Свобода людям, независимость нациям!

Oynamağı kimdən öyrənəcəyik

“Rəqsi təlim ediyor axsaqlar,

Əzəmət düşkünüdür alçaqlar”.

(Hüseyn Cavid)

Uşaqlar universitetlərə imtahanları veriblər, indi ixtisas seçimini gözləyirlər. Bunun özü də əslində imtahan qədər çətin bir şeydir. Köhnə vaxta nə vardı? Qabaqcadan bilirdin ki, papanın verdiyi pul Narxozun buxçotuna, yaxud, ADU-nun yurfakına, nə bilim, AMİ-nin leçfakına və ya hansı institutun hansı, türkün məsəli, “fakına” bəs edir. Sentyabrda gedirdin o yerdən başlayırdın tələbə sayılmağa. İndi mürəkkəb məsələdir. Hər şeyi qruplara bölüblər (qrupbazlıq bizim qanımıza yeriyibdir), onların içində də çoxlu ixtisaslar var. Düzgün seçim eləyə bilməsən 600 balla çöldə qala bilərsən, əksinə, kiminsə uşağı 300 balla tələbə olub sənə toyda-xınayaxdıda yanıq verər.

Üstəlik, seçim elənəsi ixtisaslar ildən-ilə azalır. Keçən il bir sürü ixtisası ləğv eləmişdilər, bu il yenə çoxlu ixtisasın başına daş salındı. 2019-un fevral ayında Nazirlər Kabineti həmin ləğv edilən ixtisasların (bakalavr pilləsi üzrə) siyahısını açıqlamışdı. Qorxunc siyahı idi, yalan olmasın, faktiki heç zad qalmamışdı. Örnək üçün, təkcə 1-ci qrupdan 41 ixtisas çala-çala getmişdi işinin dalıyca. Özü də çoxu mühəndis ixtisasları idi, neft-qaz mühəndisliyindən energetika mühəndisliyinə, kosmik sənaye mühəndisindən canım sənə desin, geologiya mühəndisinə qədər. Əlbəttə, mən başa düşürəm, artıq biz dəqiq elmlər sahəsində hansısa yaradıcı mühəndis yetişdirmək arzusundan əl çəkmişik, bizə uzağı texniklər lazımdır, onu da peşə məktəbində başına-gözünə döyüb birtəhər oxutmaq olar. O cümlədən, başqa qruplardan baytarlıq, dünya iqtisadiyyatı, antropologiya, turizm və hotelçiliyin ləğv edilməsini anlayışla qarşılayırıq. Kimə lazımdır azərbaycanlı antropoloq? İnsanı öyrənmək bizdə ən mənasız işdir. Sən dünya iqtisadiyyatına nöyütdən başqa nə verirsən ki, hələ onun elmini oxuyasan? Uzun sözün qısası, Novruz müəllimin bahar təravətli əmrini alqışlayırıq, dövlət əmək bazarına baxaraq düzgün qərar qayırmışdır. Ancaq 5-ci qrupdan bir ixtisasın ləğvi, yumşaq yazsam, anlaşılmaz qərardır. Hesab edirəm bunun bizim dövlətçiliyə, ictimai-siyasi sabitliyə, monolit birliyimizə də mənfi təsirləri olacaqdır. Həmin ixtisas “rəqs müəllimliyi” ixtisasıdır. Yeri gəlmişkən, həmin qrupdan “estrada sənəti”, “xalq çalğı alətləri”, “məşqçi” ixtisasları da ləğv edilib, ancaq bizi düşündürən əsas rəqs müəllimi ixtisasıdır. Sözgəlişi, Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin müəllim də bu barədə narahatlığını kulis.az saytına bölüşmüşdür. Sitat: “Mənə elə gəlir ki, bu ixtisaslara belə münasibət hansısa “çinovnikin” səriştəsizliyindən və yaxud ambisiyasından irəli gələ bilər”. Ümid edək buna görə Timuçin müəllimi Çinə sürgün eləməzlər.  

Mən bu yaxında “20 yanvar” metrosunun üstündə bir minik avtomobilində gedən cavan qızları gördüm. Əl-qollarını pəncərələrdən çıxarıb oynaşırdılar. Ondan da bir gün sonra Biləcəridə Tiflisdən gələn qatardan düşən insanların elə perronda oynadığına şahid oldum. Yəqin nəhayət Azərbaycana gəldikləri üçün sevinirdilər. Ümumiyyətlə, ölkəmizdə hara baxsan oynayan adamlar görmək mümkündür. Parkda, idarədə, məktəbdə, avtobusda, damda, ağacda... Hətta camaat oynaya-oynaya intihar edir. Fikir versəniz, bizim dil yeganə dildir ki, bunda məşuqa və ya məşuqəyə “oynaş” deyirlər. Başqa münasibət olsa “mühəndaş”, “baytaş”, nə bilim, “qaynaş” (qaynaqçı peşəsinə istinadla) deyərdilər də. Demək millət oynamağı seçibdir. Bu bizim həyatda qalmaq üçün əsas fəaliyyət üsulumuzdur. Mövcudluq formamızdır. Mimikriya vasitəmizdir. Gördün məmur atılıb səni udmaq istəyir, dərhal başla oynamağa. Əl çəkir. Çünki bizdə oynayan adama ilan da dəymir. Bunun ata sözünü yaratmışıq: “Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get”.

Və belə olan şəraitdə (necə deyərlər) sən götürüb rəqs müəllimliyini ləğv eləyirsən. Bəs sabah bu yazıq camaata rəqsi epiqrafdakı kimi, “axsaqlarmı təlim edəcəkdir”? (Dəli şeytan deyir Artur müəllim vəzifədə qalsa bu ixtisası ləğv eləməzdi, çünki Hüseyn Cavidə qohumluğu çatırdı). Düzdür, elə təxribatçı şeirlər yazan adamı sürgünə basıb öldürmək, sonra onun üzünə duran şairlərin yeddi nəslinə vəzifə, medal, təqaüd kəsə bilərik, ancaq bu, çarə deyildir. Rəqs müəllimliyi ixtisası dərhal bərpa olunmalıdır.  Bu cür ciddi, dövlətçilik əhəmiyyətli ixtisası özfəaliyyət, qeyri-peşəkarlıq ümidinə buraxsaq gələcək nəsillər qəbrimiz üstündə yad rəqslərə oynayacaqdır!

İndi söz əlaqədar təşkilatların və oradakı rəqqaslarındır. Sizə mane olan nədir?

Новости автора