Свобода людям, независимость нациям!

Ölkənin qocalıq şəkli

“Əgər mən cavan olsaydım insan axmaqlığının tarixini yazardım, Makkeyb dağına dırmaşardım və başımın altına həmin əlyazmanı qoyub kürəyi üstdə uzanardım. Və torpaqdan həmin o insanları heykələ çevirən mavi-ağ zəhərdən götürərdim. Mən də heykələ dönərdim və kürəyi üstdə uzanıb dişlərimi qorxunc şəkildə ağardar, uzun burnumu göstərərdim - ÖZÜNÜZ BİLİRSİNİZ KİMƏ!”

(Kurt Vonnehut, “Pişik beşiyi”)

Deyir bütün dünyada, sosial şəbəkələrdə təzə tətbiq yayılıbdır, camaat özünün qocalıq şəklinə baxır. İndiki şəklini verirsən proqrama, qocalanda hansı sifətə düşəcəyini göstərir. Hətta amerikalılar bu fırıldaqda rus kəşfiyyatının barmağının ola biləcəyini xəbərdar edibdir. (Guya özləri onun-bunun məlumatını oğurlayanda, dünyanın işlərinə əl qatanda daha yaxşıdır). Mən sosial şəbəkələrdə yoxam, eşitdiyimə görə bu tətbiq internet çəpərinin bizim tərəfə düşən hissəsində də populyarmış.

Əcəb işdir. Görün bizim xalq necə optimistdir. Hamısı fikirləşir ki, haçansa qocalacağıq. Həkimlər dərdimizə əlac edəcək, dolanışıq, iqtisadi durum bəy kefində yaşamağımıza imkan verəcək, nəticədə uzun ömür sürəcəyik. İndi 20-30-40 yaşı olanlar (qocalığına “baxmaq” istəyənləri bu aralıqda zənn elədim, hər halda ümid edirəm 70-80 yaşlılar daha sonranı görmək istəməzlər) gələcəyə nikbin baxırlar. Əslində isə bizə qocalıq şəklimizi göstərən proqram yox, başqa tətbiqlər lazımdır.

Misal üçün, “əgər vəzifəyə keçsəm boynum neçə santimetr yoğunlayar” tətbiqi. Yaxud elə bir proqram kəşf etməliyik ki, gözümüzün doymaq limitini tapsın. Qonşu hansı marka maşını alsa dözə bilərəm, hasarım başqalarından nə qədər hündür olmalıdır, canım sənə desin, müxalifətdə neçə il qalmaq imkanım var, telekanalizasiyada işləsəm deyəcəyim yalanın həyasızlıq ölçüsü qırmızının hansı tonunda olar və sairə. Yoxsa qocalmaq... Bu çox mənasız şeydir. Özü də mən internetdə bir-iki məşhurun guya qocalıqda necə olacağına baxdım. Açıq görünürdü ki, proqram indiki sifəti çox süni formada qırışdırıb, saçı-saqqalı ordan-burdan ağardıb, yolub adamlara “qocalıq portreti” düzəldir. Qocalıq isə heç vaxt belə gəlmir. Elə o qırışlar çox zaman dərd-bəladan, qocalıqdan xəbər vermir ki. Yanılmıramsa, Mark Tvenin bir müdrik fikri var, deyir qırışlar sənin ən çox güldüyün yerlərdə yaranır. Şəxsi fikrimə gələndə, məncə üz qırışları ilə beyin qırışları arasında hardasa bir qarşılıqlı əlaqə var və indiki dünyada üzünü hamarlatmağa can atanların çoxu həm də içəridəki qırışları düzəldir. (Ümid edirəm beyin qırışlarının rolu haqda əlavə bilgi verməyə ehtiyac yoxdur).

Bir də qocalanda nə sifətdə olmağımıza yox, indi hansı üzlə yaşadığımıza baxsaq yaxşıdır. Dünən internetdə dövlət idarəsinə rəhbər qoyulan şəxsin tenderi öz keçmiş şirkətinə “uddurması” haqda yazı gözümə dəydi. Yaxud, görürsən kimsə dövlət universitetinə rektor qoyulur, dərhal prorektor, köməkçi, dekan, kafedra müdiri, hətta binanın qapıçısı kimi işlərdə qohum-əqrəbası, bacanaq-yeznələri, əmi-dayıuşaqları, xalaqızı, bibioğlu, bacınəvəsi, nə bilim, yengə və kirvələri peyda olur. Elə bil ayrı adam yoxdur. Ancaq irad bildirsən cavabı hazırdır: “Balaca ölkədir, nə edək, hamı qohum çıxır”. Özümdən uydurmuram, olmuş hadisədir. Vaxtilə bir məmuru yerlibazlıqda qınamışdılar, demişdi: “Vallah, kimi vəzifəyə qoyuruqsa sonradan bilirik həmin regiondandır. Sən demə ölkə əhalisinin yetmiş faizi oralıymış”.

Əgər 30 il qabaq Azərbaycanın indiki sifətini bizə təsvir edən proqram olsa, onu düşmən təxribatı sayar, kompüteri sındırardıq. (O vaxt hələ mobil telefonlar yox idi). Çünki biz onun belə “qocalacağını” fikirləşmirdik. Xəyallarımızdakı Azərbaycanın üzünə ən azı Qarabağ ləkəsi düşməmişdi. Orda-burda sızanaqlar çıxırdı, xırda cızıqlar vardı, ancaq biz onları yeniyetmə, gənc, müstəqilliyin toy otağına, gərdəyinə girməyə hazırlaşan ölkəmiz üçün müvəqqəti, keçici hal olaraq görürdük.

İndi üzümüzə baxacaq üzümüz yoxdur. Bu tətbiqi çox amansız proqramçı yapıb...

Новости автора