Свобода людям, независимость нациям!

Qaraçılar və robotlar

“İnsanlar xoşbəxtdir; onlar nə istəsələr alırlar, ala bilmədiklərini isə istəməkdən məhrumdurlar. Onlar təhlükəsiz, bolluqda yaşayırlar, xəstəlik nədir bilmir, ölümdən qorxmurlar; ehtiras və qocalıq haqda anlayışları yoxdur, ata-anaları onların həyatını zəhərləmir; onların nə arvadları, nə uşaqları, nə məhəbbətləri var – deməli həyəcanları da yoxdur”

(Oldos Haksli, “Cəsur yeni dünya”)

Mən hələ 3 iyunda yazdığım köşənin başlığını “Bizdə heç nə itmir” qoyarkən uzaqgörənlik eləmişdim. Təvazökarlıq olsa da bunu qeyd etməliyəm. Budur, Sabunçuda itən balaca uşağı tapıb valideynlərinə verdilər. Hər şey xoşbəxt sonluqla bitdi. Başqa cür ola bilməzdi. Uşağın adının nadir adlarımızdan biri “Zəhra” olması, sevindirici hadisənin Ramazan bayramı gününə təsadüf eləməsi isə xüsusilə maraqlıdır. Gör nə qədər yolunu azmış zəhmətkeşimizə müsbət təsir eləyəcək hadisədir... Məsələn, mənim yadıma gəlir, Seyid Mübariz İbrahimovun yüzlərlə ermənini məhv edib şəhid olmasından sonra nə qədər insanlarımız iman tapdılar. O hadisə ölkəmizdə dini təmayüllərin güclənməsində müsbət rolunu oynamışdı. Əvvəl-axır hamı haqqın yoluna gələcəkdir. İlahi, amin! 

Eyni zamanda, uşağın itməsi ətrafında yaradılan informasiya qalmaqalında razılaşmadığım məqamlar vardır. Örnək üçün, dünən bəzi xəbərlərdə uşağı qaraçıların oğurladığı, dilənmək məqsədiylə apardıqları yazılmışdı. Halbuki, polisin açıqlamasında heç bir belə məqam yox idi. Elə isə qaraçı xalqına niyə qara yaxırıq? Ruslar ölkələrində hansısa kriminal olanda “bunu qafqazlılar edib” deyə bizi şərləyirsə, bizim indi etnik azlıq olan qaraçılarımızı şərləməyimiz nə dərəcə doğrudur, insaflıdır, ədalətlidir? Üstəlik, kimisə uşaq vaxtı oğurlayıb dilənçilik üçün istifadə eləmək çox keçmişdə qalmış şəhər əfsanələrindəndir. İndi hər küçədə qırx dənə kamera gizli çəkiliş aparır, bütün addımlarımız, sifətimiz dövlətin gözü, nəzarəti altındadır. Deməli istəsən belə adam oğurlayıb sonra küçəyə göz qabağına qoya bilməzsən. Hələ onu demirəm ki, qaraçıların özlərinin yetərincə sayda şəxsi uşaqları varsa, əlavə niyə oğurlayırlar?

Nəhayət, bizim ölkədə bəyəm dilənçilik qalıbmı? Qalmayıb. Yoxsulluq tam aradan qalxıb, sosial müdafiə işlərini Hadı müəllim qanunlarla, Sahil müəllim əmrlərlə yüksək səviyyədə aparırlar. Bu saat biz Pakistanda məktəb, Misirdə uşaq evi, Moskvada qocalar evi tikiriksə, Bakıda niyə dilənməliyik? Bizim belə mənasız işlərə nə vaxtımız, nə həvəsimiz var. Sənə nə lazım olsa dövlət babaya de, versin. Ev istəyirsən? Buyur. Xalq şairi adı lazımdır? Al gəldi. Xəstəsən? Göndərək xaricə, müalicə olun. İşin yoxdu, iş verək, dişin yoxdu, diş verək, “çişin” gəlir pampers taxaq. O köhnə televiziya tamaşasının qəhrəmanı yadınıza gəlirmi? Tez-tez dövlət təminatının, qısaca, “döt”ün yoxluğundan şikayətlənirdi. İndi bizdə hamının “döt”ü var.

Ancaq mən qaraçıların niyə ümummilli qıcıq obyekti olmasının psixoloji səbəblərini anlayıram. Onlar başqa camaatdan fərqli olaraq əllərini ağdan-qaraya vurmadan, Qorbaçovun sözü olmasın, “zəhmətsiz gəlirlərlə” yaşayırlar. Əlbəttə, bu məqsədlə “yanımızdakı qəşəng qızdan”, “əsgərlikdəki uşaqdan”, “xəstəxanadakı və qürbətdəki qohumlardan” və başqalarından yararlanırlar. Bir növ, sevgili millətin dualarını ucalara çatdırmaq üçün rabitə xidməti rolunu oynayırlar. Hərdən rabitəçilərdə də yeyinti, korrupsiya olur, neyləmək olar? Bu yaxında rabitə işinə görə tutulanların hamısını buraxdılar, sağ əlləri (bəlkə trubkaları?) “çekistlərin” başına. Sözümün canı odur ki, camaat qaraçılara gizli paxıllıq edir. Ancaq bəşəriyyətin inkişaf prosesləri qaraçıların uzaqgörənliyini göstərir. Əvvəl-axır biz hamımız işsiz qalıb “qaraçı” olacağıq, əvəzimizdən bütün işləri robotlar, maşınlar görəcəkdir. Adamlar robotların ayırdığı sosial müavinəti (oxu: dilənçi pulu, nəzir) alacaqlar. İndinin özündə nə qədər peşə sıradan çıxmışdır. Hər şeyi maşınlar eləyir, bircə süni intellektin, robotun tamamilə insanın rolu olmadan robot istehsal eləməyə başlaması qalıbdır.

“Sən o başındakı qəşəng robotun canı, bir proqram nəzir ver”. Hazırlaşıram. Gələcəyə.

Новости автора