Свобода людям, независимость нациям!

Qaynar xətt

“Qəlyandan bir qullab alan jandarm masanın arxasından qalxıb Serapiona yaxınlaşdı, ona düz və qəzəblə baxıb kəskin səslə bağırdı: - Kimsən sən? Nədir axı bu? Niyə belədir? Bu nə deməkdir? Niyə cavab vermirsən? Tabe olmursan? Özgənin pulunu götürmək? Sus! Cavab ver! Danış! Cavab ver!”

(Anton Çexov, “Məhkəmə” hekayəsindən)

Çılpaq videosu yayılan qızlardan birinin xalqa müraciətini oxudum, məncə, biz onları artıq siyasət aləmində, mənəviyyat və mətbəx verilişlərində, debatlarda, başqa tədbirlərdə görməyə hazır olmalıyıq. Elə ağlamalı mətn yazmışdı ki, Azərbaycan Yazıçılar Birliyinin qadın şairələr klubuna üzv seçilməsə biz Anar müəllimi də qınamalıyıq. Səngəçal-Ələt dairəsindən deputat qoyulması isə günün tələbidir, ümid edirəm seçki komissiyasının sədri Məzahir Pənahov xalqın səsini eşidəcəkdir. Çox gizli, korrupsioner məmurlardan, deputatlardan fərqli olaraq xalqımız o qızların hər bir yerini görmüşdür. Bundan yaxşı şəffaflıq, doğmalıq, məhrəmlik olarmı? Halbuki adam var, heç öz bədənini çılpaq görməyibdir, hədisə əsasən hamamda paltarlı çimir, çün, deyir, adam hamamda lüt olanda ona mələklər baxırmış. Biz gərək həmişə dinimizi əziz tutaq. Sözgəlişi, dünən uşağı apardım bərbərə, dedim bunun başını “poluboks” qırx. Qardaş uşağı qırxanda qəfil ağlıma gəldi ki, ey dadi-bidad, bəlkə bu cür saç dinimizə görə haramdır? (Ən doğrusu, “həramdur” yazılmalıdır, ancaq yola verin). Açdım interneti, gördüm bu sual xeyli zəhmətkeşimizi indiyəcən narahat edibdir, forumlarda, dini-mənəvi saytlarda həmən temada sual-cavablar vardır. Sən demə, saçın böyrünü ağartmaq, üstünü qara saxlamaq ki, buna el arasında “poluboks stili” deyirlər, ona dinimiz icazə vərmir. Sitat: “Həddindən artıq ağartmaq bəyənilmir. İbn Ömərin (radıyəllahu anhumə) rəvayətinə görə, Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bir uşağın saçının bir hissəsinin taraş edildiyini, digər qisminin olduğu kimi qaldığını gördü. Dərhal bunu qadağan etdi və belə buyurdu: ”Ya hamısını taraş edin, ya da hamısını olduğu kimi saxlayın!" (Əbu Davud “Təraccul”, 14).

Həmçinin “Rəsulullah (salləllahu əleyhi və səlləm) başın bir qismini taraş edib, digər qismini saxlamağı qadağan etmişdir”. (əl-Buxari: “Libas”, 72; Muslim “Libas”, 72).

Heyf ki, bunu oxuyub bitirəndə, baxdım, bərbər uşağın saçını artıq kafir formasına salıbdır. Ta nə etmək olar. İndi gərək qalın papaq qoysun, poluboksu görünməsin. Bəzi müsəlman ölkələrində uşağı belə qırxan dəlləklərin başını kəsirlər, biləsiniz.

Gör o qızın video-müraciəti bizi hansı mənəvi temalara sövq elədi, Allah hamının mənəviyyatını artırsın, ilahi, amin. İndi keçək islahatların başqa qoluna.

Bildiyiniz kimi (artıq boynunuza qoydum, özünüzü elə aparın guya bilirdiniz), hökumətimiz məhkəmə-hüquq sahəsində islahatlara da start verdi. Hamı intizarla bunu gözləyirdi. Doğrudur, kreditlər, siyasi dustaqlar, minimum əmək haqqı, dükanı yananlar, evi dağılanlar və sairə üzrə islahat paketi çoxdan təqdim olunmuşdur, müəyyən işlər görülmüşdür. Ancaq millət ən çox məhkəmə-hüquq islahatlarının olmasını istəyirdi, çünki ədalətsiz heç bir iş görmək mümkün deyildir. Nə qədər ona-buna yardım elə, zərərçəkənin barmağına “piş” elə - xeyri yoxdur, mütləq qanunların aliliyi qorunmalıdır. O Türkiyədə Atatürkün adından hər yerə vurulan şüarda deyilən kimi: “Ədalət mülkün təməlidir”. Bir dənə də afyorizm var, deyir, cəmiyyət iki halda korlanır, əgər cəza varsa, cinayət yoxdursa, ya da cinayət varsa, cəza yoxdursa. Təəssüf ki, bizdə bu iki halın ikisinə də rast gəlinmir. Məhz bu baxımdan məhkəmə-hüquq islahatları çox yaxşı oldu.

İslahatın əsas bəndlərindən biri budur ki, indən belə bizdə məhkəmənin də qaynar xətti olacaqdır. Hakim səndən rüşvət istəsə, buyur, zəng elə, şikayətlən, ağla, zarı. Sonra məhkəmə-hüquq şurası, Ədliyyə Nazirliyinin zəhmətkeşləri hakimin qulağını dartıb uzatsınlar. Zarafat edirəm, əşi, bizdə qanunsuz hökm çıxaran hakim qırmızı kitaba düşmüş bəbir kimi nadir canlıdır. Dağda-zadda görürsən fototələ qururlar, bəbir ildə bir dəfə gəlir o kameraya baxıb, quyruğunu bulayıb gedir. Bəs biz ildə bir dəfə haradasa qanunun maddəsini yüngülvari bulamış hakimdən şikayət edəcəyik deyə, qaynar xətt yaratmağın mənası var idimi? Var idi. Çünki bu, şikayətdən çox xalqımızın musiqi zövqünü formalaşdırmağa lazımdır. İzah edim.

Misal üçün, bizdə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vursan, uzun müddət Motsartın “Fiqaronun toyu” operasından parçalar dinləmək mümkündür. Adam sağalır, heç axırda kimisə tapsa, şikayət də eləmir. Yaxud Baş Prokurorluğun qaynar xətti Alfred Şnitke-nin 1-ci simfoniyasını, Qida Təhlükəsizliyi Agentliyinin qaynar xətti Edvard Qriq-in “Dağ kralının mağarasında” musiqi parçasını, Təhsil Nazirliyinin qaynar xətti isə Rixard Vaqner-in “Valkiriyaların uçuşu” melodiyalarını dinləmək üçün yaradılıbdır, başqa hər hansı pis məqsəd güdülmür. Mədəniyyət Nazirliyimizin qaynar xətti isə öz milliliyi ilə seçilir, əgər ora zəng vursanız, istedadlı bəstəkarımız Firudin Allahverdinin “Tar və ansambl üçün ”Sıralama" əsərinə qulaq asarsınız.

Новости автора