazdı. Çoxları gülüb keçərdi.

Bəs eyni fikirləri Putin başqalarının haqqında desəydi, hazırda yaxalarını yırtanlar nə deyərdilər? Heç nə deməzdilər, Qafqazdakı kişilik qanunlarından-filandan danışmazdılar, deyərdilər, hələ Putin yumşaq deyib.

Presedentlər var. 2008-ci ilin avqustundan sonra Rusiya Gürcüstana hücum edərək, paytaxt Tbilsinin 60 kilometrliyinə qədər gələndə Putin çıxışlarının birində demişdi ki, Saakaşvilini xayasından asacaq.

Heç o zaman bu təhqiramiz ifadənin başına çox da ip salan olmadı. Yalnız  Saakaşvili həmin biədəb hədəyə məzəli bir cavab verdi.

Buradan belə çıxır ki, güclü, hegemon, dominant tərəf rəqibini, düşmənimi sərbəstcə təhqir edə bilər, buna görə nə qanunların, nə ictimaiyyətin qarşısında məsuliyyət daşımaz, amma onun özü bənzər şəkildə təhqir olunanda vay-nöfsə qopar.

Bununla belə, müstəqil bir ölkənin vətəndaşı hesab etməməlidir ki, başqa ölkənin rəhbərini və ya sıravi vətəndaşını heç bir məsuliyyət daşımadan təhqir etmək olar.

Təhqir, söyüş bumeranq kimi şeydir, sən başqa ölkənin rəhbərini, dini rəhbərini təhqir edərsən, o ölkənin məsuliyyətsiz və başaxarabları da sənin ölkənin adamları ilə bənzər şəkildə davranarlar.

Ayrıca, Putin kimi 20 ilə yaxın hakimiyyətdə olan, adı qulağına dəymiş hökmdarlarla ehtiyatlı olmaq gərəkdir. Onlara “idi na yuq” demək təhlükəlidir. Çünki çox dərin düşünməzlər, əmr verərlər, hərbçilər tanklara doluşub cənuba doğru hərəkət edərlər.

Keçmiş dövrlərdə müharibələrin çoxu məhz hökmdarların ağır şəkildə təhqir olunmasından sonra baş verirmiş.

Bircə misal: İranın Kirmanşah əyalətinin sakinləri üstlərinə gəlib onları ram etmək istəyən Şah Qacarın ünvanına “xacə xan”, “axta xan” deyə qışqırırmışlar, o da qalanı ələ keçərəndən sonra Kirmanda gözünü çıxarmadığı adam qoymayıb.

Новости автора