Свобода людям, независимость нациям!

Peyvəndimiz də gəldi

“Taun onları qiymətləndirmə qabiliyyətindən məhrum etmişdi. Bunu ən azı ondan görmək olardı ki, artıq kimsə aldığı paltarın və ya yeməyin keyfiyyətiylə maraqlanmırdı. Hər şeyi seçimsiz qəbul edirdilər”
(Alber Kamyu, “Taun” romanından)

Hökumətimiz həmişəki kimi xalqın qayğısına qalmaqdadır. Çindən təcili olaraq korona vaksini sifariş edilməsi, artıq 18 yanvardan xalqın canına vurulması bunun növbəti təzahürüdür. İstəmirlər xalqımız azalsın. Yoxsa yeni iş yerlərinin açılması, regionların inkişafı, təhsildə uğurlar, korrupsiya ilə mübarizə kimi dövlət proqramları nədən ötrüdür? Bunların hamısını həyata keçirmək üçün xalq lazımdır. Elə son 1 il ərzində məcburən iş yerləri bağlandı, xalqa 190 manat yardım edildi, o qədər çox pul idi ki, insanlar bunu üst-üstə yığıb ev aldılar. Neçə adam tanıyıram, 190 manatla, yalan olmasın, Havay adalarına istirahətə getməyə hazırlaşır, təki andıra qalmış pandemiya bitsin.

Ancaq hökumətimizin xalqa vurmaq istədiyi Çin vaksini müəyyən suallar doğurur. Düzdür, hər gün rəsmi şəxslər, deputatlar həmin vaksinin bütün sınaqlardan uğurla keçdiyini, yüksək səmərə göstərdiyini bəyan etməkdədir, lakin ortada başqa elmi mənzərə var. Məsələn, bu vaksin (Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” adlı vaksindən söhbət gedir) üzərində sınaqlar keçən ilin yay aylarından, müxtəlif dünya ölkələrində başlanmışdır və yalnız Türkiyənin açıqlamasında 90 faizə yaxın səmərədən bəhs edilib. Keçən ilin 24 dekabrında açıqlanan bu rəqəm 1320 nəfərin üzərində aparılan sınağın nəticəsidir ki, dünya təcrübəsində bu tip sınaqlar üçün olduqca kiçik rəqəm sayılır. İndoneziyanın Bandunq şəhərində 1600 nəfər üzərində sınaqlar yanvarın 11-də 65 faiz, Braziliyada isə 50 faizə yaxın nəticə göstərib. Ümumiyyətlə, Çin vaksinlərinin COVİD-19 xəstələrinin müxtəlif vəziyyətlərində təsiri – ağır halda xəstəxanaya düşənlərlə yüngül keçirənlər və sairə - o qədər də aydınlaşdırılmayıb və çox müxtəlif rəqəmlər ortada dolaşır. Ən pisi isə, bizim tətbiq edəcəyimiz vaksinin son elmi nəticələri hər hansı nüfuzlu jurnalda dərc edilməyib.

Əlbəttə, vaxt dardır, hökumət xalqı xilas etməyə çalışır, o üzdən əlimizə nə düşsə onunla kifayətlənirik. Mən bunu başa düşürəm. Eyni zamanda, bizim aldığımız vaksinin əsas üstünlüklərindən biri deyəsən onun həm xeyirsiz, həm də ziyansız olmasındadır. Yəni, bundan 5 adam sağalacaqsa, 1 adam ölməyəcək. Eyni zamanda, “CoronaVac” vaksini daşımaq, saxlamaq üçün də hansısa xüsusi qablar, mənfi temeperaturlar-filan tələb eləmir. Sadəcə, müsbət 2-8 dərəcə temperatur bəsdir. Halbuki, bəzi Qərb vaksinləri üçün (“Pfizer-BioNTec”) mənfi 80-60 dərəcə temperatur lazımdır.

Doğrudur, bizdə vaksinləşmə könüllü olaraq elan edilib, ancaq təcrübə buna inanmağa əsas vermir. Ən azından tibb işçilərimizin, hərbçilərin, büdcə təşkilatında çalışanların (bizdə isə büdcə təşkilatında çalışmayan faktiki qalmamışdır – hətta kənddə kartof əkib, inək saxlayanlar da hazırda hansısa dolayısı və birbaşa üsullarla dövlət sektorunun işçisi sayılır) məcburi peyvənd olunacağı şübhəsizdir. Lakin bunu xalqa təbliğ etmək üçün heç olmazsa başqa dünya ölkələrindəki üsullardan yararlanmaq lazımdır, örnək üçün, qoy baş nazir, parlamentin spikeri, ən azından səhiyyə naziri kameralar önündə peyvənd olunsunlar. Bizim millət televizorda göstərilən şeylərə daha çox inanır. Neçə illərdir xəbərləri ancaq AzTV-dən izləyirik. Hətta elə adam olub, evi yanıb, yanğınsöndürən gəlib, lakin adamı mənzildən çıxarda bilməyiblər, deyib AzTV verməyincə inanmaram evim yanır. Yazıq külə dönmüşdür.

İndi söz əlaqədar təşkilatlarındır – vaksin vurdurun, baxaq.

Новости автора