Свобода людям, независимость нациям!

Qaldırıcı krandakı aktrisa

“İrad tuturlar, çünki başa düşmürlər”

(latın məsəli)

Aktrisalardan biri, özü də yanılmıramsa birbaşa xalq artistidir, növbəti dəfə məmurlara müraciət edib, deyir gərək onlar sənətkarlara dəyər versinlər. Doğrusu mən bilmədim bu dəfə nə istəyirlər. Maaşı artırırlar, ev verirlər, maşın verirlər, uşaqlarını işə qoyurlar, yenə bunlar sakitləşmək bilmir. Yazıq məmurlar. Heç onları fikirləşən yoxdur. Özü də bizim aktyor-aktrisa toplusu barı bir yönlü sənət-zad göstərsələr adam yanmaz. Teatrımız, kinomuz naftalin iyi verir, ən yaxşı halda ötən əsrin 90-cı illərində qalıb, ancaq məmurların yaxasından əl çəkmirlər. Mən xalqa müraciət eləmək istəyirəm. Ay camaat, bilin ki, məmurları sizin üçün işləməyə bu aktrisalar qoymur. Vaxtları qalmır sadəcə.

Ancaq yenə bəzi dövlət idarələri bu qədər vurhavurun, Əliağa Vahid demişkən, soxasoxun içində xalq üçün işləməyə davam edirlər. Misal üçün, götürək elə təcili yardım xidmətini. Hər həftə bizdə təcili yardım maşınlarının qəzaya uğraması xəbəri gəlməkdədir. Yol polisinin açıqlaması vardı, deyir təcili yardım maşınları bəzən yalandan camaatın yoluna çıxır, sürət həddini aşır, qadağanedici nişanları keçirlər, nəticədə toqquşmalar olur. Haqlı irad saymıram. Bəlkə onlar uzaqgörənliklə bunu edirlər? Zamanı qabaqlayırlar. Ona görə tələsirlər ki, yaxındakı döngədə qəza törədib yardıma ehtiyac yaradacaqlarını bilirlər. Bizim son 30 illik tariximiz belə təcili yardım aktları ilə zəngin deyildirmi? 1993-cü ildə rayonları bu cür əldən vermədikmi?

Tema açılmışkən, Elmar müəllim bugünlərdə Fransa Xarici İşlər Nazirliyində səfərdə olmuşdur, orda fransızlar deyiblər: “Biz Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dayanıqlı həllinə tərəfdarıq”. Allah razı olsun. Nə yaxşı deyiblər. Yoxsa biz fikirləşirdik fransızlar Qarabağ münaqişəsinin dava-dalaş yolu ilə müvəqqəti həllini istəyirlər. İndi oxşar bəyanatı Rusiya və ABŞ-dan - Qarabağ münaqişəsi üzrə trio-həmsədrlərimizin o biri qanadlarından da gözləyirik. Əgər onlar da təsdiqləsələr ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə dayanıqlı həll olunmalıdır, vəssalam. Elmar müəllim vəzifəsinin öhdəsindən şərəflə gəlmiş sayılacaqdır. Aeroportda qabaqlayıb medal verərik. Əlbəttə, aktrisalar zəhlətökən ağlaşma-şivənlərindən imkan yaratsalar. Ancaq bundan qabaq yəqin ki, Elmar müəllimin Moskva və Vaşinqtona səfərləri vacibdir. Çünki gərək gedib oraların xarici iş idarələrindən Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dayanıqlı həllinə təminat alasan. Almasan, daha mənası nədir? Almaq lazımdır. 1994-cü ildən - Rəsul müəllim Bişkək şəhərinə gedib atəşkəs protokolu adlanan kağıza qol çəkəndən bəri biz vaxtaşırı bu təminatı alırıq. Hər iki-üç ildən bir Fransa, ABŞ və Rusiya idarələri təsdiqləyirlər ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə dayanıqlı həll olunmalıdır. 

Mövzu çox uzandı, demək istəyirəm dövlət idarələri yaxşı işləyir. Təcili yardımı yazdım. Keçən həftə bir qaldırıcı kran isə sərnişin avtobusuna girmişdi. Demək şəhərimizdə quruculuq işləri nə təhər vüsət alıbsa artıq avtobuslar kranla toqquşur. Ancaq qabaqlar qatarla toqquşurdular. İndi isə hər yerdə kranlar gəzir. Hətta bizdə təklif var bir Kran Nazirliyi yaradılsın. Camaatı qaldırıb ora-bura qoymaq üçün. Elə bayaq adını çəkdiyimiz (daha doğrusu, qorxub çəkmədiyimiz) aktrisaları qaldırıb məmurların qabağına qoymaq üçün. İdarənin adını uyğun olaraq ASAN-Kran İdarəsi, Dost-Kran Xidməti kimi qoymaq olar. Əsas əhalinin təklifləridir.

Yaxşı işləyən idarələrdən biri də polisdir. Dünən qəzetdə başlıq gördüm: “Polis şagirdlərə həqiqəti başa salır”. Əla idi. Həqiqəti biz başqa hardan öyrənə bilərik? Hələ Aristotelin vaxtından söhbət belədir ki, əgər sənin başındakı fikirlə gördüyün predmet uyğun gəlirsə, bu, həqiqətdir. Bizdə də bu uyğunluğu təmin edən başlıca idarə polis idarəsidir.

Sonda təşəkkürümü bildirirəm - hamınıza. Biz indi 10 milyonuq.

 

Новости автора