Свобода людям, независимость нациям!

Qaldığımız yer

“Zira indi işləməyib məqsudinizi apara bilməzsiniz. Onda sizin hakimləriniz hər bir məşrutə və hürriyətinizi əlinizdən alıb uca səs ilə küll aləmə deyəcəklər ki: Biz hürriyyət verdik, lakin millət hazır olmadığı üçün idarə edə bilmədi...”

(M.Ə.Rəsulzadə, 1906-cı il, 8 avqust, “İrşad” qəzeti)

Əgər nəzərə alsaq ki, bu hakimiyyətin dövründə heç zaman birdən-birə 50 nəfər siyasi dustaq azadlığa buraxılmayıbdır, son əfv fərmanı doğrudan da inqilabi bir addım sayıla bilər. Nə cəmiyyət, nə müxalifət üçün yox, ilk növbədə iqtidarın özü üçün. Axı o adamlar bir günün, bir ayın, heç bir ilin də dustaqları deyildilər, iqtidar onları türməyə salmaq üçün çox zaman sərf etmişdi. Bir günün içində isə azad elədi. Deməli, burada ən çox “xərcə düşən” hakimiyyətdir və biz bunu qiymətləndiririk.

O cümlədən, o adamların həbs edilməsi üçün hakim düşərgədə, onun şərti olaraq “qırğılar qanadı” adlandıra biləcəyimiz hissəsində xeyli şəxslərin hazırda diş qıcırdadıb narazı qaldığını da düşünəndə, təsəvvür edəndə, fərmanın əhəmiyyəti artır. Diş şaqqıldadanlar isə and içərəm ki, var. Biz xalqımızı mərhəmətli adlandıra bilərik, ancaq onun içində xeyli amansız, qəddar, qaniçən tiplər də var. Hacıbala müəllim demişkən, əmin olun ki, var.

Təbii, mən demirəm bu saat hamımız döşənək və minnətdarlıq edək. Ancaq həqiqəti yazmağa nə sözümüz? Əfv günü mən bir-iki müxalif sayta xüsusi baxdım. Birində fərmanı belə başlıqla vermişdilər: “Bir neçə siyasi məhbus əfv edildi”. Sən demə, bizim dildə 50 nəfər artıq “bir neçə” sayılır. Yazını yazarkən yenə baxdım və sevindim ki, heç olmazsa sonradan bu mənasız xırdalayacı hərəkəti düzəldib “50 nəfər əfv edildi” yazıblar. Yenə qeyd edirəm ki, böyüdücü hərəkətlər ummuram, buna heç ehtiyac da yoxdur, necə deyərlər, gərək o adamlar ümumən tutulmazdı, ancaq kiçildici söhbətlərin mənası nədir?

Hələ əfv edilən siyasi dustaqlardan biri görün nə deyir: “Qaldığımız yerdən davam edəcəyik”. Qardaş, harda qalmışdın ki? Azərbaycan siyasət mühitindən, müxalifətindən, cəmiyyətindən xəbərsiz adam olsa, zənn edər ki, bu dostumuz, yalan olmasın, spartalıların komandiri Leonid imiş, Fermopil keçidində 300 spartalı ilə dayanıbmış. Ya da nə bilim, Nelson Mandela imiş, zəncilərin hüquqları uğrunda apardığı mübarizə yarımçıq qalıbmış, indi çıxıb davam edəcəkmiş. Bir az da avtobusdakı hadisə haqda saqqallı lətifəni xatırladır: “Mənə yer verin, yoxsa dünənki kimi olacaq”.

Qaldı keçmiş səhiyyə naziri, onun libası camaatın diqqətini çox çəkib, hətta qiymətini hesablayanlar var. Elə mənə də Əli müəllimin sarı rəngə üstünlük verməsi maraqlı gəldi, çünki 2005-ci ildə onu tutanda da iqtidar çoxlu sarı boya nümayiş etdirmişdi: qızıl külçələr, nazirin olduğu iddia edilən villanın sarı-qızılı interyeri, mebelləri... Bəlkə də Əli müəllim tərəfdarlarına “Sarıdan hələ qalır, uzağa getməyin” işarəsi verirdi? Nə biləsən. Şəxsən mən arzu edərdim, Əli müəllim də “qaldığı yerdən” davam etsin, məsələn, həyatının yerdə qalan hissəsini də YAP quruculuğuna həsr etsin. Yoxsa “hələ bilmək olmaz, bəlkə müxalifət mənə birləşdi” söhbəti Mahsun Qırmızıgülün “Sarı-sarı, kimin yarı” mahnısını yadımıza saldı.

Bir də camaatın “bunun ardı gəlsin” deyən hissəsi var. Əlbəttə. Ardı gəlsə yaxşı olar. Yoxsa yazıq Mehman müəllim (Turan agentliyinin şefi) 16 ildir “bu yaxında islahat olacaq” deyə-deyə az qala internet memə çevrilmişdi. Və deyəsən, islahat Mehman müəllim yorulub-bezəndə, qəfildən oldu. Ancaq zarafat bir yana, hakimiyyət daha nələr edə bilər ki? Misal üçün, arzu edirik məhkəmə-hüquq sistemində islahat olsun. Buna potensialımız varmı? Bir nəfərin iradəsi ilə bunu etmək olarmı? Çətin məsələdir. Vəkil İsaxan Aşurov sağlığında mənə bir əhvalat danışmışdı. Deyir, bir gün gürcü prezidenti Şevardnadze Kutaisiyə gəlir, yerli hakimiyyət qurumları ilə görüşəndə məhkəmə hakimi onun salamını almır. Hakim deyibmiş ki, sən korrupsiyaçısan, mən sənə əlimi uzatmaram. Bəs bizdə nə qədər belə saf hüquqşünas, hakim, vəkil, prokuror, polis tapa bilərsiniz? Ayrılıqda götürəndə hamımız yaxşı adamıq, nəsə bir yerə yığılanda zayımız çıxır. O cümlədən, bu dəqiqə məndən siyahı istəsən, rüşvət almayan, yalan yazmayan jurnalist saymalı olsam,  əlimin biri bəs eləyəcək. Güc-bəla ilə.

Bu yaxında Rusiyada biabırçı bir adam aşkara çıxmışdı. Volqoqrad vilayət dumasının hakim partiyadan olan deputatı az pensiya alanları “alkaş və müftəxor” adlandırmışdı, guya camaatın iqtisadi durumu ağırdırsa, bunda ancaq özləri suçlu imiş. Ritorika necə tanışdır, elə deyilmi? Sanki Hadı Rəcəbli və ya onun başqa həmkarı növbəti qalmaqallı açıqlamasını verib. Məsələ ondadır ki, bu adam elə azərbaycanlı idi, Həsən Nəbiyev adında.

İndi lap demokratiyanın ipini aç burax, seçkiləri düzgün keçirt (təbii, Həsən müəllimi də Putinin partiyası təyin etmişdi, burada mövzu bu deyil), qarantiya yoxdur ki, bizdə düzgün seçkidə yaranan deputatxana “Hadı Rəcəbli və Həsən Nəbiyev”dən ibarət olmayacaq.

Ancaq mənim şəxsi narahatlıq və proqnozlarımın xalqın seçib-seçilmək hüququnun təmin olunmasına dəxli yoxdur. Bunu da yazmaq borcumdur. İmkan verək xalq da “səhv” eləsin.

Новости автора