Свобода людям, независимость нациям!

Paşinyan yeni Ermənistan qurmayınca...

Ermənistanın eks-prezidenti R.Koçaryanı yenidən istintaq təcridxanasına qaytardılar. Güman ki, o, indi vaxtını daha çox siyasət və siyasətçilər haqqında düşüncələrlə, siyasətin lap yüngülbeyin qadına bənzəməsi, adamı gah tumarlaması, gah da ki, cırmaqlaması haqqında fikirlərlə keçirir.

Amma vaxt vardı ki, o, təkcə yerli publika qarşısında deyil, hətta əcnəbi auditoriya qarşısında, təkcə yerli tədbirlərdə deyil, həm də beynəlxalq tədbirlərdə, hətta Avropa Şurasının Parlament Assambleyasında özünü nümayiş etdirməyi, Azərbaycanın strateji əhəmiyyətli şəhərini - Xocalını necə işğal etmələri haqqında danışmağı sevirdi...

İndi bunlar hamısı keçmişdədir. Əgər Kremldəki hamiləri onu həbsxanadan qaçırmasa və ya Ermənistanda əks-inqilab baş verməsə, ya da ki, Moskva Paşinyanı devirməsə, Koçaryan daha cəzadan qaça bilməyəcək - yox, onu hələ azərbaycanlı uşaqlara, qadınlara və qocalara  qarşı cinayətlərinə görə mühakimə etmirlər, amma öz ölkəsində dinc aksiyaları zorla yatırdığına, silahsız insanlara qarşı güc tətbiq etdiyinə görə yüzə-yüz cavab verməli olacaqdır.

Bəzi siyasi təhlilçilər, xüsusən də rusiyalı siyasi müşahidəçilər N.Paşinyanı eks-prezidentlə “öz hesabını çürütməkdə” ittiham edirlər. Amma hələ K.Marks yazırdı ki, hər bir dövlətin əsasları iki halda sarsılır: cinayət var, amma cəza yoxdur və yaxud da cəza var, amma cinayət yoxdur.

Koçaryanın halında cinayət var. Bu adam insanların konstitusion hüquqlarını pozub, dinc aksiyalara zor tətbiq edib və faktiki olaraq hakimiyyəti uzurpasiya edibdir. Deməli, cəza da olmalıdır ki, bu cür hərəkətlər cəlbedici presedentə çevrilməsin, bir daha təkrar olunmasın.

Amma Paşinyan üçün eks-prezidentin əməllərilə bağlı daha ciddi düşünmək və bir sadə suala cavab verməyə çalışmaq çox yaxşı olardı: Niyə görə Ermənistanda insanlar kriminal Dağlıq Qarabağ klanının hakimiyyətinə qarşı etiraz edirdilər? Axı bu adamlar formal olaraq “milli qəhrəmanlar” idilər, onlar ermənilərin “Artsax”la bağlı yuxularını “çin etmişdilər”, necə deyər, “böyük Ermənistan”la bağlı sayıqlamaları doğru etmək yolunda guya ciddi addım atmışdılar!..

Formal, daha doğrusu, başabəla erməni millətçilərinin məntiqinə görə, ermənilər saçları çallaşana qədər bu adamlara dua-sənə etməli, onların hakimiyyətlərinə loyal olmalı və bu hakimiyyətə ürəkdən dəstək verməli idilər.

Amma tərsinə oldu. İndi Ermənistanda Dağlıq Qarabağ klanının tör-töküntülərindən və bir də Kreml əhlindən savayı kimsə cənab Koçaryanı müdafiə etmir. Problem nədədir?

Bəlkə əksər insanları, ağlını, necə deyər, soyuq mühakimə yürütmək qabiliyyətini hələ qoruyub saxlaya bilmiş sadə adamları bir dəstə siyasətbazın və cinayətkarın avantüraları (hansılar ki, öz millətlərinin dərdlərindən qazanmağa adət ediblər və xalqlarını təkrarən otuz il davam edən və sonunda da yaxşı heç nə vəd etməyən növbəti siyasi avantüraya sürüklədilər!) tamam maraqlandırmır?

Bəlkə minlərlə belə insan sadəcə, ölkələrində aparılan siyasətlə bağlı narazılıqlarını daha açıq və birmənalı ifadə etməkdən çəkinirlər? Axı biz erməni millətçilərinin fitnələrinə uymayanların ən azı Sumqayıt hadisələri zaman necə cəzalandırılmasını görmüşük!

Bəlkə yeni baş nazirin elə həqiqətən də ictimai rəyi bir az diqqətlə öyrənməsinə ehtiyac var? Düşünürük ki, bu suallara cavab vermədən Paşinyana düzgün daxili siyasi vektor qurmaq müyəssər olmayacaqdır.

“Bir ayağı ilə köhnə Ermənistanda qalan, digərilə indiki Ermənistana qədəm qoymağa çalışan Paşinyan təzə Ermənistanı qazana bilmədi” - bu sətirləri bu yaxınlarda bir erməni politoloqu yazmışdı. Fikirləşirik ki, o, haqlıdır - bəli, təəssüf ki, Paşinyanın bir ayağı hələ köhnə Ermənistanda qalmaqda davam edir və bunun da səbəbləri var.

Birincisi, buna onu Kreml vadar edir və faktiki olaraq ondan əvvəlki regional və qlobal siyasəti davam etdirməyi tələb edir.

İkincisi, əlbəttə ki, o, siyasi opponentlərindən ehtiyatlanır, hansılar ki, artıq indidən onu “yeni Turan qurmaq”da, Dağlıq Qarabağı Azərbaycana verməyə hazırlaşmaqda ittiham edirlər.

Üçüncüsü, Paşinyan da ermənidir və vaxtilə onun da beynini “böyük Ermənistan” haqqındakı nağıllarla zəhərləyiblər.

Məhz buna görə də hələki Dağlıq Qarabağ məsələsi dalanda qalmaqda davam edir və günbəgün genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı artır ki, bundan da son nəticədə yenə Ermənistan uduzacaqdır, çünki Azərbaycan regionun ən stabil ölkəsi kimi qalmaqda davam edir və burada hərbi əməliyyatların başlana bilməsi ehtimalı ilə bağlı hansısa panika, vurnuxma yaşanmır, əksinə Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan üçün müharibənin yalnız bir mərhələsi bitibdi.

Üstəlik, Azərbaycan ordusunun gündən-günə təkcə hərbi-texniki göstəriciləri yox, həm də hərbi qulluqçuların sosial təminatı gücləndirilir və elə bu yaxınlarda ölkə başçısı bütün güc strukturlarının təmsilçilərinin vəzifə maaşlarını 40 faiz artırdı və üstəlik, güc strukturlarında bir sıra mühüm islahatlar və təyinatlar apardı, çünki Azərbaycanda məşhur bir kəlamı heç vaxt unutmurlar: öz ordusunu və cəmiyyətini yedirtməyən bir  hökumət gec-tez özgə ordusunu yedirtməli olacaq...

Новости автора