Свобода людям, независимость нациям!

Niyə bir gözümüz güləndə, digəri ağlamalıdır?..

Avropa Birliyi ilə Azərbaycan arasında əhatəli sazişin ən yaxşı halda payızda imzalanacağı deyilsə də biz də “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı Brüsseldə keçirilən toplantıya diqqət kəsilmişdik.

Bəli, 25 il bundan əvvəl “Sülh naminə tərəfdaşlıq proqramı”, 10 il bundan irəlisə “Şərq Tərəfdaşlığı Təşəbbüsü” - bunlar bəzi keçmiş sovet ölkələrinin Qoca Dünyaya çoxpilləli və çox uzun çəkən inteqrasiya prosesinin iki ən mühüm mərhələləridir.

Proses hələ də davam edir və dəqiq məlum deyil ki, o, nə nə qədər çəkəcəkdir; qalan əski sovet ölkələri nə vaxt Avropanın həqiqətən də ayrılmaz və təbii bir hissəsi olacaqlar və ümumiyyətlə, bu, nə vaxtsa baş verəcəkmi?..

Bilmirik. Maraqlısı budur ki, bu mürəkkəb prosesin məzmunu və xüsusən də tempi heç də yalnız Avropa institutlarından və siyasətçilərindən asılı olmayıb və bir çox hallarda əski sovet ölkələrinin bir hissəsinin özlərinin də istəyi belə olubdur; kimini Kremlin mümkün təzyiqləri çəkindirib, kimini də Avropanın yaxınlaşması ilə yaxınlaşacağı güman edilən “ikinci demokratiya dalğası” qorxudubdur...

Amma “Zaman hər şeyi, ən bulanıq suları belə duruldur” deyiblər. Həqiqətən də bir müddət keçəndən sonra avro-inteqrasiya prosesində də üstün tendensiya sezilməyə başladı. Bəzi sovet ölkələri “ölmək ölməkdir, xırdalamaq nə deməkdir?” deyib Avropa ilə Rusiya arasında birmənalı seçim etmək qərarına gəldilər.

Ona görə də ən azı coğrafi baxımdan heç vaxt Avropa olmayacaq (halbuki AB-nin proqramlarını hətta Uzaq Şərqə qədər davam etdirməyi təklif edənlər var) Mərkəzi Asiya ölkələrini nəzərə almasaq, bu ümumi tendensiyadan kənarda qalan iki ölkə var: Azərbaycan və Belarus...

Gəl, bu ikiliyin özündə də müəyyən fərqlər nəzərə çarpır: Belarus prezidenti tədbirə qatılmamışdı, amma Azərbaycan sammitdə ən yüksək səviyyədə, prezident və xarici işlər nazirilə təmsil olunmuşdu.

Amma yubiley sammiti heç də ürəkaçan sonluqla bitmədi. Hələ buna qədər bir sıra erməni mənbələri israr edirdi ki, guya AB ilə Bakı arasında çox ciddi anlaşılmazlıq var və bu səbəbdən də AB ilə sazişin imzalanması yubanır; guya ki, AB sazişə Azərbaycanın ərazi bütövlüyü haqqında maddənin salınmasına razılıq vermir...  

Doğrusu, əvvəl bunu ciddi qəbul etmirdik, çünki indiyədək AB funksionerləri bu xüsusda hər hansı açıqlama verməyiblər, əksinə, hər vaxt prosesin mövcud Minsk Qrupu çərçivəsində və beynəlxalq hüquqa uyğun çözülməsinə dəstək ifadə ediblər. Cəmi bir-iki ay bundan öncə Brüssel də N.Paşinyanın danışıqlar formatının genişləndirilməsilə bağlı sərsəmləmələrinə “yox” demişdi.

Amma sonuncu gün belə məlum oldu ki, sammitin yekun bəyannaməsinə iştirakçı dövlətlərin ərazi bütövlüyünə dəstək ifadə edən maddə salınmayıb və Azərbaycan da özünün veto hüququndan istifadə etməli olubdur və nəticədə də sənədi yalnız F.Mogerini imzalamalı olub...

Onda belə çıxır ki, erməni mənbələri qismən haqlı imiş. Fəqət, onlar bilməlidirlər ki, ərazi bütövlüyünə dəstək olmayacağı təqdirdə AB ilə heç bir saziş imzalanmayacaq və bu, Azərbaycan üçün fəlakət olmayacaq, çünki digər iştirakçılardan fərqli olaraq Bakının Brüsseldən hansısa bir maliyyə umacaqları yoxdur və Azərbaycan bu prosesə Ermənistandan fərqli olaraq dilənmək məqsədilə yox, bərabərhüquqlu bir üzv kimi daxil olmaq istəyir...

Əlbəttə, bütün hallarda ürəklərdə müəyyən boşluq qalır. Axı bizim bəxtimiz niyə həmişə gətirmir? Doğrudanmı Azərbaycan o qədər böyük bir ölkədir ki, bunu da hissələrə parçalamaq istəyirlər?..

AB ilə saziş, məsələn, bizim gənclər üçün yeni təhsil proqramları, insanlarımız üçün son nəticədə vizasız gediş-gəliş, biznes adamları üçün yeni bazarlara deməkdir. İnanmazsınız, Moldova kimi ölkə artıq Avropa bazarlarına çıxmaqdadır...

Amma ən başlıcası odur ki, Avropa ilə hər saziş o deməkdir ki, Azərbaycan heç vaxt özünün despotik keçmişinə dönməyəcək, neftlə zəngin bəzi ərəb ölkələri kimi olmayacaq. 

Fəqət, nə etmək olar? Görünür, taleyin gərdişi belədir; bizim bir gözümüz güləndə o birisi mütləq ağlamalıdır. Sanki Avropa ölkələri xüsusi cəhdlə Azərbaycana və Türkiyəyə münasibətdə həssas nöqtələr arayırlar ki, onların köməyilə bu iki ölkəyə “yox” deyə bilsinlər.

Türkiyəyə münasibətdə onu çoxdan tapıblar, Azərbaycan üçün də çox güman ki, bu nöqtə Dağlıq Qarabağ problemi olacaqdır: bizdən ya vəd qoparmağa çalışacaqlar ki, heç bir halda müharibə məsələsini ağlımıza belə gətirməyəcəyik, ya da bəhanə edəcəklər ki, Dağlıq Qarabağ üçün konkret status müəyyən olunana qədər onlar bizim ərazi bütövlüyümüzə açıq dəstək ifadə edə bilməzlər, necə ki, bir neçə il bundan əvvəl BMT TŞ-də Azərbaycan ərazi bötüvlüyü müzakirəyə çıxarılarkən üç həmsədr ölkə bitərəf qaldmışdı - bəli, inanılmazdı, amma belə olmuşdu...

Новости автора