Свобода людям, независимость нациям!

Oğrudan oğruya halallıq

“- Qocaların yeni dəstəsidir? - Ostap soruşdu.

Bunlar yetimlərdir, - Alxen cavab verdi, müfəttişin çiynini qucaqlayıb onu mətbəxdən bayıra basdı və gizlincə yetimləri yumruğu ilə hədələdi.

Volqaboyu uşaqları?"

(İlf və Petrov, “12 stul”)

Bir almaniyalı jurnalist yazıb ki, Bakıda keçiriləcək “Arsenal”-"Çelsi" final oyununa 100 dənə bileti azərbaycanlı kasıb uşaqlarına bağışlayıblar. Kim bağışlayıb? Əlbəttə, azərbaycanlı məmurlar. Zarafat edirəm. Bizdə kasıb balalarına dövlət qayğısı var, onlara top qovmağa imkan verə bilmərik. O işlə məmurların qohum-əqrəbaları, tanış-tunuşları məşğul olurlar. Deyir alman futbol komandası “Ayntraxt”ın azarkeşləri öncədən finala bilet alıbmışlar, lakin sevimli komandaları yarımfinalda uduzduğundan daha Bakıya gəlməkdən vaz keçiblər. Bəs 100 bilet hansı azərbaycanlı kasıb uşaqlarına paylanıb? Təəssüf ki, bu haqda da xəbərdə heç zad yox idi. Böyük ehtimalla onlar da elə məmur uşaqları olmuşdur, çünki bizdə yalnız dövlətə qulluq edən məmurlar kasıbdır. Ancaq maaşla yaşayırlar yazıqlar...

Eyni zamanda mənim yadıma gəlir, almanlar Bakıda “Evrovızqon” manıs yarışması keçirilərkən də bizə təxminən buna bənzər jest eləmişdilər: onlarla alman musiqi həvəskarı ordan Bakıya qədər maşın sürüb gəlmişdilər, burda isə həmin maşınları qaçqınlara, məcburi köçkünlərə bağışlayıb getmişdilər. Ancaq hökumətimiz o maşınları Binəqədi tərəfdə bir çöllükdə yığıb saxladı, hamısını çürütdü, dağıtdı, kasıblara vermədi. Səbəbini bilən olmadı. Hətta belə şaiyə yayılmışdı ki, guya maşınlar gömrük rüsumu ödənmədiyindən bağışlana bilməzmiş.

Mən isə bütün bu əhvalatlarda təxribat, dövlətçiliyimizə sataşmaq cəhdləri görürəm. Almanlar işarə vurur ki, guya Azərbaycanda azı 100 dənə kasıb uşaq var, futbola özləri bilet almaq imkanından məhrumdur. AzTV-nin bir vaxtlar yaydığı “Almaniya dağılır” reportajlarının heyfini çıxırlar. Boş söhbətdir. Bizim bu dəqiqə istənilən idman yarışını, hətta qalaktikalararası şahmat turnirini keçirtmək imkanımız varsa (Nyu Şəmkirdə təxminən keçirilir), yüz bileti də özümüz alıb nazirlərin uşaqlarına verərik. Sözgəlişi, məşhur alman futbolçusu Berti Foqts müəllimi neçə il Bakıda milyonlarla avroya işlətmədikmi? Heç bir nəticə yox idi, ancaq biz onu buraxmırdıq, pulla satın almışdıq. Əsas ona görə ki, almanları özümüzə işlətdiyimizi dünya ictimaiyyətinə sübut edək. Lakin nədənsə dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də dözür. Eybi yox, hamının qisası haçansa alınır.

Misal üçün, bugünlərdə bizim bir məhkəmə prosesindən gülməli reportaj yaymışdılar. Cindarlar, falçılar bir zənən xeylağını aldadıb 57 min dollarını, 15 min funt sterlinqini, 600 qram qızılını, xeyli manatını əlindən alıblar. Ümumilikdə 217 min manatı qopardıblar. 21-ci əsrdə hələ də cindar, falçı kimi tiplərə inanan “qazlar” varsa, bəlkə də onların yolunmasına halal iş kimi baxmalıyıq. Ancaq əhvalatın detalları yolunma aktında hansısa mistik ədalətdən də xəbər verir, çünki zərərçəkmişin bu pulları hardan qazanması sualı ortaya çıxır. Sən demə, bunun əri “özəl” şirkətlərimizdən birində şöbə müdiri imiş. Həmin şirkəti niyə dırnaq arasında “özəl” yazıram, çünki bunun yiyəsi də elə həmin “özəl-mözəl” işlərinə baxan dövlət idarəsi müdirinin yaxın qohumudur. Səbəb-nəticə, quyu-qazan, oğrudan oğruya halallıq əlaqələrinin bariz nümunəsinə şahid olmuşuq. Dövlət məmuru camaatı soyub şirkət qurmuş, həmin şirkət ev tikərkən camaata ikiqat zülmlər eləmişdi. Sonra cindarlar təbiətin göndərdiyi bəla şəklində ortaya çıxıb şirkətin şöbə müdirini soymuşdur. Təbii, pullar falçılarda da qalmayacaqdır, hakim yoldaşlar, prokuror müəllimlər özlərinə görə gələcəkdən xəbər vermək qabiliyyətinə malik deyillərmi?

Yaxşı yadıma düşdü, görəsən, MTN şefi Eldar müəllim Metro Tağının 3 milyon dollarını qaytardımı? Qaytarmayıbsa, almanlardan xahiş edək, biletin birini Tağı müəllimə versinlər. Kasıb adamdır, ta qabaqkı kimi tədbirlərə gedə bilmir. Eldar müəllimin üzündən...

Новости автора