Свобода людям, независимость нациям!

Normal adamlar üçün

“Burda oturma, orda otur,

Cəhənnəmdə, gorda otur!"

(Azərbaycan ata sözü)

Bir nəfər aşıq hovuzda paltarlı çimənlər üçün saz çalıbdır, millət bunu tənqid edir, deyirlər nə üçün sazımızı orda mənəvi baxımdan islatmısan. Guya biz indiyə qədər hər bambılı üçün saz çalmamışıq. Ancaq mənə aşığın cavabındakı bu yer ləzzət elədi: “Onlar nə nazir, nə deputat idilər. Adi, normal adamlar idi”. Məntiqlə, aşıq deputat və nazirlərimizin qeyri-adi, anormal olmasına işarə vurur. Haqq aşığı dedikləri bu olmalıdır. Ya da belə: aşıq gördüyünü çağırar.

Əlbəttə, mən aşığın fikirlərini bölüşməkdən uzağam, nazir və deputatlarımız haqda da yüksək fikirdəyəm. Nə qədər ki, onlar işdən çıxarılmayıblar, bu yüksək fikir də dəyişməyəcəkdir. Çıxartsınlar, ondan sonra baxarıq. İndiki halda dövlət rəhbərliyi onlara etimad göstəribsə, biz niyə tərs fikirlərə düşək? Doğrudur, hələ 200 il qabaq Bonapart Napoleon müəllim “Mənim üçün bir qəzet üç batalyondan irəlidir” tipində afyorizm işlətmişdi, ancaq onun axırını gördük. Qəzetlərin, jurnalistlərin, kütləvi informasiya vasitələrinin yazdıqlarına, tənqidlərinə qəti fikir vermək lazım deyildir. Hətta əksini eləmək vacidbir - gördün kimisə çox tənqid edirlər, deməli, o adam daha yaxşı işləyir. Bizim dövlətdə iş prinsipi bu cürdür. Üstəlik, onsuz axırda pul oğurlayıb qaçan nazirləri elə özün tutub dama salmalı olursan, elədirsə qəzetçinin zəvzəməyi, boşboğazlığı niyə diqqətini çəksin?

Xalqın hovuzda paltarlı çimənlərə mənfi münasibəti də başadüşülən deyildir. Paltarsız çiməndə deyirlər əxlaqsızdırlar, paltarlı çiməndə ələ salırlar. Bəs necə çimmək lazımdır? Molla Nəsrəddinin eşşəklə yol getməyi əhvalatının müxtəlif versiyalarını hər gün yaşayırıq. Hökumət yas yerində yemək-içmək verilməsini qadağan eləmək istəyirdi, uca şeyximizin mərasim evi biznesinə görə çox üstünə gedə bilmədilər. (Hələ ki şeyxin barıt qabı tam yaş olmayıbdır, bir də gördün nəyəsə lazım oldu). Nəticədə ölkəmizdə ehsan məsələsində milli birlik pozulubdur. Görürsən hansısa rayonda mərhumun cümə axşamı münasibətilə dana kəsirlər, süfrəyə qara kürüdən osetrin kababına, üzümdən banana, avokadodan manqoya qədər min cür nemət düzürlər, başqa rayonda isə ölü yerində, aşığın sözü olmasın, “adi, normal” dovğa tapılmır boğazını yaşlayasan, bir yuxa qırığı olmur gözünün yaşını siləsən. Bu da bizim milli dövlətçiliyimizə, dünya azərbaycanlılarının qarşıdan gələn beynəlxalq həmrəylik gününə ziddir. Biz ehsan, çimmək, hovuz qırağında hansı mahnını zakaz eləmək, manısın qızı əri ilə çimərlikdə öpüşərsə məkruhdurmu və sairə - bunların hamısı üzrə çəkici bir nöqtəyə vurmasaq, bir fikrə gəlməsək, milli ideologiyamızı formalaşdırmasaq yaşamağımız mənasızdır. İndi söz əlaqədar təşkilatlarındır. Yəni, onlar müvafiq sərəncam və fərmanlarını versinlər, biz yazımıza davam edək, tema çoxdur, isti təpəmizi deşməmiş hamısını müzakirə eləməliyik.

Toydan söz açılmışkən, xarici işlər nazirimizin oğluna Amerikada toy eləməsi də müəyyən qədər mübahisələrə səbəb oldu. Camaat deyir gəlsin burdakı şadlıq sarayında evlənsin, niyə bizim ölkəni bəyənmir. Ancaq insafən xarici işlər nazirinin oğlu elə xaricdə evlənməlidir, çünki bunun bütün tanış-tunuşu, toyuna gedib pul yazdırdığı adamlar xaricdə yaşayırlar. Başqa nazir olsa qınayardıq. O cümlədən, biz arzu edərdik müdafiə naziri gələcəkdə uşağına Şuşada, “İsa bulağı” şadlıq sarayında, ya da İrəvanda “Göyçə gölü” restoranının sütunsuz salonunda toy çaldırsın. Görün nə gözəl arzulardır. (Bu arzularıma görə KİVDF-dən sərin ayran yardımı gözləyirəm).

Ancaq millətin Nyu Yorkda keçirilən toya görə narahatlığını da təbii qəbul eləməliyik, çünki ora yad yerdir, bizim toyların isə xınayaxdı, ciyər axşamı, yengə və sairə milli adət-ənənələri vardır. Bunları Manhettendə həyata keçirmək müəyyən qədər çətindir. Nazir milli adətlərə əməl etməsə, sabah xalqdan nə umaq?

Новости автора