Свобода людям, независимость нациям!

Özünütənqid ruhunda

“Nəyə görə giriş pilləkənlərindən xalıları yığışdırıblar? Bəyəm Karl Marks pilləkənə xalça sərməyi qadağan edir?”

(Mixail Bulqakov, “İt ürəyi”)

Bu gün 7 noyabr - Böyük Oktyabr Sosialist İnqilabının ildönümüdür, zəhmətkeşlərimizi təbrik edirəm. Çünki biz “Mumiya” filmində boynunda bütün dinlərin rəmzlərini gəzdirən diribaş qul kimi hər cür bayramı məmnuniyyətlə qutlamağa hazırıq. İki gün sonra 9 noyabr milli bayraq bayramımız olacaqdır, onu da indidən təbrik edirəm. Biri o birisinə mane olmur ki? İstəyirsən qəlbində Stalini də saxla, onun öldürdüyü Müşfiqi, Cavidi də. Sovet hökumətinin qırmızı bayrağının nostaljisi ilə yaşayıb üçrəngli müstəqil bayrağımızı qucaqlayıb öpmək də problem yaratmır. Sovet vaxtı belə çoxlu dissident şair və yazıçılarımız var idi, Lenin mükafatı, komsomol ordeni-zad alırdılar, eyni zamanda sən demə, millətçilik duyğuları püskürürmüş. Uca millətimiz də indiyəcən həmin şairləri sevməkdədir, çünki riyakarlıqda onlardan geri qalmadığımızı yaxşı başa düşürük. (Açığı, mənim aləmimdə azərbaycanlıların əbədiyyət yolu Mirzə Şəfinin 19-cu əsrdə Mirzə Fətəliyə verdiyi o möhtəşəm sualda əksini tapmışdır: “Sən də mi riyakar olmaq istəyirsən?” Hər bir kəsin taleyi bu testə verdiyi cavabdan asılıdır).

Məktəblərimizdə “lənətə gəlmiş Babək” deyən tarix müəllimləri yetişibdir. Onlar gündə beş dəfə namaz qılandan sonra Babəkin ərəb istilaçılarına qarşı mübarizəsini uşaqlara öyrətməkdə çətinlik çəkirlər, ancaq hökumətin verdiyi puldan da imtina eləmək olmaz. O məşhur lətifədə deyilən kimi: “Başını aşağı sal, işini gör” (bilənlər bilməyənlərə danışsın, bizim imkanımız yoxdur yazaq). Primakovun inşa əhvalatını və bunun şəhidlərimizə təsiri söhbətini birtəhər adlatdıq getdi. Ancaq yuxarıda yazdığım kimi, millətin içində bu məsələdə o qədər dərin ziddiyyətlər yoxdur. Hər cür vəziyyətlə barışıb yaşaya bilərik, təki can sağlığı olsun, qazan qaynasın, dövlətçiliyimiz və sabitlik qorunsun. Ona görə də bir tərəfdən AXC-Müsavat liderlərini haqlı olaraq “satqın, xəyanətkar, yaramaz” adlandırar, sonra yenə haqlı olaraq həmin “satqın, xəyanətkar və yaramazların” mənzillərini remont edərik. Hətta satqınlar və xainlər dövlət təminatı (o məşhur teletamaşada deyilən kimi: DÖT) ilə əhatə olunursa, belə ölkədən kim inciyər? Bizim imkanımız vardır ki, hər bir kəsə mərhəmət göstərək. Canavara ət, dovşana kök, ata ot, müxalifətə - dəyirmi masa, aslana çizburger - budur siyasət! Akif Çovdarovun hər həftə apellyasiya idarəsinə ərizə verib azadlıq istəməsi bu baxımdan təbiidir. Yazıq neyləsin, görür hamı qayğı ilə əhatə olunub. Onun da qayğıya ehtiyacı var. El ağsaqqalıdır. Nurani qocadır. Yuxuya girsə, adama vergi verər. 

Ancaq özünütənqid də əsas istiqamətlərdən birinə çevrilməkdədir. Bu saat hamı çalışır ilk növbədə özünü tənqid eləsin. İki gün öncə Bakının müdiri icra hakimlərini toplayıb onlara özünütənqidlə məşğul olmağı tapşırıbdır. Sovetin dissident şairlərindən Lenin ordenli Bəxtiyar müəllim vaxtilə bu temada məşhur şeirini yazmışdı: “Bizim sənət dünyasının qırıq telli sazıyam, Bircə ondan razıyam ki, özümdən narazıyam”. Bah, bah. Həqiqətən şair yaman əziyyətlər çəkdi, ömrü sürgünlərdə keçdi, uşaqları işsiz qaldı, Şəkidə oxuduğu məktəbi buldozerlə uçurtmuşdular. Ey vah... (Bu yerdə müəllifin gözü dolur, bir ağız ulayaraq ağlayır. Arzu edirik onun müəllif təpəsinə bir yekə daş düşsün. Müəllif də bununla razıdır - red).

Ümumiyyətlə, indiki uşaqlar bilməz, özünütənqidin əsasını bu örüşlərdə hələ 1920-ci illərdə Stalin yoldaş qoyubdur. Deyirdi biz özümüzü tənqid eləməsək inkişafımız mümkün olmaz. Hərçənd sonra camaatı içəri basdı, özünü isə bütə çevirdi. Bu özünütənqid manyaklığı ta sovetlər dağılana qədər karikatur formada davam elədi. İndiki dövrümüzdə isə məncə özünütənqidin novator üsullarını tapmalıyıq. Təkcə söz azdır, yaxşı olar özünü tənqid edən məmurlar zəncir vursunlar, qamçı ilə yanbızlarına döysünlər, başlarını xəncərlə yarsınlar və sairə. Bu, həm də ənənələrimizə sadiqliyin örnəyi olardı.

İndi söz əlaqədar təşkilatlarındır - özünüzü tənqid edin. Qabaqdan gələn dirçəliş gününüz də mübarək olsun. İmkan eləyin, həmin gün Neməti içəri basın.

Новости автора